Qəzet yayımında ciddi problem

Redaktorlar həyəcan təbili çalır

Son günlər Bakıda qəzet satışı ilə bağlı ciddi problemlər yaranıb. Meriya səyyar satışa əngəllər yaradır, köşklərin sayı günbəgün azaldılır. Bakı Şəhər Icra Hakimiyyətinin quraşdırdığı yeni köşklərdə isə qəzet satışına həvəs göstərilmir.
“Bir köşkün götürülməsi belə, qəzetin satışına təsir edir”
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev hesab edir ki, bir köşkün götürülməsi belə, qəzetin satışına mənfi təsir edir. Açıq görünür ki, qəzet satışını mümkün qədər məhdudlaşdırmağa çalışırlar. Bu da hökumətin bir siyasətidir. Müxtəlif bəhanələrlə köşkləri yığışdırırlar. Hakimiyyət azad mətbuata təzyiqin yeni bir üsulunu tətbiq etməyə başlayıb. Bu, həyəcan doğuran vəziyyətdir. Hesab edirəm ki, azad mətbuatın olmasını istəyənlərin hamısı bu siyasətə qarşı çıxmalı, səyləri birləşdirməlidir”.
“Bu gedişlə tiraj problemi yarana bilər”
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu da, məlum hadisələrin qəzetin satışına mənfi təsir etdiyini deyir: “Düzdür, hələ vəziyyət kritik deyil, amma bu gedişlə tiraj problemi yarana bilər”.
“Bu, bütün qəzetlər üçün zərbədir”
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, bu, onsuz da zəif olan satışa çox pis təsir edir: “Çox pis mənzərədir. Son hadisələr onsuz da zəif olan satışa çox pis təsir etdi. Bu bütün qəzetlər üçün zərbədir. Şəhərdə yeni, çox gözəl köşklər quraşdırılıb. Biz həmin köşkləri görəndə sevinmişdik ki, qəzet satışına müsbət təsir edəcək. Təəssüf ki, köşklər ümidimizi doğrultmadı. Bu köşklərdə qəzetdən başqa hər şey satılır. Özü də heç bir yayım şirkəti həmin köşklərin kimə, hansı instansiyaya məxsus olduğunu təyin edə bilmir.
Məsələyə Mətbuat Şurası da reaksiya verib. Şura üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Mediaforum”a bildirib ki, Bakı Şəhər Icra Hakimiyyəti qəzetlərin həm köşklərdə satışına, həm də səyyar yayımına maneə törədir: “Il ərzində mütəmadi olaraq bu barədə şikayətlər daxil olur. Qəzet köşklərinin sayı azaldılır, insan axınının gur olduğu yerlərdə qəzet satışına maneələr yaradılır, hətta köşklər bağlanır. Qəzet satışına kömək üçün Bakı Şəhər Icra Hakimiyyətinin Milli Parkda avtomat qəzet satan aparatlar quraşdırması yaxşı olardı. Mətbuat yayımına kömək etmək istəyiriksə, o formada aparatların quraşdırılmasının zamanı çatıb. Əl yayımı ilə bağlı işi bir özəl yayım təşkilatı öz üzərinə götürməlidir. Əldə qəzet yayacaq insanlarla müqavilə imzalanmalı, onlara lisenziya verilməlidir. Bu zaman proses qanuniləşir və Mətbuat Şurasının əldə qəzet yayanların haqlarını müdafiə etməsinə hüquqi cəhətdən tutarlı əsas yaranır. Istər Milli Parkda, istərsə də insanların çox olduğu digər yerlərdə, dayanacaqlarda qəzet satan avtomatlar quraşdırılmalıdır ki, vətəndaşlar həmin yerlərdə də qəzet əldə edə bilsinlər, özü də asanlıqla, xırda pul atmaqla. Bütün yayım təşkilatları ilə meriya dediyim məqamları nəzərə alıb qarşılıqlı razılığa gəlməlidir”.