Rauf Denktaşın son sözləri: “Müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin!”
Dərviş Eroğlu: “Ona layiq olacaq, onunla qürur duyacağıq!”.
Sərdar Denktaş: “Xəstə yatağında atamın qulağına həmişə onu pıçıldayırdım ki…”
Quzey Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaş dünyasını dəyişib. Yanvarın 8-də vəziyyəti ağırlaşdığı üçün “Yakındoğu” universitetinin xəstəxanasına çatdırılan Denktaş yanvarın 13-ü səhər süni tənəffüs aparatına, axşama yaxın isə dializ cihazına qoşulmuşdu. Elə həmin axşam da R.Denktaş dünyasını dəyişib. Denktaşın vəziyyəti hələ ötən ilin mayından pisləşmişdi. Həmin vaxt xəstəxanaya aparılan Rauf Denktaşın beyninə qan sızmış və onun sol tərəfi iflic olmuşdu. Oktyabrın 29-da xəstəxanadan evə buraxılarkən bayıra çıxmış və “Mənim barəmdə “ölür” deyirdilər, bayıra çıxdım” demişdi. Bir neçə gündən sonra 88 yaşı tamam olacaq mərhumun cənazəsi yanvarın 17-də torpağa tapşırılacaq.
Denktaş kim olub?
Rauf Denktaş 1924-cü il yanvarın 27-də Kiprin Baf bölgəsində dünyaya gəlib. Atası hakim olan və 1.5 yaşında anası vəfat edən Denktaşa 6 yaşına qədər nənəsi ilə babası baxıb. Rauf Denktaş 1930-cu ildə təhsil üçün İstanbula göndərilib. İbtidai və orta məktəbi İstanbulda oxuyan R.Denktaş Kiprə qayıdaraq litseyi burada bitirib və II dünya müharibəsinin başa çatması ilə hüquq təhsili üçün İngiltərəyə gedib. Ali təhsilini bitirdikdən sonra bir müddət vəkillik edən R.Denktaş 1949-cu ildən işinə prokuror kimi davam edib. Eyni il Aydın xanımla ailə həyatı qurub. Denktaş 1948-ci il Kipr türklərinin təşkil etdiyi ilk mitinqdə Dr.Fazil Kiçik ilə natiq kimi iştirak edib. Adada türk icmasının liderlərindən olan Faiz Kaymak və Fazil Kiçik arasında vasitəçilik edib və daha sonra hər iki liderin də məsləhəti ilə Kipr Türk Qurumları Federasiyasının sədri seçilib. 1955-ci ildə “Enonis” (Kiprin Yunanıstana birləşdirilməsi) və EOKA (Milli Kipr Döyüşçüləri Hərəkatı) qarşısında Kipr türklərinin müqavimətinə istiqamət verən Denktaş 1958-ci ildə hökumətdəki vəzifəsindən istefa verib. Eyni il yoldaşları ilə birlikdə Türk Milli Müqavimət Hərəkatını yaratıb.
1958-ci ildə R.Denktaş Fazil Kiçiklə birlikdə Ankarada Türkiyənin xarici işlər naziri Fatin Rüşdü Zorlu ilə görüşdü. Bu görüşlər vaxtı Denktaş adaya türk hərbçilərinin göndərilməsi fikrini irəli sürüb. 1964-cü ildə Denktaşın adaya getməsinə qadağa qoyuldu. Buna baxmayaraq xəlvəti adaya gedərək döyüşlərdə iştirak edib. 1967-ci ildə yenə də adaya gizlicə girmək istədiyi vaxt həbs olunub. Türkiyənin cəhdləri ilə həbsdən buraxılıb və 1968-ci ildə adaya giriş qadağası ləğv olunub. 1970-ci il seçkisində Türk İcması Məclisinin sədri seçilib. 1973-cü il fevralın 28-nə qədər Kipr prezidentinin müavini və Kipr Türk İdarəsinin sədri olub. 1975-ci il fevralın 13-də Kipr Türk Federal dövlətinin elan edilməsindən sonra prezident və parlamentin spikeri olan Denktaş 1976-cı ildə keçirilən seçkidə prezident seçilib. 1981-ci ildə yenidən bu vəzifəyə seçilib.
1990-cı il aprelin 22-də və 1995-ci ildə prezident seçilən Denktaş 2005-ci ildə namizəd olmayaraq vəzifəsini Mehmet Əli Tələtə təhvil verib. Rauf Denktaş siyasətçi olmaqla yanaşı, həm də yazıçı və fotoqraf idi. Bir neçə kitabı işıq üzü görən QKTC-nin ilk prezidenti “Yeniçağ” qəzetində köşə yazıları yazır və “Avrasiya” telekanalında “Denktaşın gündəmi” adlı veriliş aparırdı. Böyük liderin Azərbaycana sevgi və sayğısı böyük idi. O, ölkəmizdən Quzey Kiprə gedən nümayəndə heyətlərini böyük hörmətlə qəbul edər, onlarla maraqlı söhbətlər aparardı.
Denktaşın son sözləri “Müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin” olub. Türkiyə mətbuatının yaydığı məlumata görə, Denktaş bunu son anlarında qızına deyib. Ölüm xəbəri açıqlanan kimi QKTC prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Küçük, Türkiyənin Lefkoşadakı səfiri Halil İbrahim Akça, Türkiyə sülhməramlı qüvvələrinin komandanı general Adəm Huduti xəstəxanaya gediblər. Bundan başqa xəstəxananın qarşısına minlərlə insan toplaşıb.
“Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik”
Mətbuat konfransı keçirən QKTC prezidenti Dərviş Eroğlu çıxışına “Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik” sözləri ilə başlayıb. Eroğlu “Kipr qəhrəmanının” ölümü səbəbilə Türk dünyasına başsağlığı verib. “Kipr türklərinin və Türklük dünyasının başı sağ olsun. Tarix Denktaşı yazacaq, şəxsi həyatını bir kənara ataraq apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq”.
Rauf Denktaşın oğlu Sərdar Denktaş da atasının vəfatı ilə bağlı Denktaşsevərlərə başsağlığı verib: “Atam əvvəllər itirdiyi üç övladına, şəhid mehmetciklərə, mücahidlərə qovuşdu. Xəstə yatağında atamın qulağına həmişə bu sözləri pıçıldadım: “Bir dövlət qurdun, türk azlığını xalqa çevirdin”.
Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan Rauf Denktaşın ailəsinə başsağlığı verib. Rauf Denktaşla vidalaşma mərasimi Quzey Kipr Cümhuriyyət Məclisinin binasında keçiriləcək.
Azərbaycan da başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev də R.Denktaşın ölümü ilə bağlı Quzey Kiprin prezidenti D.Əroğluna başsağlığı verib. Dövlət başçısı Şimali Kipr Türk Respublikasının ilk prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Rauf Denktaşın vəfatından olduqca kədərləndiyini bildirib və dərin hüznlə başsağlığı verib.