Qazaxıstan müxalifəti meydanlara enəcək
Qazaxıstan müxalifəti ölkə prezidenti Nursultan Nazarbayevə ultimatum ünvanlayıb. Milli Demokrat Partiyasının sədri Jarmaxan Tuyakbay yanvarın 15-də keçiriləcək parlament seçkiləri zamanı saxtakarlıq hallarının baş verəcəyi təqdirdə kütləvi etiraz aksiyalarına başlayacaqlarını bildirib.
Partiya sədri Almatıda tərəfdarları ilə görüşü zamanı hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmamağa çağırıb. 17 yanvar seçkisinə qatılacağını, xalqın verdiyi səslərin oğurlanması zamanı isə meydanlara çıxacaqlarını deyən Tuyakbay bundan sonra keçiriləcək seçkilərə qatılmayacağını da söyləyib. Seçki nəticələrinin rəsmən açıqlanacağı gün, yəni yanvarın 17-də Mərkəzi Seçki Komissiyası önündə aksiya keçirmək üçün hakimiyyət qurumlarına müraciət etdiklərini bildirən müxalif lider qanunlarda göstərilən etiraz hüquqlarından istədikləri yerdə, istədikləri şəkildə istifadə edəcəklərini vurğulayıb.
Xatırladaq ki, Qazaxıstan Məclisi üçün keçiriləcək millət vəkili seçkilərində 107 nəfər millət vəkili adını qazanacaq. Ekspertlər seçki yarışına qatılacaq 7 partiya içərisində hazırda iqtidar olan Nur Otan Partiyasının qələbə qazanacağını bildirir.
Informasiya şöbəsi