Əliyev komandasının möcüzəsi

Nəyə desəz and içə bilərəm ki, Azərbaycan hakimiyyətinin mövcudluğunu sürdürməsi möcüzədir. Təkcə ona görə yox ki, Əliyev iqtidarı dünyadakı böyük axının əleyhinə üzür, ölkəni repressiv təzyiqlər altında saxlayır, bütün fundamental azadlıqları məhdudlaşdırır, birmənalı olaraq “talamaq, yığmaq, dağıtmaq” şüarı ilə yalnız bu gününü düşünüb dövlətin qəsdinə durur; həm də ona görə ki, hakim komandanın özü dəhşətli bir mübarizə, düşmənçilik içərisində və param-parçadır – nə qanun işləyir, nə əməkdaşlıq var, nə də “komanda mübarizəsi”. Məsələn:

1. MTN – düşməndir
Xüsusi Dövlət Mühafizə Xidmətinin iki keçmiş əməkdaşının dünən ictimaiyyətə açıqladığı faktlardan bəlli oldu ki, onların işdən qovulmalarının səbəbi Milli Təhlükəsizlik Nazirliyinin “casusu” olmalarıdır. Bəla burasındadır ki, hər iki keçmiş əməkdaş bu faktı təkzib edirlər, MTN-ə işləmədiklərini açıqlayırlar, şərləndiklərini deyirlər.
Tutaq ki, XDMX-nin əməkdaşları Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edirlər və yaxud bu iki şəxs mühafizədə MTN-in adamlarıdırlar. Nə olsun? Nə faciə baş verir? Dövlət Mühafizə Xidməti mühüm vəzifə daşıyıcılarını, strateji obyektləri təxribatçılardan, terrorçulardan qorumurmu? Milli Təhlükəsizlik Nazirliyinin görəvi də odur ki, baş verə biləcək təxribatların, terrorun, milli təhlükəsizliyə xələl gətirən halların qarşısını alsın. Belədə XDMX ilə MTN arasında əməkdaşlıq və yaxud MTN-in öz adamlarını həm də XDMX-ə yerləşdirməsi niyə qəbahət olmalıdır? MTN hansısa xarici ölkənin xüsusi xidmət orqanıdırmı ki, XDMX-dəki hansısa şəxsin MTN-ə bağlılığı faciəyə çevrilsin?
Görün, ölkə hansı durumdadır, görün bizi kimlər qoruyur? Bu dövlətin milli təhlükəsizliyinə cavabdeh qurumun xəfiyyələrinə nəinki xalq, hətta eyni komandada təmsil olunduqları dövlət strukturları da “casus”, “şpion”, “xain”, “düşmən” kimi baxır və onları dərhal öz sıralarından xaric edirlər. Səbəb nədir? Əgər MTN üzərinə düşən missiyanı həyata keçirməklə məşğuldursa, Dövlət Mühafizə Xidməti onların yardımından niyə imtina etməlidir? Və yaxud: XDMX öz işiylə məşğuldursa, MTN-in ona nəzarət etməsindən niyə narahat olmalıdır?
Deməli, MTN təhlükəsizlik yardımı göstərmək, informasiya mübadiləsi aparmaq üçün yox, “kompromat toplamaq” məqsədilə xəfiyyələrini ora göndərir; XDMX isə kənar əməllərinin gizli qalması dərdini çəkdiyindən, öz sıralarından “MTN-çiləri” qovur və iki qurumun didişməsi qızışır.
2. DIN – qanunsuzluq yuvası
Yox, heç də Hacı Məmmədov olayını xatırlatmayacağam, yol polisi əməkdaşlarının rüşvət alması ilə bağlı son günlər internetdə yayılan videoçarxı misal gətirəcəm. Guya Daxili Işlər Nazirliyi o məsələyə dərhal reaksiya verdi, rüşvətxor yaramazları işdən qovdu. Rüşvətxor işdən qovulmaqla canını qurtarmalıdırmı? Bu xarabanın qanunu, “rüşvətə qarşı mübarizəsi” yoxdurmu? O polislərin yığdıqlarını ötürdükləri “yerlər” barədə niyə məhkəmə etirafları olmamalı və rüşvət sistemindəki aparıcı simalar üzə çıxmamalıdır?
Bu sualları bir kənara buraxıram – onsuz da ölkədəki sistem başdan-başa korrupsiya və rüşvət üstündə qurulub!
Diqqəti çəkən ayrı məsələdir: o videoçarxı kim çəkib, mətbuata kim ötürüb və hamımıza bəs-bəlli reallıqları fakta çevirməklə DIN-dəki rüşvət kompromatlarını Usubovun nəzərinə hansı məqsədlə çatdırıblar? Hansı qurum DIN-ə qarşı biabırçı faktlara malik olduğunu nümayiş etdirmək istəyib?
3. Təhsil Nazirliyinin fiaskosu
Təhsil Nazirliyi bir müddət öncə müəllimlərin diplomlarının yoxlanılmasına başladı və saxta diplomlu çoxsaylı “müəllimlər” ordusunu aşkarlayıb, “yaramazları” işdən qovdu. Onları işə kim götürmüşdü? Yerli təhsil şöbələri işə müəllim götürəndə niyə diplomlarının saxta olduğunu “görməmişdilər”? Saxta müəllimləri saxtakarlıqla işə götürən Təhsil Nazirliyinin rəsmiləri niyə cəzalandırılmadı?
Bu sualların da üstündən adlayaq. Bəs, qovulan müəllimlər necə olur ki, məhkəmə qərarı ilə işə bərpa olunurlar? Təhsil Nazirliyinin ipini çəkib yerində oturdan və bu cür “işəbərpalara” normal yanaşmağa vadar edən hansı qurumdur, hansı şəxsdir? Hansı dövlət qurumundan qovulanlar bu cür total şəkildə geri qaytarılıb? Ədliyyə Nazirliyinin Misir Mərdanovun üstünə yeriməsinin səbəbi nədir?..
Biz cəmi bir neçə quruma diqqət çəkdik: didişmə, düşmənçilik, kompromat savaşlarını müşahidə edirsinizmi?
Əlbəttə ki, belə hakimiyyətin, hətta bir gün yaşaması da möcüzə sayılmalıdır. Bu “möcüzə”ni reallığa çevirənlərsə bizik, biz: enerjisi və inamı əlindən alınmış xalq!