Güman edilən bir istefa haqda…

Etiraf edim ki, bu haqda yazmağa bir qədər tərəddüd etdim. Son vaxtlar bəzi müxalifət adamları və hətta partiyaları bir qədər kövrək olublar. Istəmədiyin halda ehtiyatsız deyilmiş bir söz və düzgün başa düşülməyən ifadə inciklik yaradır. Amma bu da bizim peşəmizdir və əgər ölkənin əsas partiyalarından biri ciddi seçim qarşısındadırsa və biz də buna diqqət yetirmiriksə, onda bəs bizim bəzi telekanallardan fərqimiz nədir? Bəli, müxtəsər desək, Müsavat və onun yaxın gələcəkdə baş tutacaq qurultayı indi diqqət mərkəzindədir. Mən hər şeyi bütün təfərrüatlarına qədər deməyəcəm, çünki predmet, ümumi bir şəkildə olsa da, artıq bəllidir: I.Qəmbər başqan kimi qalacaq, yoxsa özünün postundan istefa verəcək? Mən bununla bağlı açıqlamalara diqqət yetirdim.

Rəylər, fikirlər müxtəlifdir. Amma azacıq kənar baxışa da ehtiyac var. Mənə elə gəlir ki, bir neçə maqam açıqlanmalıdır.
1.Əslində məsələ bir qədər şişirdilir və hətta deyərdim ki, bir az süni şəkildə dramatikləşdirilir. Dünyada partiya modelləri çoxdur. Hər ölkənin öz tarixini əks etdirən bir inkişaf yolu var. Amma daha azad ölkələrin nümunəsinə diqqət yetirsək görərik ki, partiya sədri olmaq lider üçün heç də vacib deyil.
B.Obama Demokratlar Partiyasının və C.Buş isə Respubikaçılar Partiyasının sədri deyildi. Orada partiyaların özü fərqli bir strukturda və məzmunda olur və bu, başqa söhbətin mövzusu olduğu üçün onun üstündə dayanmayacaq, konkret məsələyə qayıdacağıq. Həmin məşhur qurultayın mən də iştirakçısı olmuşam. Çox maraqlıdır, bu məsələ səsə qoyularkən və arqumentlər irəli sürülərkən elə bir etiraz olmadı. Hamı bunu sakit qarşıladı. Indi nədən belə təşviş yaşanır? Doğrusu bunu anlamıram.
2.I.Qəmbər özü bir məsələyə aydınlıq gətirməlidir. O, əvvəlki itensivliklə və əvvəlki tempdə siyasətdə qalmaq istəyirmi? I.Qəmbər daha çox postundan istefa verib-verməyəcəyi haqda danışır. Amma mənim sualıma hələ cavab verməyib. Əgər o əvvəlki intensivliklə və templə siyasətdə qalmaq istəsə, bu elə bir problem deyil, partiyada onun təmsil olunması üçün imkanlar çoxdur və onun lider kimi qalacağı təqdirdə izafi bir şey fikirləşməyə ehtiyac yoxdu.
Bəzən E.Məmmədovdan misal gətirirlər. Deyirlər ki, o, lider kimi qalmaq və partiya sədri postundan istefa vermək qərarına gələndən sonra partiya güc kimi sıradan çıxdı, demək olar, dağıldı. Lakin bir nüans var. E.Məmmədov faktiki olaraq siyasətdən gedib. I.Qəmbər də onun kimi siyasətdən getmək və öz enerjisini başqa bir fəaliyyətə yönəltmək istəyirmi? Təəssüf ki, bu sualın cavabı hələ yoxdur.
Bəli, indi bədbin proqnozlar çox səslənir. Amma mən belə proqnozlardansa bir mənəvi məsələyə toxunmaq istərdim. Hara gedirsiniz, bəylər? Sizlərə elə gəlmirmi ki, “təqaüd”ə çıxmağa bir az tələsirsiniz?! Biz bu ölkə üçün ciddi bir iş görə bildikmi? Bu mənim düşüncəmdir. Bəlkə də yanılıram. Amma bir tezisi özüm üçün həmişə təkrar edirəm: hə, siyasətçi olmaya bilərsən, lakin vətəndaş olmağa borclusan! Gücün və qabiliyyətin nəyə çatır, onu et! Bunu özüm üçün hər səhər təkrar edirəm… Bu aspektdən yanaşanda mən elə bir dramatik situasiya görmürəm. Bir daha təkrar edirəm. Bütün ictimai-siyasi proseslərdə iştirakımızın formasını və dərəcəsini biz özümüz müəyyən edir və bunun əsasında da fəaliyyət göstəririk. Bu baxımdan I.Qəmbər də seçimi özü etməlidir…
Kiçik sözardı
Biz situasiyanı dramatikləşdirməyi sevirik. Özü də tək biz yox! Bu günlərdə rusiyalıların – siyasətçilərin, alimlərin, politoloqların il üçün proqnozlarına baxdım. Bir detal diqqətimi xüsusi cəlb etdi. Bu adamların hamısının ürəyini təlaş hissi bürüyüb. Hamısı bir ağızdan deyir: səvh etməyə haqqımız yoxdu! Bilirsiniz, məsuliyyət hissi çox gözəl şeydir! Amma bu dərəcədə yox! Bəlli bir məsəl var: ANCAQ ÖLÜLƏR SƏHV ETMIR! Biz nəsə etməyə cəhd etməli və bunun nəticəsi haqda həddən ziyadə də düşünməməliyik. Bəli, ola bilsin, səhvlər olacaq! Bu da təbiidir! Axı biz canlı insanlarıq və nəsə etməyə cəhd göstəririk! Səhv etməyən düz yola da çıxa bilmir! Bəlkə belə deyil?