Fransa Senatı Sarkoziyə qarşı

Parlamentdə çoxluq təşkil edən sosialistlər “erməni qanunu”na veto qoyacaqlarını bəyan etdilər

Fransada “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ətrafında yaranmış ziddiyyət davam edir. Layihənin Senatın Baş Assambleyasında müzakirəyə çıxarılması ərəfəsində Senatın rəhbəri Jan Pyer Bel inkar qanununa müsbət yanaşmadığını bildirib.

Almaniyaya səfəri zamanı jrunalistlərin suallarını cavablandıran Bel keçmişdə qalmış hadisələrlə bağlı qanun layihələrinin Senatda qəbul olunmasını dəstəkləmədiyini söyləyib. Fransız parlamentar sisteminə görə Senat sədrinin səs vermə məcburiyyətində olmadığını xatırladan Bel Fransa və Türkiyə arasındakı əlaqələrin inkişafına ehtiyac olduğu bir dövrdə, ikitərəfli münasibətlərin hazırki durumundan narahatlıq keçirdiyini də vurğulayıb.

Bundan başqa Senatdakı radikal solçu senatorların da yanvarın 23-də ümumi müzakirəyə təqdim olunacaq qanun layihənin əleyhinə səs verəcəkləri açıqlanıb. Senatdakı Yaşıllar qrupundan sonra Avropalı İctimai və Demokratlar Birliyi Qrupu (RDSE) da qanuna qarşı çıxacaqalarını rəsmi şəkildə bəyan ediblər. RDSE-dən yayılan açıqlamada deyilir ki, inkar qanunu Türkiyə və Ermənistan arasında münasibətlərin stabilləşməsinə kömək etməyəcək. Ümumilikdə isə Senatda çoxluq təşkil edən sosialistlərin və hətta hakim partiyadan olan bəzi senatorların da qanun layihəsinə qarşı çıxacaqları gözlənilir.

Bu arada Fransa Senatı Türk-Fransız dostluq qrupunun yeni sədr müavini Natali Qulet də “erməni soyqırımı”ni inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə müsbət yanaşmadığını söyləyib. Onun sözlərinə görə, Türkiyə müsəlman ölkə olmasaydı bu haqsızlıqla üzləşməyəcəkdi:“Bu haqsızlığa görə mən də bu qanun layihəsinə qarşı səlib yürüşünə start verəcəm. Oyun hələ bitməyib. Hələ heçnə itirilməyib. Senatda əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, Senatın qanunlar komissiyası aşağı palatada qəbul edilən 1915 hadisələriylə bağlı erməni iddialarının rəddini cinayət sayan qanun təklifini yanvarın 18-də müzakirə edəcək. Hökumətin məclisdə keçən qanun təklifini Senata birbaşa rəsmi olaraq göndərməsindən sonra yanvarın 17-də rəhbərlik divanının toplantısı keçiriləcək. Layihənin rəsmi olaraq Senatın müzakirəsinə çıxarılması isə real görünür. Senat isə layihəni yanvarın 23-də müzakirə edəcək.

İnformasiya şöbəsi