İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşəcək
Elxan Şahinoğlu: «Üçtərəfli görüşdə ortadakı problemlər həllini tapmayacaq»
Yanvarın 17-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Naxçıvanda Azərbaycan, Iran və Türkiyənin XIN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.
Görüşün Azərbaycanla Iran arasında münasibətlərin gərgin olduğu, eyni zamanda Türkiyənin Irana qarşı sanksiyalara qoşula biləcəyinə dair məlumatlar yayılan zaman keçirilməsi ona diqqəti bir qədər də artırır. Maraqlıdır ki, nazirlərin görüşündə müzakirə ediləcək məsələlər barədə hələ heç bir açıqlama verilməyib. Irana qarşı Qərbin sanksiyalarının gücləndiyi bir ərəfədə üç ölkənin xarici işlər nazirləri nələri müzakirə edə bilər? Qeyd edək ki, bir çox məsələdə bu ölkələrin mövqeyi üst-üstə düşmür. “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu buna qədər də bir neçə dəfə belə görüşün keçirildiyini, lakin onların nəticəsiz qaldığını xatırlatdı. Sözdə Türkiyə və Azərbaycanla dost münasibətlərdən danışan Iran əslində bu iki ölkə əleyhinə həyata keçirdiyi siyasətindən əl çəkmir: “Son vaxtlar Türkiyə və Azərbaycanla bağlı xeyli təxribatlar, açıqlamalar olub. Halbuki nüvə məsələsində Türkiyə hökuməti Irana qarşı müharibənin başlanmaması üçün xeyli fəallıq göstərdi və hətta buna görə Qərblə qarşıdurmaya da getdi. Lakin bunun müqabilində Iranın Türkiyəyə qarşı təxribatları artıb”.
Iranın Azərbaycana qarşı da hədələrindən əl çəkmədiyini xatırladan ekspert bütün bu məsələlərin üçtərəfli görüşdə həllini tapacağının inandırıcı olmadığını vurğuladı.
E.Şahinoğlunun fikrincə, Iran məsələsinin yenidən BMT-də müzakirəyə çıxarılacağı bir ərəfədə Azərbaycan daha diqqətli olmalıdır. Çünki Qərbə gücü çatmayan Tehran yaxın qonşularını hədəfə ala bilər: “Qərbin Irana qarşı sanksiyaları sərtləşir. Türkiyə və Azərbaycan dəfələrlə vurğulayıblar ki, Irana qarşı istənilən güc tətbiqinin əleyhinədirlər. Buna baxmayaraq, Irandakı bəlli qüvvələr bu iki ölkəni hədəf götürüblər. Qərbə əlləri çatmadığına görə bölgədə onun müttəfiqləri üçün problem yaradacaqlarını deyiblər. Bir görüş bu məsələləri yoluna qoymayacaq. Çünki Azərbaycanla Türkiyə Irana münasibətdə nə qədər xoş niyyətli olsa da, Iran onlara qarşı bir o qədər pis niyyətlidir”.
Fizzə