Nəqliyyat Nazirliyinin qadağası sürücüləri ayağa qaldırdı
Nəqliyyat Nazirliyi sovet istehsalı olan avtomobillərin taksi kimi fəaliyyətinə qadağa qoydu. Ötən gün elə Nəqliyyat Nazirliyi ilə Daxili Işlər Nazirliyi reydlərə başlayıblar. Onlar lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi kimi xidmətlərinə qadağa qoyurlar.
Buna etiraz edən sürücülər isə ötən gün “Neftçilər” metrostansiyasının yaxınlığında toplaşaraq aksiya keçirdilər. 300-dən çox sürücünün qatıldığı aksiyada əvvəlki kimi polis vəhşiliyi müşahidə edildi.
“Sovet maşınları” kimi tanınan avtomobillərlə vətəndaşlara taksi xidməti göstərməyin yasaqlanması minlərlə ailəni çörəksiz qoyacaq. Adi dolanışıq imkanından məhrum olan sürücülər Ziya Məmmədovun bu addımının sərnişindaşıma sahəsini inhisara almaq, ölkəyə gətirilmiş bahalı taksi maşınlarına əlverişli bazar tapmaq məqsədi daşıdığını düşünürlər.
Saat 16-ya təyin olunan aksiyaya vaxtından əvvəl onlarla sürücü gəlmişdi.
“Şəxsi maşınımla taksi xidməti göstərirəm. 2-3 manat çörək puluna görə saatlarla burada dayanıram. Özlərinin ciblərini fikirləşirlər, xalqı fikirləşən yoxdur. Nəqliyyat Nazirliyinin bu qərarı ”London taksiləri”ni xəttə buraxıb, öz ciblərini doldurmalarından başqa bir şey deyil. Hökumət çox yanlış addım atır. Yüz minlərlə insan çörəksiz qalacaq. Belə olan halda biz də maşınlarımızı aparıb nazirliyin qabağında saxlayıb onlara etiraz edəcəyik” – deyə, Elçin Abdullayev adlı sürücü narazılıq edir.
Toplaşma ərəfəsində isə polislər sürücüləri mühasirəyə aldılar. Dəyənəklə onların üstünə hücum çəkən asayiş keşikçilərinin planlarını sürücülər alt-üst etdilər. Etirazçıların sayı tez bir zamanda artdı. Orijinal aksiya keçirən sürücülər siqnal verməklə Nəqliyyat Nazirliyinin məlum qərarını pislədilər. Ancaq buna baxmayaraq, polislər sürücüləri döydülər. Bir neçə sürücü xəsarət aldı, bir neçəsi isə saxlanıldı. Günün sonunda saxlanılanlar sərbəst buraxıldı.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov “Azadlıq” radiosuna açıqlamasında etiraz edənlərin qanunsuz fəaliyyət göstərdiyini bildirib: “Bu gündən əsas şərt lisenziya almaqdır”.
Ramin DEKO