Azərbaycan iqtidarının bir çox addımlarına təəccüblənməyə bilmirəm. Doğrudur, bəzi dostlar mənim bu təəccübümdən təəccüblənir. Əlinin papağının Vəlinin, Vəlinin papağının Əlinin başına qoyulduğu ölkədə belə addımların adi olduğunu düşünürlər. Məncə, yanlış düşüncədir.
Bunu adi saymaq olmaz. Məsələn, bir nümunə ətrafında düşüncələrimi sizinlə bölüşmək istəyirəm.
Milli Məclisin bir çox komitələri var. O komitələrdən birinə – Insan hüquqları komitəsinə Rəbiyyət Aslanova adlı qadın rəhbərlik edir. Artıq üçüncü çağırışdır ki, o, mandatla təmin edilir. Bununla işimiz yox. Hansı deputat indiyə qədər mandatı özü qazanıb ki? Bunun dartışılması uzun zaman aparar. Məni təəccübləndirən onun Insan haqları adlı komitəyə rəhbər təyin edilməsidir. Indiyə qədər bu filosof (onun Ramiz Mehdiyevin filosoflarından olduğu deyilir) qadının çox açıqlamalarının şahidi olmuşam. Bu açıqlamalarda ana xətt insan haqlarına nifrətdir. Yaxşı, bu halda bəs hansı ağılla onu həmin komitəyə rəhbər təyin ediblər? Ən azı bir imitasiya olmalıdır, bir çox başqa sahələrdəki kimi. Həm də YAP üzvü olan bu qadında demokratiyaya qarşı sonsuz nifrət var. Bəzən heç onun sahəsinə dəxli olmayan məsələlərə də münasibət bildirib içindəkiləri ortaya qoyur. Haqq qorumaq əvəzinə haqsızlıqlara haqq qazandırır…
Xəbər yayılıb ki, 2012-ci il martın 11-də növbəti dəfə gənclərin etirazını təşkil etmək məqsədilə kampaniyaya başlanıb. Sosial şəbəkələrdə “Böyük Xalq Hərəkatı” adlı səhifə və profillər yaradılıb. Indiki zamanda çox normal, cəmiyyətin gəlişməsi üçün vacib olan gənclərin bu fəallığına hamıdan qabaq insan haqları komitəsinin rəhbəri münasibət bildirir. Rəbiyyət Aslanova öncəgörənlik edib “…bu aksiyanı da ötənilki aksiyanın uğursuz taleyi gözləyir” deyir. Bunun ardınca təbii ki, fikrini “əsaslandırıb” Ilham Əliyevin gənclərə qayğısından filosofcasına dəm vurur.
Sonra da müxalifətə səslənir: “Azərbaycan gəncliyini özünüzə oxşatmayın. Onları özünüz kimi dağıdıcılıq fəaliyyətinə cəlb edib və sonda qurban vermək istəkləriniz nəticəsiz qalacaq”.
Xanımın məntiqindən belə çıxır ki, gənclik Mübariz Qurbanlıya, Əli Əhmədova, Siyavuş Novruzova, Məlahət Həsənovaya, Bahar Muradovaya, bir sözlə, YAP-a oxşamalıdır. O YAP-a ki, üzvlərini itirə-itirə getdiyində indi də zəng vurub şou əhlini başına toplayır.
YAPşou
Dünən yenə bir qrup artist (onlara el arasında arsız da deyirlər) təntənəli şəkildə YAP-a gətirilib. Aktyor Elməddin Cəfərov bu üzvlüyə maraqlı münasibət bildirib: “Hansı partiyanın üzvü olmaqla, hansı komandaya azarkeşlik etməyin fərqi yoxdur”. Düz sözə nə deyəsən, Ana Vətən Partiyası ilə YAP-ın heç bir fərqi yoxdur. Yeri gəlmişkən, bəlkə də təsadüf idi, bugünlərdə “525-ci qəzet”də Ana Vətən Partiyasının sədr müavini Zahid Orucdan hansısa məsələ ilə bağlı açıqlama almışdılar. Elə beləcə də yazmışdılar, Ana Vətən Partiyası (YAP). Doğrudan da heç bir fərqi yoxdur. Görünür, E.Cəfərov da bunu nəzərdə tutub. Sirus Təbrizlinin, Əsədulla Qurbanovun, Əli Insanovun və başqa tanınmışların imtina etdiyi partiyaya şou əhlinin axışması təbii prosesdir. Elm adamları qaçaq düşən yerdə elə belələri olmalıdır. Səs yox, istedad yox, bu yerdə dada YAP vəsiqəsi çatır. Hələ ki, bağlı qapıları bununla açmaq mümkündür. Hələ bunun fəxri adı, havayı mənzili, dövlət tədbirlərində iştirak məsələsi var. Gözün aydın, millət, YAPşou başlayır… davam edir…