Leyla Yunus: «Müxalif mövqedən çıxış edən insanlara qarşı müxtəlif yollarla təzyiqlər olunması hakimiyyətin xalqdan qorxduğunu göstərir»
AXCP sədrinin müavini, uzun illər partiyanın Naxçıvan şöbəsinə rəhbərlik etmiş Asəf Quliyevin oğlu Turqut Quliyevlə hədələndiyi barədə məlumat vermişdik. A.Quliyevin sözlərinə görə, Naxçıvan MTN-in rəhbəri ona xəbər göndərib ki, siyasi fəallığını davam etdirsə, hərbi xidmətdəki oğlunun aqibəti pis ola bilər. Qeyd edək ki, Türkiyədə Səlcuq Universitetini bitirən T.Quliyev yanvarın 11-də hərbi xidmətə başlayıb. A.Quliyevin fikrincə, baş verən olay bir daha göstərir ki, hakimiyyət siyasətlə məşğul olan insanların övladlarına əsgər kimi yox, girov kimi baxır.
Oğluna olan hədə ilə bağlı hələ rəsmi qurumlara müraciət etmədiyini deyən A.Quliyev bildirdi ki, bazar günü T.Quliyevin yanına getməyi planlaşdırırlar. Onunla görüşdən, ona qarşı hərbi hissədəki münasibəti öyrəndikdən sonra hər hansı addım atmağı düşünürlər. Digər tərəfdən, A.Quliyevin sözlərinə görə, hazırda orduda karantin dövrünü keçən oğlunun gələcəkdə hansı hərbi hissədə əsgərliyini davam etdirəcəyi məlum deyil. Bu baxımdan atılacaq addımların hansı səpkili olacağı T.Quliyevin hansı hərbi hissədə xidmətini çəkəcəyi müəyyənləşdirildikdən sonra dəqiqləşəcək.
A.Quliyevə qarşı olan təzyiqlərlə bağlı hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, Azərbaycanda qanunlara nəinki riayət olunmur, demokratik normalar gözlənilmir, artıq ölkədə müxalif fikir sanki dövləti cinayət sayılır. Azərbaycanın hazırkı vəziyyətinə görə keçmiş SSRI-ni xatırlatdığını deyən L.Yunus vurğuladı ki, sovet imperiyasında olduğu kimi hazırda Azərbaycanda bir partiyalı sistemdir və müxalif fikirlilik isə qəbul edilmir: “Təəssüf ki, hakimiyyət, Ilham Əliyev tarixdən heç bir nəticə çıxarmır. Dünya təcrübəsi göstərib ki, insanlara qarşı bu cür münasibətin, müxalif fikrin boğulmasının sonu yaxşı bitmir. Sadəcə olaraq siyasətlə məşğul olan, müxalif mövqedən çıxış edən insanlara qarşı müxtəlif yollarla təzyiqlərin edilməsi onu göstərir ki, Azərbaycan hakimiyyəti xalqdan qorxur. Ona görə zorakılığını artırır ki, xalq ondan qorxsun və belə bir situasiyada hakimiyyəti əlində saxlaya bilsin”.
Hikmət