MTN İlham Əliyevin əmisinə məxsus gəmini niyə məhv edib?
Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevlə biznes əlaqələrinin qurbanı olan təkcə Böyükağa Abdullayev deyil. Məlumat üçün deyək ki, Böyükağa Abdullayev 2011-ci il iyulun 22-də Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən həbs olunub. Prokurorluğun məlumatına görə, Böyükağa Abdullayevin həbsi Imran Eyvazov adlı şəxsin şikayəti əsasında həyata keçirilib. Lakin o, Aqil Əliyevin oğlu Ilqar Əliyevin sifarişi əsasında həbs olunduğu deyir. Yeri gəlmişkən, şikayətçi Imran Eyvazov da Aqil Əliyevin yaxın ətrafına daxil olan şəxslərdəndir.
Növbəti qurban Məhəmməd Qasımov Böyükağa Abdullayevin taleyini yaşamasa da, Aqil Əliyevlə işbirliyinə görə başına çox qəzavü-qədər gəlib. Onun sensasion açıqlamaları Böyükağa Abdullayevin həbsinə də müəyyən qədər aydınlıq gətirir.
Məhəmməd Qasımov Tovuz rayonunun Qoşa kəndində anadan olub. 1984-cü ildə Inşaat Mühəndisləri Institutunu bitirib. Ali təhsilini başa vuran Məhəmməd Qasımov 1988-ci ilə qədər Rusiyada tikinti sahəsində çalışıb. 1988-ci ildə Azərbaycana qayıdan Məhəmməd Qasımov bir müddət Sənaye və Tikinti Nazirliyində baş konstruktor vəzifəsində çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra biznes fəaliyyətinə başlayıb. Əvvəlcə “Proqres” daha sonra “Turan” və “Sərxan” firmalarını təsis edib. Məhəmməd Qasımov deyir ki, o, əsasən tikinti materiallarının satışı ilə məşğul olub. Lakin biznesin başqa sahələrinə də baş vurub: “30-a yaxın obyektim olub. Işlərim çox yaxşı gedirdi. Hamı məni öz tərəfinə çəkmək istəyirdi. Lakin indiki hakimiyyətlə yola getmədiyimə, daha doğrusu, həmişə həqiqətin tərəfində olduğuma görə mənə qarşı təzyiqlər başladı”.
Məhəmməd Qasımov ona qarşı təzyiqlərdən yaxa qurtarmaq üçün bütün obyektlərini sataraq Rusiyaya üz tutub. Moskvada yenidən biznes fəaliyyətinə başlayıb və işi uğurlu alınıb. Lakin Moskvada kriminal durumun gərgin olması, başqa iş adamları kimi onun da cinayətkar dəstələrin hədəfinə çevrilməsi 2000-ci ildə yenidən Azərbaycana qayıtmasına səbəb olub.
Elə həmin ildən də Məhəmməd Qasımovun Aqil Əliyevlə biznes sərgüzəştləri başlayıb. Ilham Əliyevin əmisinin yaxın ətrafına daxil olan Böyükağa Abdullayevin də bu məsələlərə dəxli var və baş verənlər onun həbsinə müəyyən qədər aydınlıq gətirir. Məhəmməd Qasımov deyir: “Mən Azərbaycana qayıtdıqdan sonra yenidən yanıma adamlar gəlməyə və müxtəlif işlər təklif etməyə başladılar. O cümlədən Aqil Əliyevin yaxın ətrafına daxil olan şəxslər də mənimlə görüşlərində müxtəlif biznes layihələri təklif edirdilər. Bu adamların arasında Böyükağa Abdullayev, sonradan onu həbs etdirən Imran Eyvazov və Dəyanət adlı şəxsin adı xüsusi qeyd edilməlidir. Onların mənə təklif etdiyi iş qanunsuz və təhlükəli idi. Mənə deyirdilər ki, Aqil Əliyevin ”Drafa” gəmisi var. Həmin gəmi Xəzərdə üzür. Deyirdilər ki, gəminin üzərində kiçik neftayırma zavodu tikirlər. Məni inandırmağa çalışırdılar ki, bu işdə yaxşı pul var. Hətta gəmini də mənə göstərdilər. Məlum oldu ki, onlar neft alıb müxtəlif məhsullar istehsal etməyi planlaşdırırlar. Bütün işlər isə qanunsuz aparılacaqdı. Mən onlara sual verdim ki, bəs tutulsaq, necə olacaq? Cavab verdilər ki, ortada Aqil Əliyev varsa, heç bir problem ola bilməz. Bununla belə, mən bu işə qol qoymadım. Lakin onlar bu işi qurdular. Bir müddət sonra isə həmin gəmi MTN-in əlinə keçdi. Bu işdə olanların hamısı həbs olunacaqdı. Lakin Aqil Əliyev mərhum ölkə başçısı Heydər Əliyevə zəng vuraraq onlara doğru məlumat verilmədiyini söylədi. Guya ki, həmin gəmi dənizə buraxılan mazutu yığmaqla məşğul imiş. Əslində isə, onlar Qazaxıstandan Dübəndiyə gətirilən xam nefti alırdılar. Lakin neft biznesilə yalnız hakim ailə məşğul ola bilər. Heç Aqil Əliyev də bu işə girə bilməzdi. Elə onun adamlarının qurduğu bu iş də ailənin biznesinə müdaxilə kimi qiymətləndirildi. Təsəvvür edin, MTN həmin “Drafa” gəmisini doğrayıb dənizə tökdü”.
(ardı var)
Azad Akifoğlu