ABŞ Rusiyaya inqilabçı göndərdi

Vaşinqtonun Moskvadakı yeni səfiri peşəkar diplomat yox, inqilablar üzrə peşəkar mütəxəssis olacaq

Vaşinqtonda Dövlət Departamentində ABŞ-ın Rusiyadakı yeni səfiri Maykl Makfollun andiçmə mərasimi keçirilib. Makfol bundan sonra ABŞ-ın Rusiyadakı maraqlarının təmsilçisi kimi çıxış edəcək.
Maraqlı burasıdır ki, yeni səfir Rusiyaya çox yaxşı bələddir. Dolaşan iddialara görə, Makfoll peşəkar diplomat deyil və Dövlət Departamentində də işləməyib. O, hazırkı vəzifəyə təyin olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obamanın Rusiya üzrə müşaviri postunu tuturdu. Yeni səfir müasir Rusiya və Kremlin siyasi orientasiyasını əla bilən mütəxəssis kimi tanınır. Məhz son illər ABŞ-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların da təşəbbüskarının Makfoll olduğu bildirilir.
Maykl Makfollun karyerasında diqqətçəkən məlumatlar var. Yeni səfir hələ SSRI dönəmində Rusiya cəmiyyətilə maraqlanırmış. O, ötən əsrin 80-ci illərində Leninqrad Universitetində staj keçib. 90-cı illərdə Karnegi Fondunun Moskva nümayəndəliyində çalışıb. Sankt-Peterburqdakı Avropa Universitetinin professoru, Maykl Makfollu yaxından tanıyan Viktor Gelman bildirib ki, yeni səfir tanınmış siyasi xadim və mütəxəssisdir. Gelman Makfollun inqilablar üzrə peşəkar mütəxəssis olduğunu söyləyib: “O, rus dilini gözəl bilir. Rusiya cəmiyyətinə yaxşı bələddir. SSRI-nin çöküşü ərəfəsində Rusiyanı bürüyən etiraz dalğasının gedişi zamanı məhz Makfoll ictimai fəallarla hökumət rəsmiləri arasında gərgin münasibətlərin normallaşdırılmasına nail olmağı bacarmışdı. Həmin dönəmdə bütün SSRI ərazisini bürümüş milli azadlıq hərəkatını yaxından izləyən peşəkar mütəxəssislərdən biridir”.
Bəzi Qərb diplomatlarının fikrincə, 4 dekabr parlament seçkilərinə etiraz dalğasının yüksəldiyi Rusiyaya məhz belə bir şəxsin səfir təyin olunması ABŞ-ın bu ölkədə demokratiya və ifadə azadlığının inkişafına daha çox diqqət yetirəcəyindən xəbər verir. Maykl Makfollun yerli ictimai fəallarla, vətəndaş cəmiyyətinin üzvlərilə sıx əməkdaşlıq edəcəyi də bəri başdan məlumdur.

Informasiya şöbəsi