Bir zaman paytaxtın bu görkəmli yeri sənətkarlıq mərkəzi kimi məşhurdu. Sovet zamanlarından “ticarət” mənasını verən “Torqovı” adıyla tanınan yer… Şəhərin məşhurlarının və zənginlərinin yaşadığı mərkəz… Xalq sənətkarlarının, rəssamların əl işlərini satışa çıxardığı yerdi bir zamanlar bura. Sonra şəhərin “yeniləşməsi”nə başlayanlar o sənətkarları və kiçik dükanları sıxışdırıb aradan çıxardılar. Onların yerini parıltılı, bahalı, çoxunun üzərindən xarici adlar asılmış mağazalar işğal etdi. Son vaxtlara qədər “Torqovı”nın mərkəzində fəaliyyət göstərən məşhur Sənətkarlar pasajını da yasaqladılar. Bəlkə indi tamamilə sökülüb yeniləşmiş, bər-bəzək vurulmuş bu mənzərələr kimlərəsə xoş gəlir. Amma əsası odur ki, bu mərkəzin özəlliyindən, diriliyindən, canlılığından əsər-əlamət qalmayıb. Buranı kiminsə şəxsi ərazisi kimi necə gəldi söküb-tikirlər. Dəyərlər ucuzlaşıb, dəyərsizləşib bu bahalı yerdə.
Ucuzlaşma deyincə… Təbii, Bakının “Torqovı” deyilən yerindən söz açıb ucuzluqdan danışsaq, adamlar səni ağlını itirmiş sanarlar. Çünki burada qiymətlərin od tutub yandığını hər kəs gözəl bilir. Mağazalarda xarici markalar adına müştərilərə sırınan saxta mallar bir başqa mövzunun söhbətidir. Bayram ərəfəsində mağazalarda başlanan endirim kampaniyaları da görüntü xarakteri daşıyır. Yəni buradakı ucuzluq reklamlarının məqsədi də çox halda əhalini aldatmaq olur. Kampaniya dövründə burada üzərinə 70%, 50%, hətta “zərərinə endirim” yazılmış mağazalara da rast gələ bilərsiniz. Bu dəfə məlum saxtakarlıq hadisəsinin şəxsən özüm şahidi olduğum üçün başqalarını xəbərdar etməyi də bir borc bildim. Əslində, diqqətimi çəkən əsas şey fərqli mağazalarda eyni qəribəliklərlə qarşılaşmağım oldu. Ilk anlaşılmazlıq “Koton” mağazasında endirim yazılmış vitrindən götürdüyümüz ayaqqabının kassa qiyməti vurularkən yarandı. Məlum oldu ki, yazılmış 50% endirimdən əlavə 10 manat da ödəməliyik. Bu dəfə düzgün anlamadığımızı düşünüb deyilən əlavəni ödədik. Ikinci bənzər hal “Mexx” mağazasında yarandı. Bu dəfə 50% endirim yazılmış vitrindən seçilmiş köynək üçün 37 manat əvəzinə 50 manat tələb edildikdə, şübhəyə düşdük. Nə baş verir? Izah bu oldu ki, vitrindəki malların bir hissəsinə endirim var, bir hissəsinə yox. Təbii, malı geri verdik. Ən təəccüblüsü üçüncü mağazada baş verdi. “Mango”nun iki fərqli mağazasında üzərində eyni 14 manat yazılmış paltar üçün kassada 17 manat tələb olunduqda, dəli olmaq dərəcəsinə gəldik. Bunlar insanları ələ salırlar, nədi? Təbii, müdirin çağırılmasını tələb etdik. Kənardan müşahidə edən müdir xanım anlaşılmazlıq yarandığını və kassanın tələb etdiyi qiyməti ödəməli olduğumuzu söylədi. Bu anlaşılmazlığı Ispaniyadan mal göndərənlərin qiyməti üzərinə düzgün vurmaması ilə izah etdi…
El arasında “ucuz ətin şorbası olmaz” deyirlər. Amma indi bu endirim kampaniyaları dünyada ticarətin mühüm bir elementinə çevrilib. Əhalinin maaşa baxan böyük hissəsi də ilboyu ümidini bu kampaniyalara bağlayır. Adı ucuzlaşma olsa da, nəticə etibarı ilə beynəlxalq ticarətdə bu endirimlərdən həm satıcılar, həm alıcılar məmnun qalır. Bizdəki ucuzlaşmalardan satıcıları demirəm, alıcılardan məmnun qalan varsa, mənə yazsın…

“Torqovı”nın aldadan endirim kampaniyaları
•