Putini öz saytında biabır etdilər

“Nə qədər gec deyil, rədd olub gedin”

Tənqidi şərhlər saytda qısa müddətdən sonra yığışdırılıb

Bir vaxtlar internetə kinayə ilə yanaşan Rusiyanın baş naziri Vladimir Putin prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda özü də internetdən istifadə etmək qərarına gəlib. Ancaq deyəsən bu qərar Rusiyanın baş naziri üçün elə də uğurlu olmayıb.
Yeni yaradılmış saytda Putinin seçki platforması yerləşdirilib. Saytda baş nazirin Putinin xizək sürəndə, hokkey oynayanda, balıq tutanda, ovda, at sürəndə çəkilmiş şəkilləri də yerləşdirib. Sayt göz oxşasa da gələn şərhlər heç də ürəkaçan olmayıb.

Andrei Antoninko adlı internet istifadəçisi belə bir şərh yazıb: «Xahiş edirəm, siyasətdən gedin. Biz başa düşürük ki, hakimiyyət narkotik kimi bir şeydir. Ancaq sizin getməyiniz ləyaqətli addım olardı».
 
Arkady Vishnev adlı başqa biri isə yazıb ki, «Putinin namizədliyini geri götürməsi ölkə üçün edəcəyi ən faydalı iş olar».
 
Məşhur bloqqer Svetlana Sorokina isə yazdığı şərhdə Putini baş nazir postundan istefa verməyə və ölkədəki vəziyyəti inqilaba gətirib çıxarmamaq üçün seçki yarışından çəkilməyə çağırıb.
 
Başqa bir istifadəçi Mikhail Meshkov isə bunları yazıb: «Sizdən bezmişəm. 12 ildir sizə dözürəm. Hər şey eynidir. Əgər yenə siz seçilsəniz, mənim dostlarımın çoxu ölkəni tərk edəcək. Siz bunu istəyirsiniz?  Mən istəmirəm. Mən normal ölkədə yaşamaq istəyirəm. Ona görə də nə qədər gec deyil, rədd olub gedin».
 
Mənfi şərhlər qısa zamanda saytdan silinib. Bu şərhlər Putini tərifləyən, senzuranın tətbiq olunması, qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin dayandırılmasına çağıran şərhlərlə əvəz olunub. Ancaq bunların silinməsinə baxmayaraq, bloqqerlər mənfi şərhlərin əks olunduğu vaxtda saytın görüntüsünü
saxlaya biliblər.
 
Mənfi şərhlərin internet məkanında doğurduğu hay-küy baş nazirin seçki platformasını kölgədə qoyub (“Azadlıq” radiosu).

Rusiyanın tanınmış jurnalistləri Putini boykot etdi

Bu arada Rusiyanın məşhur jurnalistlərinin Putini boykot etdiyi haqda xəbər yayılıb. Məlumata görə (APA), bir neçə tanınmış jurnalist baş nazirin Mətbuat Günü ilə əlaqədar keçirdiyi mükafatlandırma mərasiminə qatılmaqdan imtina etmək qərarına gəliblər. Bunlar məşhur teleaparıcı Vladimir Pozner, publisist Dmitri Bıkov, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov, “Vokruq sveta” jurnalının əməkdaşı Sergey Parxomenko və yazıçı-publisist Qriqori Çxartişvilidir (Boris Akunin). Jurnalistlər bu yolla Putinə etirazlarını bildirmək istəyiblər.

Qeyd edək ki, Rusiyada ilk rus qəzeti “Vedomosti”nin nəşr olunduğu gün jurnalistlərin peşə bayramı günü kimi qeyd olunur. Hər il dövlət tərəfindən mətbuatın fəaliyyətində mühüm rolu olan şəxslərə mükafatlar verilir.

Rusiyada keçirilən son parlament seçkilərinin nəticələri bir sıra məşhur jurnalistlər tərəfindən etirazla qarşılanıb. Onlar seçkilərin nəticələrinin ləğv olunmasını, demokratik qaydada yeni seçkilər keçirilməsini tələb edirlər.