Rövnəq Abdullayev paltarını yuyanı evsiz qoyur

ARDNŞ şefinə dayəlik etmiş qadın «Azadlıq»a danışdı

Nərgiz Vəliyeva: «Onun mərdiməzar olmasına inanmıram»

12 il öncə Naxçıvandakı evini sataraq NZS qəsəbəsində 15 min dollara həyət alıb. Həyətdə isə hamam və ayaqyoludan başqa heç nə tikilməyib. Övladlarının boğazından kəsərək özünə və qızına ev tikib. Üç uşaq anasıdır. Iki oğlundan biri dünyasını dəyişib. Yaşayan oğlunun isə həyat yoldaşı dünyasını dəyişib. Nəvələri də onun öhdəsində qalıb. Indi isə evini əlindən almaq istəyirlər. Çünki ARDNŞ şefi Rövnəq Abdullayevin başqa planları var… Barəsində bəhs etdiyimiz şəxs 75 yaşlı nənə Nərgiz Vəliyevadır. Onu xüsusi seçməyimizin özəl bir səbəbi var. Nərgiz Vəliyeva vaxtı ilə Rövnəq Abdullayevi saxlayıb.

Rövnəq çox yaxşı uşaq olub

Yaşadığı mənzili tapmaqda o qədər də çətinlik çəkmirik. Qarşımıza çıxan 16 yaşlı gəncdən Nərgiz nənəni tanıyıb tanımadığını soruşuruq. “Tanıyıram” deyib, bizi düz nənənin evinə aparır. Qapını döyürük, özündən başqa bütün qonşular çölə çıxır. Ev nömrəsini verirlər, zəng edib, onu körpənin yanından ayırıb aşağı düşürdürük. Iki otaqdan ibarət kiçik daxma, bir sotluq həyət və bir neçə gül kolu. Evi bundan ibarətdir…

Vaxtının çox az olduğunu söyləyir. Bildirir ki, körpə tək qalıb, onu yedizdirməlidir. Necə deyərlər “atüstü” söhbət etmək qərarına gəlirik.
Deyir ki, Naxçıvanın Nehrəm kəndində doğulub. Rayonun Xıncov məhəlləsi adlanan ünvana gəlin köçüb. Qapı qonşusu isə Rövnəq Abdullayevin ata evi olub. ARDNŞ şefinin anası Gültəkin xanım tez-tez Nərgiz nənəni evinə çağırarmış: “Həftədə bir-iki dəfə evinə gedib xalçalarını, pal-paltarını yuyurdum, evində təmizlik işləri görürdüm. Biz ora köçəndə Rövnəqin 5-6 yaşı olardı. Göyçək və sakit təbiətli uşaq idi. Heç kimlə işi olmazdı. Rəhmətlik nənəsi Bəyim xalayla çox yaxın olmuşam”.
Rövnəq Abdullayevin uşaqlığından söhbət edir. Deyir ki, ARDNŞ prezidenti uşaqlıqda həm də çox ürəyi-açıq olub: “Mənə deyəndə ki, evimizi o sökdürür şoka düşdüm. Hələ də inanmıram ki, Rövnəq belə bir iş tutar. Kimlərsə burada maraqlı ola bilər. Bu qədər insana qarşı mərdiməzarlıq edən adamın Rövnəqin olduğunu heç cürə təsəvvür edə bilmirəm. Çox yaxşı uşaq olub”.

“O ailə çörək verən ailə olub. Adamın başının üstündə Allah var. Yalandan demək olmaz ki, onlar qəddar olublar. Rövnəqin atası da, özü də çörək verən adam olub. Bir neçə ay əvvəl Gültəkin xanımla məclislərin birində rastlaşdıq. Onda hələ bu evlərin söküləcəyi söhbəti yox idi. Əgər o vaxt bilsəydim, xahiş edərdim. Yəqin ki, məni eşidərdilər”, – deyə Nərgiz nənə evinə diqqətlə nəzər yetirir.

Heydər Əliyevin heyrəti…

Nərgiz nənədən ayrılmaq istəyirik. Axı, o körpəni yedizdirməlidir. Ayrılan zaman “mən Heydər Əliyevlə də görüşmüşəm” deməsi bizi ayaq saxlamağa məcbur edir. Düşündük ki, bir neçə kəlmə bu barədə soruşaq, körpə gözləyər.
Sən demə, Nərgiz nənə Heydər Əliyevin bacısı qızı Sənifə ilə də rəfiqəlik edib. Heydər Əliyev 2003-cü ildə Naxçıvana səfər edən zaman bazarda mer-meyvə satan Nərgiz Vəliyevanın yanından ötəndə ayaq saxlayıb. Onunla söhbət edib, nəyə ehtiyacı olduğunu soruşanda isə, “mən bir təhər başımı dolandırıram. Naxçıvanın abadlaşmasını istəyirəm” cavabını eşidib. Bu sözdən heyrətlənən Heydər Əliyev yanındakı deputatlardan birinə “Siz maaşınızın artırılmasını istəyirsiniz, bu qadın isə şəhərin abadlaşmasını. Fərqi görürsünüzmü?” ismarıcını verib.
Nərgiz nənə ötən illərə qayıdıb “Mən 1961-ci ildə Naxçıvanda mexanika kursunu bitirmişəm. 8 il sonra – 1969-cu ildən Heydər Əliyevin əmriylə mexanik işləməyə başlamışam. Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. Ondan çox şey istəyə bilərdim. Əminəm ki, arzularımı yerinə yetirərdi. Ancaq mənə başqa şey lazım deyil. Sakit həyat mənə bəs edər”.
Min bir əziyyətlə tikdiyi evinin bir anın içində əlindən alınacağına inana bilmir: “Zülmlə koma tikib, içinə girmişik. Indi bunu sökürlər. Belə olmaz axı. Bizim dövlətlə dövlətçilik etmək fikrimiz yoxdur. Sadəcə ya bizə ev versinlər, ya da pul. Bundan əvvəl necə yaşayırdıqsa, yenə də elə yaşayaq da”.

Dilbilməzlər

Ayrılırıq. Sağollaşarkən, Nərgiz nənə bir daha deyir ki, bu işlərin arxasında Rövnəq Abdullayevin dayandığına inana bilmir. Düşünür ki, başqa isimlər də var. Lakin biz nənənin düşüncüləri ətrafında müzakirə açıb, onu çox yormaq istəmirik. Həm də axı, körpə onu gözləyir. Azyaşlı uşaq da NZS-i sökən Rövnəq Abdullayev kimi dilbilməzdir, istədiyinin yerinə yetirilməsini gözləyir…

Ramin DEKO