Naxçıvan cəbhəçisi Zeynal Bağırzadə təcridxanada fiziki zorakılığa məruz qaldığını təsdiqləyib
Naxçıvanda həbs edilən AXCP fəalı Zeynal Bağırzadə təcridxanada saxlandığı ilk günlərdə ciddi fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib. Bu haqda “Turan”ın bölgə müxbiri müttəhimin yaxınlarına isnadən bildirib.
Belə ki, dindirilmək üçün yanvarın 13-də Naxçıvan prokurorluğuna gətirilən Z.Bağırzadə yaxınlarına təcridxanada saxlandığı ilk 3 gün, yəni 2011-ci il dekabrın 26-dan 28-nə kimi ciddi fiziki və psixoloji təzyiqlərə məruz qaldığını söyləyib. Halbuki, Naxçıvan ombudsmanı yaydığı bəyanatla Z.Bağırzadənin fiziki işgəncələrə məruz qalmasını inkar edirdi. Z.Bağırzadənin yaxınları onun ürəyində, mədəsində, öd kisəsində və prostat vəzi nahiyəsində ciddi problemlər yarandığını deyiblər. Bədənin sol hissəsi, demək olar ki, iflic hala gəlib, az müddətdə ciddi şəkildə arıqlayıb. Təcridxanada Z.Bağırzadəyə verilən işgəncələr haqda susması xəbərdarlığı edilib. Z.Bağırzadə dövlət vəkilindən imtina edib, prokurorluqda da vəkilsiz dindirilib. Yanvarın 16-dan etibarən vəkil Əsabəli Mustafayevin Naxçıvana gələrək Z.Bağırzadənin müdafiəsini öz üzərinə götürəcəyi gözlənilir.
Bu məsələdə maraqlı cəhətlərdən biri budur ki, 2011-ci il dekabrın 30-da Z.Bağırzadə ilə bağlı Naxçıvan apellyasiya məhkəməsi qərar çıxarıb. Amma həmin qərarın nədən ibarət olması haqda müttəhimə və ya yaxınlarına hər hansı informasiya verilməyib.
Z.Bağırzadə siyasi fəaliyyətilə bağlı 2011-ci il dekabrın 26-da həbsə alınıb. Ona qarşı Naxçıvan prokurorluğu vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, saxta sənədlərdən istifadə etmə və dələduzluq maddələrilə cinayət işi başlayıb (“Turan”).
Qeyd edək ki, Z.Bağırzadə AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoyun qardaşıdır.