Sıravi vətəndaş ölkə başçısının Zuğulbadakı rezidensiyası ərazisinə necə keçib?
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları baş leytenant Asif Lətifovla, baş çavuş Seymur Əlicanova qarşı təzyiqlər davam edir. XDMX-nin sabiq əməkdaşları bunu dünən Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun (RATI) ofisində keçirdikləri mətbuat konfransında bildiriblər.
Asif Lətifov deyib ki, işə bərpa ilə bağlı qaldırdığı iddianın sifariş əsasında təmin edilməməsi bir yana, hüquqlarının bərpası uğrunda apardığı mübarizəyə görə mütəmadi olaraq təqiblərə məruz qalır. Asif Lətifov XDMX-də qohumbazlıq və yerlibazlıq faktlarına da toxunub. O, bildirib ki, qurumda aparıcı vəzifələrə general Vaqif Axundovun qohumları yerləşdirilir. O nümunə kimi Vaqif Axundovun qardaşı oğlu Ilham Axundovun və qaynı Hüseyn Əhmədovun adlarını çəkib. Baş leytenant həmçinin bildirib ki, təyinatlar rüşvətlə həyata keçirilir.
Asif Lətifov bildirib ki, onun xidməti uyğunsuzluğa görə işdən çıxarılması absurddur. Baş leytenant fikirlərini əsaslandırmaq üçün ikisini nöqsansız xidmətə görə aldığı 4 medalını təqdim edib. Asif Lətifov əmrdən yuxarı məhkəmə instansiyalarına şikayət vermək, işi Avropa Insan Hüquqları Məhkəməsinə qədər daşımaq niyyətindədir.
Onun həmkarı, gizir Əlicanov 2007-ci ildə qayınatasının özünün də xəbəri olmadığı məhkumluğunu gizlətməsi bəhanəsi ilə qovulub. Əlicanov dəfələrlə XDMX rəhbərliyinə şikayət yazıb və işə qəbul edilməsini xahiş edib, amma imtina cavabı alıb, bundan sonra MTN rəhbərliyinə müraciət edib.
4 noyabr 2011-ci ildə o, XDMX kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun qəbuluna çağırılıb. O, Əlicanovu MTN-lə əməkdaşlıqda ittiham edib. Əlicanov da məhkəmələrdə hüquqlarının bərpasına nail olmaq niyyətindədir.
XDMX-nin sabiq əməkdaşları mətbuat konfransında şok yaradaq bir fakt da açıqlayıblar. Onlar bildirib ki, Ilham Əliyevin, həmçinin mühüm dövlət obyektlərinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunmur. Onlar nümunə kimi Bakı sakininin ölkə başçısının Zuğulbadakı rezidensiyasına maneəsiz daxil olduğunu misal göstəriblər: “Bu hadisə ölkə başçısından gizlədilib. Bakı kəndlərindən birinin sakini olan vətəndaş üz-üzə ölkə başçısının Zuğulbadakı rezidensiyasının yanına çıxıb. Və maneəsiz bağa daxil olub. Bağbana yaxınlaşaraq harada olduğunu öyrənmək istəyib. Yalnız bundan sonra mühafizəçilər rezidensiyanın ərazisində naməlum şəxsin olduğunu biliblər. Məsələ araşdırılandan və həmin şəxsin sıravi vətəndaş olduğu dəqiqləşəndən sonra o sərbəst buraxılıb. Bu məsələ də ört-basdır edilib. Halbuki bu, kifayət qədər ciddi ”çp”dir”.
Informasiya şöbəsi