İlham Əliyevin ABŞ səfərinə proloq…

Bəri başdan qeyd edək ki, bu səfər baş tutarsa, tarixə “intellektual” səfər kimi düşəcək. Məsələ burasındadır ki, Amerikada fəaliyyət göstərən, “Fabiani&Co” lobbi təşkilatı ilə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsis etdiyi Amerika-Azərbaycan (AA) alyansı arasında 2,4 milyon dollarlıq saziş imzalanıb. Bu şirkətin fəaliyyət sahələrini araşdırarkən bir məqam diqqətimizdən qaçmadı. Belə ki, kompaniya fəaliyyəti müddətində hətta on illərlə müxtəlif (əslində məlum – X.Ə.) səbəblərə görə, Amerikaya rəsmi səfər edə bilməyən ölkə başçılarının, Kapitoliyə yolunu açmışdır. Bəli, şirkətin rekvizitində, bu, açıq-aydın yazılıb. Şirkətin görə biləcəyi işlər arasında, bizim coğrafiyadan olan ölkələrə aid çox məhdud fəaliyyətlər olduğundan, prezidentin ABŞ-a səfərini təşkil etmək versiyası ən ağlabatandır. Nazirin oğlu sonrakı addımı ilə bizim haqlı olduğumuzu sübut etdi…     
Lap elə bu yaxınlarda onun Azərbaycan Qolf Federasiyasına prezident seçilməsi də bu “missiya”nın davamıdır. Belə ki, dünyanın ən dahi qolf ustası amerikalı Tayger Vudsdur. Onun ən böyük pərəstişkarı isə… Barak Obamadır. ABŞ prezidenti əlinə imkan düşən kimi, Taygerin yanına gedir, yamyaşıl meşə kənarındakı meydançada ondan qolfun sirlərini öyrənir. Prezident Obama da gələcəkdə dahi qolfçu olacağına ümid edir. Çox yaxın günlərdə qolfçularımızla(!) öyünəcəyimizdən, nəzərinizə çatdırım ki, bu oyunda “yaşın heç fərqi yoxdur”. Obamanın qolf və Tayger fanatı olmasına şübhə edənlər bu linkə tıklaya bilərlər. http://horiwood.com/2010/03/18/president-barack-obama-on-tiger-woods-and-elin-nordegrin/
Zənnimcə, Tayger Vudsla olan bu azərbaycansayağı “variant”ın gələcəyi yoxdur, uzaqbaşı növbəti qolf məşqi zamanı Obama ilə birlikdə luzaya qolf topu diyirlətmək olar, şəkil çəkdirmək olar.
Nə Tayger Vuds, nə də Barak Obama ilə lobbiçiliyə dəxli olan məsələlər haqda danışmaq mümkündür, belə məsələlər üçün qolf meydançası məqbul sayılmır, Konqres və Senat var.
Qolfa “azərbaycansayağı” məhəbbətin “sirri”, zənnimcə, aydın oldu. Amerikanın Şirbalası (Tayger) yəqin ki, var-dövlətini bir az da artıracaq və xalqımız “milli” qolfçularına bu yaxınlarda qovuşacaq…  
Bu qlobal missiyanın hansı xidmətlərinə görə məhz Anar Məmmədova həvalə edildiyini anlaya bilmirəm. Hər gün onların şah əsəri olan ictimai nəqliyyatda, qeyri-adi sərgüzəştlərin qaçılmaz olduğu bir şəraitdə Amerikanı fəth edəcəklərinə şübhəm daha da artır, səxavətlə xərclənən milyonlara heyfim gəlir. Başağrısı olsa da…
…Iki gün əvvəl keçmiş Politexnik Institutunun önündə, “Şamaxinka”ya getmək üçün, 18 (keçmiş 218) nömrəli marşruta mindim. Elmlər Akademiyasını keçdik, Musabəyov parkına çatanda, bu dəfə Mətbuat prospekti ilə, yenidən keçmiş Politexnik Institutunun arxa tərəfinə qayıtdıq, daha sonra “Kaktus” restoranı istiqaməti ilə yenidən avtobusun doğma marşrutuna keçdik. “Günəş petrol”da sola dönərək, marşrutdan çıxdıq, bu dəfə Zərdabi küçəsi ilə yenidən Mətbuat prospektinə qayıtdıq, “Tri korona” deyilən səmtdəki həyətlərdən çıxanda, avtobus artıq hərbi hospital istiqamətində (!) şütüyürdü. Bu “intellektual” səyahətə nə az, nə çox bir saatdan artıq vaxtımız getdi. Diqqət etdiyim ən ilginc məqam isə sürücünün tez-tez sol tərəfdə bərkidilmiş, intellektual monitora baxması idi. Çində hazırlanmış uşaq oyuncaqları kimi işıqları növbə ilə yanıb keçirdi, sarı, qırmızı, yaşıl… Halbuki, 5 dəfə marşrutdan sapan sürücüyə bu “intellektual” monitor, ən azı bir dəfə, nəzakətlə(!), “ağıllı ol” deməli idi, demədi…  
Anar Məmmədovun sahibi olduğu “Transgeyt”(!) şirkəti, eləcə də onun digər yaxın qohumlarının Bakı şəhərində ictimai nəqliyyata cavabdeh olmaları heç kimə sirr deyil. Nəqliyyatdakı “uğur”larını, lobbiçilikdə təkrarlasalar, bu dəfə yəqin ki, Argentinanı(!) qarşımızda bulacağıq. Yeri gəlmişkən, “Geyt” sonluğu ilə bitən qalmaqalların sonunda, adətən, ABŞ prezidentləri istefa verirlər.
Yəni, bu o deməkdir ki, Amerikaya “kəsə” yol, 18 nömrəli marşrutun yoluna bənzəyə bilər, Obamanın da taleyinə “Azərgeyt”(!) yazılar və tarixə qolfa nifrət edən ilk ABŞ prezident kimi düşər.
…Bütün bunlar azmış kimi, sırağagün “Space” telekanalı, hər reklam arası 20.30-da efirə gedəcək ana xəbərin, “Mişel Obama qatıldığı televiziya verilişində utanmadan oynadı” (?) anonsunu təkrarlayırdı…
Qorxumdan xəbərlərə baxmadım, heç hənanın yeridir?..