Hədələnən AXCP fəalı ilə bağlı DİN-ə müraciət olundu

Siyasi Azadlıqları Müdafiə Alyansının (SAMA) müxalifətçi xanımın təhdid edilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubova və İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət edib. Müraciətdə bildirilir: “Narahatlıqla bildiririk ki, son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, təşkilatın Nizami rayon Qadınlar Şurasının sədri və həmin rayon ərazisində yaşayan Xəlilova Kəmalə Kamal qızına naməlum şəxslər tərəfindən təhdidlər edilib. Belə ki, tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq ictimai fəaliyyətinə son qoymağı, əks halda çətinliklərlə üzləşəcəyini söyləyib.

Xəlilova AXCP-nin fəaliyyətində iştirak etdiyi üçün anonim zənglərlə hədələnib. Kəmalə Xəlilova İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa  Konvensiyada nəzərdə tutulan yığıncaqlar və birləşmək azadlığı hüququndan istifadə etdiyinə görə təqib olunur. Bu proses son günlər ardıcıl xarakter alıb. Biz baş vermiş hadisənin Xəlilovanın siyasi fəaliyyət imkanlarının məhdudlaşdıırlmasına yönəldiyini qeyd edərək, bunu Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş – hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı  və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna qarşı yönəldiyini bildiririk. Eyni zamanda bu hadisənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinin (siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə) pozulmasına yönəldiyini, bununla da  cinayət məsuliyyəti yaratdığını qeyd edirik”.  SAMA K.Xəlilovaya qarşı təhdidləri siyasi xarakterli hesab edərək, onun Konstitusiya və müvafiq qanunları əsasında hüquqi müdafiəsinin təşkil olunmasını vacib sayır: “Biz bu hadisəni kobud qanun pozuntusu hesab edərək, ağır nəticələr verəcəyini bildirir və xahiş edirik ki, öz səlahiyyətinizə uyğun olaraq, Xəlilovaya yönələn təhdidlərin qarşısının alınması və bu əməlləri törədən şəxslərin qanun qarşısında cavab verməsi üçün  tədbirlər görəsiniz” – deyə müraciətdə bildirilir.