
Mədəniyyət və Turizm Nazirliyinin göstərişi yerinə yetirilsə, xalq artistləri Səyavuş Aslan, Rafiq Əzimov, Rafael Dadaşov, Ramiz Məlikov və Hacı Ismayılov təqaüdə göndəriləcək. Belə ki, nazirliyin Milli Dram Teatrına göndərdiyi 65 yaşdan yuxarı aktyor və texniki işçilərdən ibarət siyahıda adıçəkilən aktyorlar da var. Teatrın direktoru Israfil Israfilov məlumatı təsdiqləsə də, məsələyə yenidən baxılması üçün nazirliyə müraciət etdiyini də deyib.
Əslində yuxarıda adları qeyd olunan aktyorların siyahıdan çıxarılmalı olduğunu teatr direktoru yox, Mədəniyyət Nazirliyi özü başa düşməli, bunun üçün kimdənsə xahiş gözləməməli idi. Çünki həmin aktyorlar Azərbaycanın az sayda qalan istedadlarıdır, hətta Azərbaycan kino və teatr sənətinin qaymaqlarıdır.
Xalq artisti Rasim Balayev qəzetimizə açıqlamasında bu aktyorların təqaüdə göndərilməsini yanlış addım kimi qiymətləndirib: “Onların hamısı çox istedadlı və lazımlı aktyorlardır. Yaşa görə belə qərar vermək olmaz. Çünki səhnəyə yaşlı aktyorlar da lazımdır. Bu gün səhnədə də, kinoda da bizim ən böyük problemimiz yaşlı aktyorlarımızın olmamasıdır. Başqa sahələrdə yaşa görə təqaüdə göndərmək olar, amma bizim sahədə düzgün deyil. Bəzi aktyorlar müqavilə bağlayıb gəlmirlər və ya repertuarda olmurlar, bu başqa məsələdir. Amma təcrübəli, istedadlı aktyorların təqaüdə göndərilməsi düzgün addım deyil”.
Tanınmış ziyalı Eldəniz Quliyev isə hesab edir ki, bu, Mədəniyyət Nazirliyinin ən uğursuz qərarıdır: “Balaca uşağa da məlumdur ki, yaşlı aktyorları nəinki səhnədən uzaqlaşdırmırlar, əksinə onları qoruyurlar. Bu cür insanlar həm də məktəbdilər. Gənclər səhnədə onlardan öyrənməlidilər. 30 yaşında adama necə yaşlı rolunu verəcəklər? Yaxud 18 yaşlı oğlana deyəcəklər Dədə Qorqudu oyna? Bu absurd bir şeydir. Bu məsələ ilə bağlı mütləq ictimai qınaq olmalıdır. Amma problem ondadır ki, bütün dünya ictimai rəylə hesablaşdığı halda, bizim hakimiyyət nəinki ictimai rəyi nəzərə almır, hətta ələ də salır”.


