Bu qədər “Olmaz!”larla Azərbaycan necə azad olacaq?

Bir ölkənin azad insanları nə qədərdirsə, azadlığı da o qədərdir. Bir ölkənin insanları azad olmayınca, köləlik hissindən qurtulmayınca, içindəki mütiliyi yenməyincə o ölkənin azadlığı xəyaldır, yuxudur.
Ətrafınıza baxın. Orada yalnız ölkədəki bu çirkin sistem qarşısında təslim olmuş, ağ bayraq qaldırmış adamlar görməyəcəksiniz ki… Ətrafımız yalnız bütpərəstlərdən, Ilham Əliyevin adı gələndə ikiqat əyilənlərdən ibarət deyil ki. Biz bu gün yalnız sistemə əsir düşənlərin çoxluğundan əziyyət çəkmirik ki.
Bu gün az qala, istənilən tənqid, istənilən etiraz top-tüfənglə qarşılanır Azərbaycanda. Hakimiyyətlə hər şey aydındır. Rejimin diletantlığında qeyri-adi heç nə yoxdur, bunlardan heç kim fərqli sözə, alternativ fikrə hörmət tələb etmir. Bəs başqa mövzularda, başqa məsələlərdə niyə tənqid olmaz? Bəs niyə dini tənqid edəndə də topa tutulursan, muğama güldən ağır söz deyəndə də? Niyə saza yan gözlə baxmaq da suçdur? Niyə dolma da toxunulmazdır, bəs?
Niyə istənilən aykırı sözün cavabı linçdir bu ölkədə? Niyə tarixə tərs köşədən baxmağın bədəli mənəvi terrordur? Niyə şəxslərə fərqli bucaqdan baxmağın cəzası şillədir, yumruqdur, təpikdir, bıçaqdır, yabadır, dəhrədir bu ölkədə? Niyə axı, niyə?
Bu qədər stereotiplərlə, bu qədər komplekslərlə, bu qədər tabularla necə azad olacaq bu ölkə? Tarixin, mentalitetin, dinin, folklorun bu qədər girovu olmağa davam etdikcə necə azad olacağıq? Necə çıxacaq qaranlıqlar aydınlığa? Öz keçmişi ilə, öz dünəni ilə, öz milli-mənəvi dəyərləri ilə üzləşmək istəməyən, onu dartışmalara, müzakirələrə bağlı elan edən bir toplum necə qovuşacaq çağdaşlığa, necə ayaqlaşacaq zamanla?
Bu ölkədə qorxulu olmayan kim var?
Bu ölkənin insanı körpəliyindən yasaqlara, qadağalara öyrədilir. “Olmaz!” – budur Azərbaycan ailəsinin ən işlək, ən qüdrətli, ən əvəzedilməz sözü. Sadəcə, söz də deyil, hökmdür, fərmandır, Konstitusiyanın yazılmamış maddəsidir. Evdə – valideynin üzünə qayıtmaq olmaz. Işdə – müdirin, yolda – polisin, məktəbdə – müəllimin, toyda – tamadanın, yasda – mollanın üzünə qayıtmaq olmaz. Haqlı olsan belə, olmaz! Və indi allah eşqinə deyin, bu qədər “olmazlar”la Azərbaycan necə azad olacaq?
Evin içində hamını ailə başçısı kimi düşünməyə zorlayan bir zehniyyətin hökm sürdüyü ölkədə evin çölündə hamının dövlət başçısı kimi düşünməyə məcbur edilməsindən məntiqəuyğun nə var, deyə bilərsinizmi?
Prezidentdən qorx. Icra başçısından qorx. Molladan qorx. Meyxanaçıdan qorx. Aşıqdan qorx. Xalçaçıdan qorx. Xanəndədən qorx. Koroğludan qorx. “Yanıq Kərəm”indən qorx – bu ruhda yetişdirilir bu ölkənin insanı. Qorxular, tabular içində böyüdülür.
Yaxşı, soruşmaq ayıb olmasın, qorxulu olmayan kim var bu ölkədə? Hamı toxunulmazdırsa, toxunmaq – yanmaqdırsa, linç olunmaqdırsa, terror edilməkdirsə, necə sarsılacaq bu ölkədə xof imperiyasının dayaqları?
Istənilən tənqid rejimə ziyandır, bizə yox
Artıq bunu öyrənəcəyik, öyrənməliyik: hər şey və hər kəs dartışılacaq bu ölkədə. Toxunulmaz heç kim və heç nə olmayacaq.
Içimizdən silib atacağıq illərin, əsrlərin kif bağlamış, bərkimiş stereotiplərini. Komplekslərimizdən, tabularımızdan azad olacağıq.
Azad olacağıq ki, Azərbaycan azad olsun.
Biz nə qədər azad olsaq, o qədər böyüyəcək bu ölkədə azadlığın sərhədləri. Azadlığın hüdudları o qədər böyüyəcək.
Hamıdan yalnız Ilham Əliyevi tənqid etməyi gözləməyək. Hamının buna ürəyi, cəsarəti yetməyə bilər. Eybi yox, qoy onlar da başqa mövzularda tənqid yazsınlar, tənqid söyləsinlər. Onlar da başqa tabuları dağıtsınlar.
Əmin olun ki, istənilən tənqid ümumi işimizin xeyrinədir. Bir canlanma, bir dirilmə yaradır.
Lütfən, heç kim deməsin ki, qeyri-siyasi mövzularda polemikalar, fikir toqquşmaları yaratmaq hakimiyyətə sərf edir ki, əsas problemlərdən diqqəti yayındırsın. Tamamilə yanlış yanaşmadır. Belə olsaydı, hakimiyyət öz telekanallarında səhərdən axşama kimi, bu cür polemikalara niyə meydan vermir?
Çünki rejim heç bir tənqid mühiti arzulamır. Heç bir fikir toqquşması istəmir. Bilir ki, hətta “Yanıq Kərəm”i oynamaq olar, ya yox?” janrında ən düşük polemikanın belə, sonda “Hakimiyyətin çaldığı havaya oynamaq olar, ya yox?” kimi ciddi mübahisəyə çevrilmək təhlükəsi var.