Bilmədiyiniz böyük bir oğurluq haqda

Dövlət Neft Fondunun yeni tikilən inzibati binasının dəyəri açıqlanıb.  Bina 84,9 milyon avroya başa gələcək. Təxminən 85 işçinin çalışdığı bir qurum üçün belə bahalı binanın tikintisi istənilən normal ölkədə gülüş və etirazla qarşılanar, mümkün olmazdı.  Təkcə illik gəliri (30 milyard dollara yaxın)  bizim Neft Fondunun cəmi vəsaitlərinə bərabər olan  Norveç Neft Fondunun ağlına gəlmir ki, bundan 5 dəfə ucuz bir binaya sahib olsun. Adamlar sadə bir ofisdə oturub bütün dünyaya səpələnmiş minlərlə şirkətin aktivlərini idarə edirlər.
Belə bir bina tikməyə ölkənin pullarını talan etməkdən başqa bir ad vermək olmaz. Bu binanın təməlini isə özünü orta əsr padşahlarından səlahiyyətli aparan Ilham Əliyev 2009-cu ildə Neft Fondunun 10 illik yubileyi günü – dekabrın 29-da qoyub.
Hələ o zaman açıqlanmışdı ki, hündürlüyü 117 metr, ümumi sahəsi 13 min kv. metr olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur.
Təmiz özbaşınalıqdır. Halbuki, Fonda indiki ofisi də bəs edirdi. Bu bəs etmirdisə, onda ARDNŞ-in yeni tikilən fantastik binasında ona yer vermək olardı. Axı ARDNŞ özünə 235 milyon dollara hərəsi 42 mərtəbə olan 2 qüllədən ibarət yeni bina tikir. Fond ora da yerləşmirdisə, elə ARDNŞ-in indiki binasına köçə bilərdi.
Onu da istəmirsə, özünə yeni inzibati bina tikən Mərkəzi Bankın indiki möhtəşəm binasına köçə bilərdi. Ümumiyyətlə anlamaq olur, axı bu nə tikə-tikdir? Hərə özünə yeni bina tikirsə, köhnələrdə at-eşşəkmi saxlayacaqlar?
Gəlin, layihənin qiyməti ilə bağlı bəzi müqayisələr aparaq. Təxminən 88 milyon manata (və yaxud 111 milyon dollara) başa gələn binada 17 min kv. metrlik istifadə sahəsi var. 1 kv. metrin tikintisi 5176  manata düşür.
7 may 2010-cu ildə Ilham Əliyev Kür daşqınlarına həsr olunmuş müşavirədə Bakının köçürülən ərazilərində əhalinin ödənilən pullardan narazılığını qınayaraq, Bakıda  ən bahalı binalarda 1 kvadrat metrin qiymətinin 1500-1600 manat olduğunu demişdi. Xatırladaq ki, bu, satış qiymətidir. Ora biznes adamları öz qazanclarını da əlavə ediblər. Deməli, həmin bahalı bina bundan az xərcə başa gəlib və 1 kvadrat metrin maya dəyəri 1500-1600 manatdan xeyli azdır. Üstəlik, onlar bina üçün torpaq sahəsini, icazəni xeyli baha alırlar. Dövlət bu xərcləri çəkmir, qiymətə satış qazancı da əlavə etmir. Onda Bakının ən bahalı yerində ən bahalı tikintinin 1 kvadrat metrinin 1500 AZN-dən xeyli aşağı qiymətə başa gəldiyini qəbul etməliyik. Tutaq ki, 1000 manata.
Neft Fondunun yeni binasında isə xərclər Ilham Əliyevin dediyindən də 3 dəfə çoxdur. Dünyanın heç bir yerində 1 kv. metri 6500 dollara başa gələn tikintiyə rast gələ bilməzsiniz.  Təkcə Azərbaycandan başqa…
Qazaxıstanın Asıl Tacı (Emerald Toers) ilə müqayisə
Astanadakı «Asıl Tac» – «Emerald Toers» 350 milyon dollara başa gəlib, 2010-cu ildə açılıb. 37, 43 və 54 mərtəbəli 3 bina-əkizdən ibarət olan bu kompleksin ən hündürü 210 metr olsa da 280 min kv.m. sahəyə sahibdir və 15 min adamın işləməsinə imkan verir.  
Bina 350 milyon dollara başa gəlsə də, 15 min nəfər işləyəcək burada. Neft Fondu isə 100 nəfərə 111 milyon dollarlıq bina tikir. Üstəlik, «Asıl Tac»ın 1 kv.metri 1250 dollara başa gəlib, təxminən 1000 manata. Amma biz Neft Fonduna 5 dəfə baha qiymətə bina tikirik.