Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik

Milli məktəblərdən başlayaraq

Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər sahələrdə olduğu kimi xalq təhsilinin inkişafı üçün də böyük işlər görülmüş, mühüm islahatlar həyata keçirilmişdir. Bu istiqamətdə Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu.
Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbayan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensivÿtədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.
Cümhuriyyət hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.
Müəllimlər seminariyaları istisna olmaqla, 1919-20-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrları və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək idi. XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər.
1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.
Xalq maarifi milli konsepsiya kimi
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və Xalq Maarifi Nazirliyi ölkədə Bakı Dövlət Universitetinin, Əkinçilik Institutu və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırdı. Bunlardan ancaq birini – Bakı Dövlət Universitetini açmaq mümkün oldu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ibtidai təhsil şəbəkəsinin genişləndirilməsi mümkün oldu. 1919-cu ildə ölkədə dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün xüsusi kurslar açıldı.
Xalq maarifinin milli konsepsiyada təşkili ön plana çəkildi; ümumi icbari təhsil layihələri hazırlandı; kənd və şəhərlərdə yeni məktəblər açıldı. Məktəbin tərəqqisinin müəllimlərlə bağlı olduğunu dərk edən nazirlik milli məktəblər üçün müəllim hazırlanması probleminin həllini darülmüəllimlər şəbəkəsinin genişləndirilməsində görürdü.
Artıq 1919-cu ildə Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 “Müqəddəs Nina” qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün (40 nəfər idi) pansion açıldı.
1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakıda Darülmüəllimin və Darülmüəllimat, Nuxada Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və Şuşada belə tipli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu.
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bütün kitablarını, avadanlığını və vəsaitini vaqonlara doldurub 1918-ci il sentyabrın 1-də Qazax şəhərinin 9 kilometrliyində olan Ağstafa stansiyasına gətirmişdilər. Bütün bu işlər F.B.Köçərlinin rəhbərliyi və bilavasitə iştirakı ilə görülmüşdü. Sentyabrın 17-də seminariyada dərslər başlanmış, Firudin bəy Köçərli Qori Seminariyasının məzunları Y.Qasımov, I.Vəkilov, Ə.Hüseynov, M.Hüseynovu müəllim sifəti ilə seminariyaya cəlb etmişdi.
Cümhuriyyət dövründə maarif sahəsində fəaliyyət təkcə bunlarla məhdudlaşmırdı. Tədqiqatların nəticələrində qeyd olunur: Azərbaycan Demokratik Cümhuriyyəti zamanı Xalq Maarifi Nazirliyi bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək ürfan ordusunun hazırlanması üçün ali, orta və ibtidai məktəblər açır, kurslar təşkil edir, digər tərəfdən nəşriyyat – tərcümə komissiyasının köməyi ilə dərsliklər, tədris vəsaitləri hazırladıb çap etdirirdi.
Cümhuriyyətin təhsil uğurları
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində uğurlu tədbirlərindən biri də təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini yaratması idi. Bu dövrdə peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud olanların inkişaf etdirilməsi sahəsində də konkret addımlar atıldı.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti təkcə mümkün olanların deyil, hətta o zamana görə mümkünsüz sayılan bir çox ümummilli problemlərin həllində real addımlar atmış, yaxud da tariximizin ondan sonrakı dövrlərində həyata keçirilmiş çoxsaylı maarif, təhsil, mədəniyyət məsələlərinin təməlini, əsasını qoymuş, görüləcək bir çox işlərin ilkin layihələrini hazırlamış, ideya əsaslarını vermişdir.
Azərbaycanda dövlət universitetinin açılması haqqında rəsmi qanun 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti tərəfindən qəbul olunmuşdur. Tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri olacaq ali məktəbdə ilk dərslər həmin il noyabrın 15-də başlamışdır.
Ali təhsil sahəsində AXC-nin fəaliyyəti təkcə Bakı Dövlət Universitetini yaratmaq, bu yolla ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məsələsini həll etməklə məhdudlaşmamışdır.
Xaricdə ali təhsilli mütəxəssis hazırlığı məsələsi dövlət və hökumət səviyyəsində müzakirə obyekti oldu.
Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda dövlət universitetinin açılması haqqında qanunla bərabər, 1919-20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında da qərar qəbul etdi. Bunun üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər.
XX əsrin əvvəllərində sosial-siyasi, ictimai-iqtisadi sahələrdə oyanış və intibah ümummilli hərəkatın faktorlarına çevrilmiş, nəticədə dünyəvi təhsili qurub inkişaf etdirmək üçün müəllim kadrları hazırlığı vacib və ümdə amil sayılmışdır.
Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti zamanında “dünyəvi dövlət, dünyəvi təhsil və mədəniyyət” prinsipləri ardıcıl həyata keçirilmişdir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir