Xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımova qardaşı Kazım Kazımzadənin həbsi ilə bağlı xəbərlərə münasibət bildirib. Kazımova “milli.az” portalına bunları deyib:
“Xəbəri mən də saytlardan oxudum. Az əvvəl yuxudan oyandığım üçün baş verən hadisənin təfərrüatları barədə məlumatsızam. Mənim hansısa işim olanda, məgər, buna qardaşım qarışır? Biznesmen adamdır və başına iş gəlib. Əlbəttə ki, gün ərzində məsələ ilə maraqlanacağam. Yazılan xəbərlər sensasiyalı başlıqla dərc olunur: “Aygün Kazımovanın qardaşı həbs olundu”. İndi o, mənim qardaşım olmasaydı, bu söhbət bu dərəcədə şişməyəcəkdi axı. Bir daha bəyan edirəm ki, biz bir-birimizin işinə qarışmırıq. Qardaşım yetkin insandır, onun ailəsi, öz işi, mənim həyatım ayrı. Heç vaxt bir-birimizə hesabat vermirik. Amma dediyim kimi, maraqlanacağam. Və yəqin ki, açıqlamam olacaq”.
***
Aygün Kazımovanın qardaşı həbs edildi
Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşı həbs edilib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Anar Süleymanov məlumat verib.
Onun sözlərinə görə, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.
Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurub. Onun bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili A. Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq istintaqa təhvil verib. K. Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib.
A. Süleymanov vətəndaşlara müraciət edərək K. Kazımovla bağlı şikayəti olan şəxslərin Xətai Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edib.