Amerikadan Rafiq Əliyevə dəstək və ya…

Ramiz Mehdiyevə qınaq məktubu

ABŞ-da yaşayan azərbaycanlı professor, texnika elmləri doktoru Tofiq Şahtaxtinski “Azadlıq”a yazdığı növbəti məqaləni dünya şöhrətli alimimiz Rafiq Əliyevə qarşı ölkədə təşkil olunan kampaniyaya cavab üzərində qurub. Amma məqalədə hər hansı qarşılıqlı ittihama rast gəlməyəcəksiz. Tofiq Şahtaxtinski sanki, bir vaxtlar iş yoldaşı olmuş Rafiq Əliyevi Azərbaycan hakimiyyətinə, ona qarşı kampaniya aparanlara tanıtmaq istəyib.

TƏHSİLƏ, BİLİYƏ, ELMƏ QİYMƏT VERİLMƏYƏN ÖLKƏDƏ YAŞAYAN DÜNYA ŞÖHRƏTLİ ALİM

Tofiq Şahtaxtinski

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) işlədiyim dövrdə, ixtisasca kafedramıza yaxın “Avtomatlaşdırılmış İdarəetmə Sistemləri” (AİS) kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin təhsil və elm sahəsindəki, deyərdim , FENOMENAL nailiyyətləri məni məcbur edirdi ki, rəhbərlik etdiyi kafedraya gedib onun fəaliyyətilə yaxından tanış olum və öz fəxrimi bildirim. İnformasiya və idarəetmə sahəsinə gətirdiyi yeniliklər, “Süni intellekt” və “Qeyri səlis məntiq” nəzəriyyələrinin yaradıcısı kimi dünya elmində parlaması, İranın, Avropanın, ABŞ-nın tanınmış universitetlərinə professor seçilməsi, Beynəlxalq Proqrqmlaşdırma Mərkəzlərinin direktoru, “Zadə irsi və süni intellekt Assosasiyası”nın prezidenti seçilməsi, olkəmizdə , o cümlədən xaricdə 130 dan çox (!) elmlər namizədi, 25 (!) elmlər doktoru yetişdirməsi, 70-ə yaxın (!) kitabın, o cümlədən, dünyanın 5 qitəsinə məxsus universitetlərdə (!) istifadə olunan dərsliklərin və əksəriyyəti xarici ölkə elmi-texniki məcmuələrində dərc olunmuş 370-dən çox (!) elmi məqalələrin müəllifi olması biz həmkarlarını valeh etməyə bilməzdi.
Digər tərəfdən də sülalə hakimiyyətinə bağlı xəbis insanların onun bu nailiyyətlərinə kölğə salması, heç elmdən xəbəri olmayan  adamların professor olmadan birbaşa akademik seçildiyi halda, belə alimin AMEA-nın həqiqi üzvü seçilməsinə maneçilik törətmələri bizi hiddətləndirir, iyrənc insanlara, onları himayə edən  bugünkü ədalətsiz hakimiyyətə nifrət hissi doğururdu.
ABŞ-a gəldiyim gündən, bir təhsil işçisi kimi, bu olkənin təhsil sisteminin quruluşu, ixtisas fənlərinin tədris metodikası, universitet və kollec məzunlarının iş  yerlərilə təmin oluna bilmələri  və s. bu kimi məsələlər ətrafında məlumatlar toplayıb “Azadlıq” qəzetinə silsilə yazı vermək arzusunda olmuşam. Bu məqsədlə ABŞ-n bir neçə dünya şöhrətli universitet və kolleclərində olub lazımi materiallar əldə etmişəm. Müasir informasiya texnologiyaları – “Fuzzi logic”, “Neural Netvorks”, “Genetrik algoritms” və eləcə də “Süni intellekt”, “Qeyri səlis məntiq və Soft Computing” məsələləri tədris olunan universitet və kolleclərin kitabxanalarında həmyerlimizin ən popular dərslikləri sayılan, necə deyərlər, samballı – 460 və 462 səhifəlik “Soft Computing and its Applications”(Wold Scelentific, 2001) və  “Soft Computing and its Applications in Business and Economics”(Springer, 2004) kitablarını, eləcə də bu dərsliklərin tədrisinə kömək məqsədilə müəllifin yazdığı dərs vəsaitlərini əlimə aldıqca qürur hissi duymuşam.
ABŞ-da Massaçustes Texniki Universiteti ölkənin şimal hissəsində texniki elmlərin tədrisi və tədqiqatları üzrə mərkəz sayıldığı kimi, ölkənin cənubunda bunu Corciya ştatının paytaxtı Atlantada yerləşən Corciya Texnoloji İnstitutuna aid edirlər. 20.000 bakalavr və magistr təhsili alan, 6 müxtəlif profilli kollecləri özündə birləşdirən bu nəhəng təhsil və elmi-tədqiqat işləri mərkəzi, tələbə və müəllimlərin yaşayış və idman komplekslərilə birlikdə 160 kv.km. sahəni əhatə edir. Dövlətin (federal) himayəsində  olan institutun kolleclərindən biri “Kompüter elmləri kolleci”, onun elmi mərkəzi isə “Robototexnika və intellektual maşınlar mərkəzi” adlanır. Maraqlandığım suallarla əlaqədar bu günlərdə həmin kollecdə də olmaq mənə nəsb oldu. ADNA-da işlədiyim dövrdə Rafiq müəllimin kollecin professoru, onun dərsliklərindən tədris prosesində geniş istifadə edən cənab George İ.Vatchevanos ilə əməkdaşlıq etdiyini bilirdim. Kollecə getməmişdən əvvəl ona zəng etdik, professor ezamiyyətə getməsilə əlaqədar orada olmayacağını desə də, onun tapşırığı ilə bizi maraqlandıran suallara aydınlıq gətiriləcəyini söylədi. Kollecdə təhsillə bağlı məni maraqlandıran suallardan sonra Rafiq müəllimin dərslikləri və dərs vəsaitləri barədə söhbət açdıq. Bizə dedilər ki, 2000-ci illərin əvvəllərində onun “Soft Computing and its Applications”(Wold Scelentig, 2001) dərsliyi kompüter elmlərinin tədrisi sahəsində kollecin sillabuslarına (tədris proqramlarına) salınan dərslik və dərs vəsaitlərinin ön planında getdiyi kimi, cənab Rafiq Əliyevin 2004-cü ildə çapdan çıxmış “Soft Computing and its Applications in Business and Economics” dərsliyi və ona əlavə edilmiş dərs vəsaitləri də bu gün sillabuslarda ön planda gedirlər. Qeyd etdilər ki, professor George Vatchevanosun fikrincə, tələbələr bu dərslikləri metodiki baxımdan daha yaxşı mənimsəyir və kursu asan başa vururlar. Əlbəttə, haqqında yüksək və ləyaqətli fikrlər söylənən həmyerlimizə ölkəmizdə hakimiyyətin göstərdiyi hörmətsizliklər barədə bir kəlmə söz deməyi özümüzə sığışdırmadıq, hökumətimizlə birlikdə bizə də nifrət edəcəklərindən çəkindik.
Bu yazını yazmaqda əsas məqsədim odur ki, üzümü respublika Prezident Administrasiyasının rəhbəri, həmyaşıdım cənab Ramiz Mehtiyevə tutub ondan Rafiq müəllimin yuxarıda bir hissəsini sadaladığım ELMİ NAİLİYYƏTLƏRİNİ oxuduqca rəhbərlik etdiyi aparatın belə DÜNYA ŞÖHRƏTLİ ALİMƏ etdiyi hörmətsizlikləri özünə necə sığışdıra bildiyini soruşum. Axı biz də az-çox “yazı-pozu” yolu keçmişik, mən təsəvvür edə bilmirəm, insan bunlara nail olmaq üçün nə qədər YÜKSƏK QABİLİYYƏTƏ malik olmalıdır. Siz necə, təsəvvür edə bilirsinizmi, yoldaş elmi kommunizm akademiki?  Bir alim kimi sözünüzü Rafiq Əliyevin özünə deyə bilmək iqtidarında deyilsinizsə, onda verdiyiniz bir tikə çörəyə giriftar olan o zavallı, savadsız dövlət məmurlarını elə NƏHƏNGİN üstünə göndərməyin, heç olmazsa, onlara yazığınız gəlsin…