ABŞ və Avropa Tehrana qarşı birləşdi

Qərb Iran əleyhinə daha sərt tədbirlər planının tətbiqinə hazırlaşır

Rusiya isə Tehrana qarşı neft sanksiyalarını pislədi

Iranın nüvə proqramı ətrafında yaranmış gərginlik yenidən artıb. Son günlər bütün tənqid və təhdidlərə baxmayaraq, nüvə fəaliyyətini davam etdirəcəyini bəyan edən Irana qarşı təpkilər də intensivləşib. Başda ABŞ və Avropa olmaqla, Qərb ölkələri Tehrana qarşı yeni və daha sərt addımların atılmasını planlaşdırır. Xüsusən, iqtisadi və siyasi qadağaların daha da ağırlaşdırılması nəzərdə tutulur.

Yaponiya Qərb cəbhəsində yer aldı

Hazırda bəzi Qərb ölkələri Irana qarşı neft qadağasının qəbulunu müzakirə edir. Bir sıra dövlətlər isə neft qadağasının yalnız Irana deyil, başqa ölkələrə də ciddi mənfi təsir göstərəcəyini bildirir. Yaponiya hökuməti Irandan neft idxalını tamamilə olmasa da, tədricən azaldacaq. Yaponiyanın maliyyə naziri Dzyun Adzumi ABŞ maliyyə naziri Timoti Qeytner ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəyə ixrac olunan neftin 10 faizi Iranın payına düşür. Irana qarşı neft sanksiyaları dünya və Yaponiya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Onun amerikalı həmkarı Timoti Qeytner isə Iran Milli Bankının dünya maliyyə sistemindən təcrid edilməsi və neftdən gələn gəlirlərinin dayandırılmasının vacibliyini vurğulayıb.
BMT Təhlükəsizlik Şurasında Tehran rejiminə qarşı sərt addımları nəzərdə tutan layihələrə qarşı çıxan və Iranla bütün sahələrdə əməkdaşlığı davam etdirən Rusiya Iran neftinə sanksiyaların əleyhinə olduğunu bəyan edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, rəsmi Moskva Iran neftinə qadağaları kəskin şəkildə qınayır. Nazir müavini deyib ki, bu cür addımlar əvvəllər yaranmış problemin danışıqlar yolu ilə həllini çətinləşdirir. Ryabkov Irana qarşı hərbi əməliyyatların yolverilməz olduğunu da əlavə edib.

Türkiyə də Irana qarşı sanksiyaların tətbiqinə hazırlaşır

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bəyan edib ki, Türkiyə də Irana sanksiya tətbiq etməyi planlaşdırır. Ankara bunun üçün bəzi məsələləri diqqətlə nəzərdən keçirir. Onun sözlərinə görə, ABŞ Irandakı vəziyyətlə bağlı aylardır Türkiyə hökumətilə danışıqlar aparır: “Türkiyə Irana sanksiya tətbiq etməyin yollarını araşdırır. Amma bu ölkələr qonşudur və ticarət münasibətləri var. Ankara daha az itki verməklə uğurlu addımların atılması yollarını axtarır”.
Tehrana qarşı neft qadağalarının tətbiqinə müsbət yanaşmayan Italiya Iranın uranı zənginləşdirməsinin rəsmi Romanın ciddi narahatlığına səbəb olduğunu bəyan edib. Italiya Xarici Işlər Nazirliyinin mətbuat katibi Maurisio Massari bildirib ki, Iranın Fordo dağında yeni nüvə obyektini açması və uranın zənginləşdirilməsi prosesini davam etdirməsi qınanmalıdır. Sözçü Iranı BMT Təhlükəsizlik Şurası və MAQATE-nin qərarlarından yayınmaqda günahlandırıb: “Bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsindən başqa yol yoxdur. Ancaq bunun üçün ilk növbədə Iranın nüvə proqramını davam etdirməsi üçün ehtiyac duyduğu şeylərə sanksiya tətbiq etmək vacibdir”.
Avropa Birliyinin Irana qarşı mövqeyində də son günlər sərtləşmə hiss olunur. Quruma üzv ölkələrin xarici işlər nazirləri yanvarın 23-də Iran neftindən imtina məsələsini müzakirə etməyi planlaşdırır. Birliyin insan hüquqları və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton Islam Respublikasına qarşı hərbi əməliyyatların başlamayacağını, sanksiyaların isə sərtləşdiriləcəyini deyib.
Danimarkanın xarici işlər naziri Vili Seundal da söyləyib ki, yanvarın 23-də keçiriləcək toplantıda Iran neftinə embarqo və bu ölkənin maliyyə institutlarına təsir məsələlərinin müzakirəsi gözlənilir.

BMT-də fövqəladə Iran toplantısı

BMT Təhlükəsizlik Şurası isə Iranın nüvə proqramı ilə bağlı fövqəladə məsləhətləşmələr keçirib. Təhlükəsizlik Şurası Tehran rejimindən uranın zənginləşdirilməsini dayandırmağı və vasitəçi dövlətlər olan “altılıq”la danışıqların davam etdirilməsini istəyib.
Qeyd edək ki, fövqəladə məsləhətləşmələr Fransanın təşəbbüsü ilə keçirilib və bağlı qapılar arxasında aparılıb. Görüşdən sonra Fransanın BMT-dəki nümayəndəsinin müavini Martin Brins deyib ki, Iranın uranı 20 faizə qədər zənginləşdirməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) 2011-ci ilin noyabrında qəbul etdiyi qətnaməyə və BMT Təhlükəsizlik Şurasının 6 qətnaməsinə ziddir. O bildirib ki, Fransa Iranın nüvə proqramı ilə bağlı “təzyiq və dialoq” siyasəti yürüdür.
Bu arada, məlum olub ki, MAQATE müfəttişləri yaxın günlərdə Irana səfər edəcək. Müfəttişlərin Iranın nüvə proqramı, xüsusilə, yaxın günlərdə işə düşəcəyi açıqlanan Qum şəhəri yaxınlığındakı dağın içərisində yerləşən Fordo nüvə obyektinin uranın zənginləşdirilməsi prosesinə başlanması prosesini araşdıracağı gözlənilir.
Nüvə proqramına görə sərt tənqid olunan Iran parlamentinin spikeri Əli Laricanı Türkiyəyə səfəri zamanı bildirib ki, Tehran nüvə silahı əldə etmək fikrində deyil. Nüvə silahı hazırlamaq dini dəyərlərə ziddir: “Ayətullah Əli Xamneyinin də dediyi kimi, nüvə silahı, kütləvi qırğın silahları haramdır”.
Iranla Qərb ölkələri arasında son günlər yaranmış gərginliyin başqa bir səbəbi də Tehranın dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazını bağlayacağına dair hədələrdir. Iran Hörmüz boğazında keçirdiyi hərbi təlimlər zamanı ABŞ-a məxsus hərbi gəmilərin bölgədə hərəkətə keçməsi iki ölkə arasında gərginliyi daha da artırmışdı. Lakin ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, Ərəb körfəzinə təyyarə gəmilərinin göndərilməsi Iranın Hörmüz boğazını bağlaması təhdidi ilə əlaqəli deyil.

Vaşinqton Tehrana qarşı həmlələrini gücləndirəcək

Ekspertlərin fikrincə, Tehran əleyhinə sərt tədbirlərin gündəmə gəlməsi yaxın günlərdə Qərb-Iran gərginliyinin artacağına işarədir. Qərb Irana qarşı hərbi müdaxilə variantını son yol olaraq işə salmağa çalışsa da, bu, tamamilə mümkündür. Çünki Tehran yalnız nüvə proqramıyla deyil, artıq bir çox məsələlərdə Qərb üçün ciddi maneələr yaratmağa başlayıb. Iran Hörmüz boğazıyla bağlı qanun layihəsi hazırlayır. Layihə parlamentdən keçəcəyi təqdirdə Iran Qərbə, eləcə də müttəfiqlərinə bölgədə ciddi problemlər yaradacaq.
Digər tərəfdən, Tehran Suriyada Bəşər Əsəd rejiminə və “Hizbullah” kimi terror təşkilatlarına da siyasi-maliyyə və hərbi yardımlarını davam etdirir. Bu da Qərb üçün ciddi başağrısına çevrilib. Belə olan halda, ABŞ Iran əleyhinə kampaniyanı gücləndirməkdə israrlıdır.

Turan