Vaşinqton İsrailə 9 minlik kontingent göndərir; Obama Netanyahuya zəng vurdu
Son günlər Qərb İran gərginliyin artması dünyada yeni müharibə ocağının yarandığından xəbər verir. Türkiyə mətbuatı Qərb ölkələrindəki hərbi mənbələrə istinad edərək bildirib ki, Yaxın Şərqdə gərginlik artdığı bir vaxtda İranın Hörmüz boğazında ikinci hərbi dəniz təlimləri keçirməyə hazırlaşdığını açıqlamasından sonra ABŞ İsrailə hərbi qüvvələr yerləşdirmək qərarına gəlib. Ağ ev rəhbəri Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. Telefon söhbətində Orta Şərq və İranda baş verən hadisələr əsas müzakirə mövzusu olub. Liderlər İranla bağlı son vəziyyəti dəyərləndiriblər. Onlar Tehranın beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün dünya ictimaiyyətinin səylərini davam etdirməsinin vacibliyini vurğulayıblar.
“International Middle East Media Center”ın xəbərinə görə, ABŞ-a məxsus hərbi təyyarə daşıyan bir gəmiylə yanaşı, raket əleyhinə radarlar, raket hücumları üçün nəzərdə tutulmuş sursat, hərbi personal, dənizçilər, texnik və kəşfiyyatçı zabitlərin də daxil olduğu 9 minlik heyət yaxın həftələrdə İsrail sahillərinə doğru yön alacaq. Bu heyətin bir hissəsi İrana yönəlik hərbi müdaxiləyə hazır olma məqsədiylə İsrailə yerləşdiriləcək. Qüvvələr bölgəyə İrana təcili müdaxilə ssenarisinə uyğun olaraq yerləşdirilir. Ssenariyə ərasən İranın nüvə obyektlərinə hücum ya da təcili hərbi müdaxilə qərarı veriləcəyi təqdirdə qərarın dərhal yerinə yetirilməsi üçün mobil dəstələr tam hazırlıqlı vəziyyətdə olmalıdır.
Maraqlı burasındadır ki, İrana qarşı hərbi müdaxilə variantının gündəmə gəldiyi bir vaxtda ABŞ-a səfər edən Böyük Britaniyanın müdafiə naziri Filip Hammond Tehran rejiminin Hörmüz boğazını bağlayacağı təqdirdə bu ölkəyə hərbi hücuma hər zaman hazır olduğunu bəyan etmişdi. Qərb hakim dairələriylə əlaqəli olan və hökumət dəhlizlərində baş verənlərlə bağlı kifayət qədər məlumatlı olan bəzi ekspertlər bildirir ki, ABŞ yanvarın 30-da İrana hərbi müdaxilə edəcək.
Onların fikrincə, yeni ilin ilk 2-3 həftəsi İran ətrafında hərbi-siyasi gərginliyin artması, bölgəyə hərbi kontingentin cəmləşdirilməsi də Tehrana qarşı hərbi müdaxilədən xəbər verir. Ekspertlə bildirir ki, Avropa Biriyi yanvarın 30-da İrana qarşı neft qadağasını qəbul edəcək və Tehran da dediyi kimi Hörmüz boğazını bağlayacaq. Başda ABŞ olmaqla Qərb ölkələri dünyanın enerji bazarı üçün mühüm əhəmiyyət kəsb edən boğazın bağlanmasına sakit dayanmayacaq.
Daha 3 enerji şirkəti Vaşinqtonun “qara siyahı”sına düşdü
Bu arada rəsmi Vaşinqton İranla əməkdaşlıq edən üç xarici enerji şirkətinə qarşı sanksiya tətbiq edib. Sanksiyalarla üzləşən şirkətlər İrana neft məhsullarının iri tədarükçüsü “Zhuhai Zhenrong Corp” (Çin), eləcə də, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “FAL Oil Company Ltd” və Sinqapurun “Kuo Oil Pte Ltd” şirkətləridir. ABŞ-ın nəzarət orqanlarının əldə etdiyi məlumata görə, “Zhuhai Zhenrong” şirkəti 2010-cu ilin iyulundan 2011-ci ilin yanvarınadək İrana 500 milyon dollarlıq benzin tədarükü ilə bağlı sövdələşmədə vasitəçi rolunda çıxış edib. “Kuo Oil Pte” şirkəti isə 2010-2011-ci illərdə İrana 25 milyon dollarlıq neft məhsulları ixrac edib. “FAL Oil Company” Tehranla analoji sövdələşmələr əsasında 20 milyon dollardan artıq gəlir əldə edib.
Avropa İrana daha ağır zərbə hazırlayır
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton da İrana qarşı sanksiyaların sərtləşdiriləcəyini açıqlayıb. Hindistan hökuməti də öz növbəsində ABŞ və Avropanın İrana qarşı sanksiyalarına qoşulub. Rəsmi Dehli İrandan neft idxalını azaltmaq barədə qərar qəbul edib. Ölkədəki neft emalı zavodlarına Tehrandan neft idxalını azaltmağı və başqa ölkələrdən neft almaq tapşırığı verilib. Türkiyənin enerji naziri Taner Yıldız isə bəyan edib ki, Ankara yalnız BMT-nin İrana qarşı qəbul etdiyi sanksiyaları icra edəcək.
Qərb İranda rejimi dəyişmək istəyir
Tehranın rejiminin yaxın müttəfiqlərindən biri bu ölkəyə qarşı sərt addımların əleyhinə çıxan Rusiyanın Milli Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev bildirib ki, ABŞ İranı Hörmüz boğazını bağlamağa məcbur etməməlidirə. Patruşev İranın Hörmüz boğazını bağlamaq gücünə malik olduğunu da söyləyib. Xarici işlər nazirinin müavini Qennadi Qatilov da Qərbin İrana qarşı sanksiyalarına sərt münasibət sərgiləyib. Nazir müavini bildirib ki, İrana qarşı sanksiyaların gücləndirilməsi və bu ölkəyə hər hansı hərbi seçim İran rejimini dəyişmək cəhdi kimi başa düşülə bilər.
Rəsmi Tehran isə yenə də ittihamların əsassız olduğunu bəyan edib. Ekvadorda səfəri zamanı İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə silahı əldə etməyə çalışdığı ilə bağlı ittihamları bir daha təkzib edib. Mahmud Əhmədinejad bildirib ki, ABŞ və onun müttəfiqləri İranın nüvə proqramı ilə bağlı ittihamlardan siyasi bəhanə kimi istifadə edir. Türkiyədə səfərdə olan İran parlamentinin sədri Əli Laricani isə rəsmi Tehranın nüvə proqramı ilə bağlı “altılıq”la (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) danışıqlar prosesini yenidən canlandırmaq fikrində olduğunu söyləyib. İran parlamentinin üzvü Məhəmməd Kərəmi Rəd isə yanvarın 28-də bu ölkəyə səfər etməyə hazırlaşan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ünvanına sərt ittihamlar səsləndirib. Deputat İranın nüvə obyektlərini təftiş edən MAQATE müfəttişləri arasında İsrail casuslarının olduğunu deyib.
Nüvə alimini kim öldürüb?
Çərşənbə günü Tehranda nüvə aliminin terror aktı nəticəsində öldürülməsi də ABŞ-İran gərginliyini daha da artırıb. İranın ali dini lideri ayətullah Əli Xameneyi Tehranda nüvə aliminin qətlinin günahkarlarının cəzalandırılacağını bəyan edib. Ali dini lider cinayətdə ABŞ və İsrailin xüsusi xidmət orqanlarının əlinin olduğunu da bildirib:“Bu qorxaq cinayət Mərkəzi Kəşfiyyat İdarəsi və Mossad-ın dəstəyi ilə planlaşdırılıb və ya həyata keçirilib”.
ABŞ-ın müdafiə naziri Leon Panetta isə İranın ittihamlarına cavab olaraq bildirib ki, ölkəsi bu cür əməliyyatıarda iştirak etmir. Pentaqon şefi İranda partladılaraq öldürülən nüvə aliminin qatilinin kimliyi haqda öz ehtimallarını açıqlayıb. O, keçirdiyi brifində bildirib kio, nüvə alimini kimin öldürdüyü haqda təxminləri var. Bununla belə, müdafiə naziri nəzərində kimi tutduğu haqda ətraflı məlumat verməyib.
Turan