Əməliyyatın uğursuz olması bir yana, üstəlik, xəstə 30 min manat borca görə məhkəmə təhlükəsilə üz-üzə qalıb
Xəstə ilə bağlanmış tibbi xidmət müqaviləsində isə tərəflərin öhdəlikləri yazılsa da, məbləğ göstərilməyib
“20 min manat verilib, 30 min manat xəstəxanaya borclu qalmışıq. Baş həkim də deyir, ya pulu ver, ya da məhkəməyə verəcəyəm. Qalmışam dərdimi kimə deyim. Hara yazıramsa, kömək edən yoxdur. Mehriban Əliyevanın qəbuluna yazıldım, getdim, qəbul elədilər, dedilər nə edə bilərik sənin üçün?”
Kürdəmir sakini Gülnar Zamanova oğluna qaraciyər köçürülməsi əməliyyatının yararsız aparılmasından şikayətlənir və deyir ki, bu azmış kimi, əməliyyat üçün 50 min manatı tam ödəyə bilmədiyinə görə xəstəxana tərəfindən məhkəməyə verilmək təhlükəsilə üz-üzə qalıb.
Gülnar Zamanovanın 5 oğlundan biri Qarabağ müharibəsində şəhid olub, bir oğlu isə hərbi xidmətdə xəstəlikdən ölüb. Iki oğlu da indi Mərkəzi Neftçilər Xəstəxanasında həyatla mübarizə aparır. Deyir, ortancıl oğlu Fuad Zamanov qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkirmiş. Ötən il dekabrın 24-də Mərkəzi Neftçilər Xəstəxanasında üzərində qaraciyərin canlı donordan transplantasiyası əməliyyatı aparılıb. Donor da öz qardaşı Elman Zamanov olub.
Ancaq əməliyyat uğursuz alındığından 3 gün ərzində Fuad başqa yaxın qohumunun donorluğu ilə təkrar əməliyyat olunub. Gülnar Zamanova deyir ki, indi donorluq etmiş oğlunun da vəziyyəti pisləşib və onu təkrar əməliyyat ediblər.
Indi Gülnar Zamanovanı əməliyyatın yararsızlığından daha çox, xəstəxanaya yaranan borcu narahat edir. Deyir ki, əməliyyata görə ondan ümumilikdə 50 min manat istəyiblər. Bunun 20 min manatını oğlu Fuadın işlədiyi şirkət ödəyib. Qalan 30 min manatın ödənilməsi üçün ana müxtəlif dövlət orqanlarına müraciət etsə də, müsbət cavab almayıb. Xəstəxana rəhbərliyi isə Zamanovları xəbərdar edib ki, pul ödənilməsə, məhkəməyə müraciət edəcək.
Prezident Administrasiyasına yazılan məktublar Dövlət Neft Şirkətinə göndərilib ki, şəhid ailəsinə yardım göstərilsin. Şirkətin sosial məsələlər üzrə şöbəsindən deyirlər ki, orqan transplantasiyaları kifayət qədər bahalı və mürəkkəb əməliyyatlar olduğu üçün belə əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasında təkcə qeyri-neft işçiləri üçün deyil, Dövlət Neft Şirkətinin öz işçiləri üçün də ödənişli əsaslarla həyata keçirilir. Odur ki, Fuad Zamanovun üzərində aparılmış transplantasiya əməliyyatı üçün Gülnar Zamanovanın borclu qaldığı məbləğin Dövlət Neft Şirkəti tərəfindən ödənilməsi imkan xaricindədir.
“Neft ölkəsində yaşayıb Dövlət Neft Şirkətindən belə cavab almağına qəzəbli gülməyim tutur” – bunu da Gülnar Zamanova deyir.
Xəstəxananın baş həkimi Həbib Yüzbaşov deyir ki, onlar əməliyyatın xərcini xəstədən yox, xəstənin işlədiyi və xəstəxana xərclərini üzərinə götürmüş şirkətdən tələb edəcəklər. Həmin şirkət xəstəxana qarşısında öhdəlik götürüb, ancaq xərclərinin müəyyən hissəsini ödəsə də, xeyli hissəsini ödəməyib: “Biz onlara güzəştlər etmişik, onlar özləri bunu bilirlər. Onların yerinə başqa bir şirkət zəmanət verib ki, biz o pulu ödəyəcəyik”.
Əməliyyatın uğursuzluğuna gəlincə, baş həkim suala belə cavab verib: “Özləri də bilirlər ki, xəstəxana həkimləri uşaqlarını ölümcül vəziyyətdən çıxarıb”.
Qaraciyərin transplantasiyası əməliyyatının hansı məbləğə başa gəlməsi barədə isə baş həkim məlumat verməyib. Xəstə ilə bağlanmış tibbi xidmət müqaviləsində də əməliyyatın qiyməti göstərilməyib. Gülnar Zamanova deyir ki, xəstəxanaya daxil olanda baş həkim ona şifahi şəkildə deyib ki, əməliyyat 50 min manata başa gələcək. Ancaq rəsmi müqavilədə tərəflərin öhdəlikləri yazılsa da, xəstəyə görə ödəniləcək məbləğ göstərilməyib.
Bakıda qaraciyərin köçürülməsinə 2008-ci ildə başlanıb.
“Azadlıq” radiosu