Məni A.Tarkovskinin filmlərində bir detal cəlb edirdi. Bir də görürdün ki, hə, kamera hansısa bir abstrakt nöqtəyə tuşlanır, həmin nöqtə böyüyür.
Indi dünyanın da “kamerası” harasa tuşlanıb: bu, ya Suriya ola bilər, ya da ki, Iran. Hələliksə, bu dünya çox bulanıq görünür. Mən bilmirəm, o, nə vaxtsa durulacaq, ya yox… Amma çox istərdim ki, həmin duruluq anını görüm. Mən hələ ki, dünya siyasətində “mavr”ları görürəm. Bir “mavr” işini görür, o birisi gəlir və beləcə, üzücü proses davam edir.
Üzülən təkcə biz deyilik, idealist insanlar indiki siyasətdə özləri üçün çox az anlaşıqlı məqamlar tapırlar. Bir qədər pessimist oldu, deyəsən. Lakin problem deyil. Pessimizm və optimizm bir vərəqin iki üzüdür, bu tərəfə çevirirsən biridir, o biri tərəfində də digəri…
Bəli, yazını “üzücü” sözündən başladım. Deyəsən, Qarabağla bağlı üzücü və darıxdırıcı danışıqlar prosesi bərpa olunacaq. Maraqlıdır, bizim hakimiyyət də bu prosesə gedir. Əgər daxili məsələlərdə də belə səbr nümayiş etdirərək cəmiyyəti dinləsəydilər, bu, olardı əla! Lakin yox. Bizləri dinləmək istəmirlər və hətta bizim mövcudluğumuzu qəbul etmirlər. Indi biz nə edək? Duraq, bu ölkənin 20 faizini də biz işğal edək?!
Vallah, adamın ağlına əcaib-qəraib fikirlər gəlir. Bu da ölkənin ümumi atmosferinin nəticəsidir. Bu ölkədə bircə salamat şey varsa, o da onun bir qrup sınmayan insanlarıdır. Yoxsa, bura lap cəhənnəmə dönər. Hər dəfə bu haqda yazırıq. Hər dəfə də lap K.Abenin “Qumsallıqda qadın” romanındakı kimi, öz qismətimizin icrasına yollanır və yaxud hamımızın sevimli obrazına çevrilmiş Sizif kimi, çiynimizi yenidən bu daşın altına veririk.
Sizə bir “sirr” də açacam. Elə bugünlərdə “Don Kixot”u götürüb vərəqlədim. Nəsə, bu Qərb ədəbiyyatında elə ecazkar şey var ki, adamı maqnit tək cəlb edir. Hamı “Don Kixot”u uşaqkən oxuyur, amma yaşlı çağlarında başa düşür. Bəli, bir çox şeyi təkrar-təkrar oxumaq lazım gəlir. Məsələn, “Faust” və ya “Səfillər” kimi. Bunları düşünəndə ağlıma qəribə fikir gəldi. Bütün həyatımız boyu uzun yol keçirik, təzədən və bir daha təzədən öz uşaqlığımıza qayıdırıq…
Koordinasiya Şurası seçildi, amma…
Indi hamımızın növbəti ümid yeri Ictimai Palatadır. Ondan nəsə gözləyirik və kaş bu gözləntilərimizdə yanılmayaq. Amma bir məsələ var. Yeni tərkib bizə nə təklif edir? Böyük partiyaların birində təklif etmişdim ki, qoy, partiyanın ali orqanlarında təmsil olunmaq istəyən insanlar müəyyən təkliflər paketi və ya öz kiçik konsepsiyalarını təqdim eləsinlər. Başa düşürəm, çətindir, hamı bir sözü deyir, bir sözü eşidir. Lakin bunun maraqlı tərəfi də elə budur. Bəziləri illərlə aparıcı partiyaların rəhbərliyində təmsil olunurlar. Sonra yeni təşkilat yaranan kimi də dərhal özlərinin namizədliyini həmin təşkilata verirlər. Təbii sual yaranır: sən orada nə etmişdin ki, burada nə edəsən? Bəlkə bu da azca pessimist oldu. Amma biz optimizm yoluna istiqamət götürmək istəyirikmi?
Ona görə də vəziyyətə dinamizm verə biləcək amilləri axtarmaq lazımdır. O qədər insan var ki, yeni və köhnə təşkilatların rəhbərliyində təmsil olunmaq istəyir. Onların hamısından bir söz soruşmaq istərdim: bizə nə təklif edə bilərsiniz? Vacib deyil ki, bu təkliflər abstrakt fəlsəfi şüarlar olsun, çox sadə məsələlərdən də başlamaq olar. Mənim yadıma 1993-cü il düşür. Uduzmuş və böyük təqiblər nəticəsində pərakəndə hala düşmüş təşkilat. Bir neçə əsl fədakar insan rayonları gəzib təşkilatın yerli şöbələrini bərpa etdilər, tədbir və konfransları keçirdilər. Bu, böyük təşkilati məsələ idi. Indi də elə bundan başlamaq olar. Düzdür, rejimin aqressivliyi bir neçə dəfə artıb. Rayonlarda yerli hakimiyyətlər yalnız müxalifəti güdməklə məşğuldur ki, aman, birdən Bakıdan kimsə gələr! Amma nə etmək olar? Ekstremal şəraitdə işləməyi də bacarmaq lazımdır. Bizim elə ən böyük səhvimiz o oldu ki, bu hakimiyyət öz repressiv üsullarını təkmilləşdirdi, onları mənimsədi, amma biz fəaliyyət və iş tərzimizi çox az dəyişdik. Ona görə də günün sualı birdir: təklifiniz varmı?