Əlövsət Osmanlı: «Qanun pozuntusu yox idisə niyə qalmaqal yaratmışdılar?»
Təhsil Nazirliyi tərəfindən diplomları saxta elan edilən 76 müəllimin məhkəmə yolu ilə işlərinə bərpa olunduğu barədə məlumat vermişdik. Həmin şəxslərin işə bərpası ilə bağlı rayon təhsil şöbəsi və məktəb direktorları arasında razılaşmalar əldə olunmuş, məhkəmə də buna əsasən işlərin hamısına xitam vermişdir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə məsələ ilə bağlı açıqlamasında məlum qərara hörmətlə yanaşdığını bildirmişdi.
Təhsil eksperti Əlövsət Osmanlı isə baş verənlərin absurd olduğunu deyir: “Burada iki əsas məqam diqqəti cəlb edir. Saxta diplomla müəllimlik edib millətin balalarını kor qoyan və dövlətin külli miqdarda pulunu mənimsəyən bu şəxslərlə barışan, onlarla saziş bağlayan tərəf kimdir? Məktəb direktorları və təhsil şöbə müdirləri. Bəyəm bu adamlar dövlət pulunun sərəncamçısıdır, yaxud zərərçəkəndirlər? Azərbaycan qanunlarına görə, bunu, ancaq ölkə başçısı edə bilər. Həmin direktorlar və şöbə müdirləri isə bu çirkli oyunun bilavasitə iştirakçılarıdır. Ikincisi, Bayram Hüseynzadədən soruşmaq lazımdır – əgər burada qanun pozuntusu yoxdursa, ”tərəflər barışıblarsa”, onda saxta diplom qalmaqalı qoparan, ölkə ictimaiyyətini aldadan nazirlik yetkililəri, o cümlədən, Bayram Hüseynzadənin özü niyə cəzalandırılmır? Qanunun aliliyindən dəm vuran bu adamlar faktlar məhkəmədə sübut edilmədiyi halda, bu qədər insanı işdən çıxarıb, üzərlərinə niyə saxtakar damğası vururdular?”.Ə.Osmanlı deyir ki, bütün bunlar Təhsil Nazirliyindəki bir çox məmurların dövlət və dövlətçilik anlayışından uzaq, hüquqi cəhətdən savadsız olduğunu deməyə bir daha əsas vermir.


