Osman Gündüz: «Az tarfik alıb, onu çox yerə bölüb satırlar»
«1 Mbit 4 yerə bölünməli olduğu halda, 20 yerə bölünür»
Azərbaycan ölkəyə daxil olan internet trafikin sürətinə görə dünyada 111-ci yeri tutur. Bu barədə “Speedtest” şəbəkəsini yaradan ABŞ-ın “Ookla” şirkətinin məlumatında bildirilir. Halbuki ötən il oktyabr ayının sonunda Azərbaycan 107-ci yerdə olub. Şirkətin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/saniyə təşkil edir və ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur. ölkədə internetin sürətinin zəif olmasının hansı səbəbləri var?
Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz bunu birmənalı şəkildə Azərbaycan internetinin keyfiyyətsizliyinin göstəricisi kimi qiymətləndirir.
Ekspert son illər ölkədə internet istifadəçilərinin sayının kifayət qədər artdığını deyir. Ancaq ölkəyə daxil olan trafikin həcmi buna uyğun olaraq artmayıb: “Əgər 2007-ci ildə Azərbaycanda internetin 1 Mbit qiyməti 700 dollar idisə, indi təxminən 15 dollardı. Hardasa 40 dəfə ucuzlaşıb. Istifadəçilər də çoxalıb. Ancaq daxil olan internet trafikinin həcmi buna uyğun artmayıb. Burdan belə nəticə çıxır ki, interneti satan ikinci səviyyəli provayderlər internet istifadəçilərini kütləvi surətdə aldadırlar. ”Delta Telekom”dan, “Azərtelekom”dan az həcmdə interneti alıb, çoxlu sayda istifadəçiyə satırlar. Oğurluqla məşğuldurlar. Bunun başqa adı yoxdur”.
Ekspertin sözlərinə görə, beynəlxalq normaya əsasən, alınan 1 Mbiti dörd yerə bölüb satmaq olar. Ancaq Azərbaycanda 1 Mbit təxminən 20 yerə satılır. Çünki provayderlər trafiki istifadəçilərin sayına uyğun almırlar. Az alıb, onu çox yerə bölüb satırlar. Bu səbəbdən də Azərbaycanın interneti beynəlxalq qurumların hesabatında olduqca keyfiyyətsiz göstərici əldə edib.
Fizzə