Əliyevlərin “məngənə müstəqilliyi”

Balanslı siyasət gah Rusiyanın, gah da Fransanın marağına oynamaqdırmı?

Hər gün vəziyyət gərginləşir. Diqqət mərkəzləşir, nəzərlər itiləşir. Hamı Ilham Əliyevə baxır. Gözləyir ki, Ermənistan Konstitusiyasında əks olunmuş tarixi iddialara Fransanın bu cür dəstək verməsinə dövlət başçısı reaksiya versin. Düşünənlər var ki, bu reaksiya olacaq. Hərçənd, susmağı da bir münasibət saysaq, məlum olar ki, gözləntilər əbəs yerədir.
Indi keçək işin başqa tərəfinə. Azərbaycan bir dövlət kimi, xarici siyasətini necə qurur və bunun uğurlu-uğursuz tərəfləri hansılardır? Biz dövlət müstəqilliyimizi iki parametr üzrə qiymətləndirə bilərik. Birincisi, vətəndaşların azadlığı və hazırkı sistemi dəstəkləməsi; ikincisi isə xarici siyasətin görünən tərəflərinin təhlili. Bizdə görünməyən tərəflər ancaq iqtisadiyyatdadır. Pul məsələsindən başqa hər şey şəffafdır. Azadlıq istəyənləri də hamının gözü qarşısında şərləyib damlayırlar. Amma mövzumuz bu deyil. Biz Azərbaycan hakimiyyətinin hazırkı beynəlxalq siyasi konyunkturada hansı yeri necə tutduğunu, beynəlxalq birlik və onun dəngələrini formalaşdıran dövlətlərlə münasibətlərini gözdən keçirək. O zaman məlum olacaq ki, biz bir dövlət olaraq, nə zaman və harda danışa bilərik.

Ermənistan-Türkiyə-Rusiya

Aydındır ki, Rusiya Ermənistanda hərbi bazalar saxlayır və bu ölkələr arasında əlli illik hərbi müqavilə var. Bu müqavilə imzalananda Ramiz Mehdiyev iddia edirdi ki, Rusiya-Azərbaycan münasibətləri çiçəklənib və indi bütün dünya bu çiçəklənmənin ətrindən meyxoş olacaq. Medvedev Sərkisyanla imzaladığı hərbi sənədlə bu illüziyanı alt-üst edəndə Azərbaycan hökumətindən səs çıxmadı. Amma bu olaydan əvvəl Türkiyə Ermənistanla sərhədi açmaq barədə danışıqları davam etdirəndə Azərbaycanda od püskürən ziyalı və siyasi təbəqə haradansa peyda oldu. Onlar iddia edirdilər ki, Türkiyə Ermənistanla sərhədi açsa, “dolmanın erməni yeməyi olduğunu etiraf edəcək”. Başqa sözlə, Türkiyənin Ermənistanla sərhədi açması Azərbaycana elə bu etiraf qədər ziyan vura bilərdi. Bizim çəkilmiş ət üstündə dava edən təbəqəmiz isə ətləri çəkilirmiş kimi, Türkiyəyə hücum etdilər. Niyə? Çünki əmr Moskvadan idi. Azərbaycan hakimiyyətinin vətənpərvərliyi və türkçülüyü Rusiyanın Ankara ilə münasibətlərinə düzmütənasibdir. Başqa sözlə, Putinin icazə çubuğundan asılıdır. Halbuki, Türkiyənin Ermənistana dəhliz verməsi Rusiyanın maraqlarına zidd idi və regiona sülh-demokratiya gətirə bilərdi. Bu da münaqişələri hakimiyyətdə qalmaq üçün vasitə etmiş Əliyev-Sərkisyan və Putin hakimiyyətinə sərf eləmədi. Bu səbəbdən də radikallığın temperaturuna yaxın düşmək olmurdu.

Türkiyə-Fransa-Ermənistan

Tarix sınaqlarını davam etdirir. Amma daha amansız, daha sərt formada. Fransa parlamentinin Aşağı Palatasında qəbul edilmiş qərar artıq Senata doğru gedir. Amma hələ də Azərbaycan hakimiyyətindən səs çıxmır. Indi gəlin baxaq, görək ki, nə dəyişib? Heç nə. Həmin Ermənistan, həmin Türkiyə. Bir dəyişən Fransadır. O da bu məsələdə elə Rusiya ilə eyni marağa oynayır.
Fransaya etiraz etmək niyə mümkün deyil ki? Azərbaycanın rəsmi qəzetləri ABŞ-ın bütün prezidentlərini ipə düzmürdülərmi? Nədir ki, ABŞ Dövlət Departamenti deyirdi ki, öz vətəndaşlarınıza hörmətlə yanaşın. Amma Fransa Türkiyə və bütünlüklə türk dünyasını, başlıca olaraq da Azərbaycanı təhdid edən bir qərar qəbul etməkdədir. Bəs niyə buna rəsmi reaksiya yoxdur? Azərbaycan parlamentinin Fransa Senatına “Bu qərarı qəbul etməyin” müraciətində bircə cümlə də yoxdur ki, əgər qərar qəbul olunsa, Azərbaycan hökumətinin nə edəcəyini biləsən.

Bu olay nədir?

Bəziləri elə başa düşərlər ki, bu sətirlərin müəllifi Türkiyənin vəkilliyini edir. Əsla. Yeri gələndə, öhdəmə düşərsə, onu da etmək bir Türk kimi, mənim üçün şərəf olar. Amma bu məsələ birbaşa bizim öz işimizdir. Azərbaycan hakimiyyətinin bu susqunluğu Türkiyəni meydanda tək qoymaq deyil, Azərbaycanın bir dövlət kimi, başsız və sahibsiz olduğunu göstərməkdir. Bu o deməkdir ki, kim necə istəsə, bizimlə davrana bilər. Indi sual yaranır: biz doğrudanmı müstəqil dövlətik? Əliyevlərin hakimiyyəti qəsb edərək “qoruyub saxladığı” müstəqillik gah Rusiyanın, gah Fransanın  marağına oynamaqdırmı? Aydın görünür ki, hakimiyyət iri güclərin məngənəsi arasındadır. Məngənə arasında susmaq və müstəqil olmaq çox çətin işdir.

Seymur Həzi