“Dövlət uçurtduğu evi tikmirsə, dövlətin özünün evi yıxılacaq”

Səxavət Əlisoy: «Ziyalı xəstə cəmiyyətin həkimidir, bu günün resepti ziyalılarımızın əlindədir»

Bu gün onun 55 yaşı tamam olur. Çoxlarına tanışdır. Həkim kimi, yazar kimi, ən başlıcası, insan kimi. Oxucularımız da onu “Azadlıq”ın köşə yazarı kimi tanıyır. Istədik onu bir az da artıq tanısınlar, həkim kimi, yazar kimi, insan, əqidə adamı kimi…  

– Səxavət bəy, iki beşin məsuliyyətini necə hiss edirsiniz? Iki beşi çətinmi qazanmısınız?
– 50 yaşımda olanda bu hissləri keçirmirdim. 55 doğrudan ciddi rəqəmdir. Bundan sonra sanki geriyə sayım başlayır. Zatən bu yaşa gəlib çıxdığıma, qazandıqlarıma görə Tanrıya minnətdaram. Kasıb uşaq olmuşuq. Ailəmiz 12 nəfərdən ibarət olub. 13-cü uşaq isə ehtiyac idi. Hər zaman ehtiyac bizi müşayiət elədi, bu günə qədər bizimlədir, yanımızda gəzir. Mənim üçün həyatda ən böyük kriteriya haqdır, ədalətdir. Məsəl var – Haqq nazilər, ancaq üzülməz. Harda oldun haqqı demək, haqqı tapdananları müdafiə etmək lazımdır. Bu xarakterdə olan insanın, 55 yaşında olan bir insanın xarakterinin dəyişməsi həkim olaraq bilirəm ki, ölümü sürətləndirə bilir. Şəxsən tanıdığım bir insan var idi. O, satıldı. Satıldığını həzm edə bilmirdi. Etiraf edirdi ki, əxlaqi dəyərlərini satıb. Dostlarını itirdi, günlərin bir günü eşitdik ki, ölüb. Heç kimə xarakterini dəyişməyi arzulamazdım. Nə qazandığımı, nə itirdiyimi dostlarım yaxşı bilir. Sevmədiyim riyakarlıqdı. Içində təkəbbür olana qarşı çıxıram. Təkəbbürlü insanlara qarşı çıxdığım üçün bu 55 ildə başım çox ağrıyıb. “Dost”larımı itirmişəm. Həqiqi mübarizlərlə, silahdaşlarla isə sona qədər bir yerdəyəm.

Allah yaratdığı bütün canlıların ruzisini verir

– Bu 55 ildə qazandıqlarınız çox olub, itirdikləriniz?
– 55-ə qədər ancaq qazana-qazana getmişəm. Maddi cəhətdən itirməyi itki saymıram. Hərəkata könüllü gəlmişəm. 150 nəfərlik işçisi olan bir xəstəxananın baş həkimi olmuşam. Allah qapısını açsın, keçmiş səhiyyə naziri Əli Insanov işlədiyim xəstəxanada YAP-ın özəyi olmadığı üçün, həm də başqa faktlara görə məni işdən çıxartdı. Başqa faktlar deyəndə məsələn, Ağamalı Sadiq Əfəndi Sumqayıtdan deputatlığa namizədliyini vermişdi. Xəstəxananın işçilərini ayırmışdım ona kömək etsinlər. Bilirdim ki, Ağamalı Sadiq Əfəndi haqq adamıdır. Onu müdafiə etməliydim. Sizə bir etiraf edirəm. Mən işdən çıxarılanda “keçmiş olsun”a dostum gəldi. Sual etdi ki, nə qədər pulun var. Düşündüm ki, dostum Avropaya gedəcək, ona pul lazımdır. Cibimdə və evdə olan pulumu topladım. 350 manata yaxın məbləğ alındı. Dostum dedi ki, ona pul lazım deyil. Sən demə, onu işdən çıxmağım, uşaqlarımın körpə olması, ailəmi necə saxlayacağım narahat edirmiş. Heç vaxt maddiyyat haqda düşünməmişəm. Ancaq həmin gün bu haqda bir neçə saatlığa olsa da xəyala daldım. Sonra o qənaətə gəldim ki, Allah yaratdığı bütün canlıların ruzisini verir. Deputatından tutmuş nazirinə qədər. Hətta heyvanları belə ac qoymur. Allah insanlara qürurunu itirməmək üçün şərait yaradır. Şərəfli həyatın nə olduğunu anlamışam, görmüşəm. Nəfsimin hər zaman fövqündəyəm. Nəfsin fövqündə olmaq heç də asan məsələ deyil. Allah insanı yaradanda öncə başını yaratdı. Ancaq bir sıra insan var ki, Azərbaycanda onlara baxanda yuxarıda başı görmürəm, qarın görürəm. Allah onların çiyinləri üstündə qarnını yaradıb. Onlar qarnıyla düşünürlər. Bir dövlət məmuru göstərə bilərsinizmi ki, o, kübar davransın? Onların insanlarla kobud davranışlarını gözünüzün önünə gətirin. Milyonlar, milyardlar var, ancaq əxlaqi dəyərləri yoxdur. Hər zaman demişəm, Qarabağı da alacağıq, dağıdılmış yerləri bərpa da edəcəyik. Ancaq əxlaqa, mənəviyyata vurulmuş zərbələrin bərpası uzun illər aparacaq.

Ziyalılarımız, yazarlarımız vaxtında yazsaydılar, danışsaydılar, həkimlikdən getməzdim

– Sizin, demək olar, bütün yazılarınızda həkimlik xətti var. Cəmiyyətimiz xəstədir. Onun sağalması üçün hansı resepti vermək olar?
– Həkim cəmiyyətdə ən humanist peşədir. Bu dünyada insanın qanayan barmağını sarıyan, ağrıyan ürəyin ağrısını kəsməkdən ülvi hiss nə ola bilər? Ancaq mən həkimlikdə davam edə bilmədim. Həkim olaraq bir rayonda insanların sağlamlığına nail olmaq mümkün deyil. Təbabətdə belə bir deyim var “xəstəni yox, xəstəliyi müalicə etmək lazımdır”. Cəmiyyət özü xəstədir. Minumum əmək haqqı 100 manat olan bir ölkədə pasiyentinin cibinə göz dikib özünə həkim necə deyə bilərsən? Ölkədə 40 minə yaxın həkim var. Onlar bir gün öz əmək haqlarını tələb etmək iqtidarında deyillər. Onların həkimliyinə özüm həkim olaraq şübhə edirəm. Öz haqqını tələb edə bilməyən həkim çıxış yolunu ona üz tutan xəstədə görür, onun cibinə baxır. Cəmiyyətin xəstəlikdən xilası yollarını ziyalılar göstərməlidir. Ziyalı xəstə cəmiyyətin həkimidir. Susan ziyalı nə qədər günah etdiyinin fərqində deyil. Ziyalılar indi danışmağa başlayıblar. Ziyalılarımız, yazarlarımız vaxtında yazsaydılar, danışsaydılar, mən həkimlikdən getməzdim… Bu günümüzün resepti ziyalılarımızın əlindədir. Rüstəm Ibrahimbəyov, Rafiq Əliyev yazır, Əkrəm Əylisli dünənə qədər yazmırdı, bu gün yazır o resepti. Bu saydığım adlara hələ neçəsi əlavə olacaq.

Dövlət uçurtduğu on minlərin evini özü tikməlidir

– Repressiyaya məruz qalan ailələrdən biri sizin ailənizdir. Düzdür, bu məsələ yubiley ab-havasına uyuşmur, ancaq…
– 2010-cu ildə AXCP-Müsavat blokunun vahid namizədi kimi Naxçıvandan namizədliyimi verdim. Obyektivliyi sevən insanam. Seçkilər dövründə hakimiyyət nümayəndələri mənə qarşı heç nə etmədilər. 40-dan çox görüşüm oldu, çox yüksək səviyyədə qarşılayırdılar. Vasif Talıbovun kəndində belə oldum. Ailəmizə repressiya 7 noyabrda keçirilən seçkinin protokolunun noyabrın 5-də mənə təqdim olunmasıyla başladı. Naxçıvan rəsmilərindən mənə zənglər oldu. Təkliflər gəldi. Şərəf pula satılmır. Ləyaqətim özümə məxsusdur… Günahsız insanlara qarşı aqressiv davrandılar. Polis rəisi gəlib evimi dağıtdı. 60 yaşlı bacımı saçından tutub sürüdülər. Qardaşıma çox ağır xəsarət yetirdilər, indi də müalicə alır. Çox sadalamaq istəmirəm. Bu bizim həyat yolumuzdur. Çəkdiyim əziyyət içində bunlar sıradan biridir. Bacı-qardaşlarım mənə dedilər ki, səninlə qürur duyuruq. Haqq yolda olduğuma görə. Məni başqa bir şey düşündürür. Hakimiyyət niyə belə cılız oyunlara gedir? Dövlət ev yıxmaz, ev tikər. Yarıuçuq evi 7 qardaş bərpa edə bilərik. Ancaq eləmirik. Çünki dövlət uçuran evi dövlət tikməlidir. Tək mənim evimi yox, minlərin, on minlərin evini dövlət tikməlidir. Dövlət uçurtduğu evi tikmirsə, əlbəttə, dövlətin özünün evi yıxılacaq.

Qorxu haqqı bir az qorxudub

– Hakimiyyət insanları qorxu altında saxlayır. El misalında da dediniz ki, haqq nazilər, ancaq üzülməz. Indiki məqamda demək olarmı ki, qorxu haqqı üstələyir?
– Bəzən deyirlər ki, filankəs pis adamdır, ancaq çox yaşayır. Hər zaman Allaha asi çıxıb. 90, 100 il yaşamaq xoşbəxtliyin əlaməti deyil. Allaha yalvarıram ki, bütün naqis insanlara 200 il ömür versin. Qoy gələcək nəsillər də bunların necə məxluq olduğunu görsün. Belə bir məsəl var – Allah sevdiyi bəndələri tez yanına aparır. Əgər bu gün hər hansı bir məclisdə arxanca danışmırlarsa, demirlərsə namərd insandı, deməli, xoşbəxt insansan. Mənalı ömür yaşamaq söhbətini qoyursan ortaya. Stalinin repressiv aparatının saatda 500 km qət etdiyi 37-ci ildə haqq itmədisə, deməli, heç vaxt itməyəcək. Bir gecədə Azərbaycanın neçə-neçə oğullarını aparıb məhv etdilər. Ancaq haqq itmədi, o haqq yaşadı. Bu gün də yaşayır. Bəzən özləri haqq iş görmədiklərini etiraf edirlər. Qorxu haqqı üstələyə bilmir. Obrazlı desək, qorxu haqqı bir az qorxudub. Insanlar artıq qorxmamağa başlayır. Ona görə də haqq heç vaxt üzülmür.

– Nə vaxtsa “bəsdir daha” demisinizmi? Ürəyinizdən keçibmi bu hisslər?
– Əsla! Xarakterimi bilən dostlarım bilir ki, yalan danışmamağı, qarşımdakı insandan özümü üstün tutmamağı, olanımı bölüşməyi sevirəm. Eyni səngərdə birinin tox, birinin ac olması mümkün deyil. Mümkün deyil ki, biri səngərdə konserv yesin, digəri osetrin kababı. Əgər olsa, deməli, o kababı yeyəndə nəsə var. Bu illər bizim bəzi yoldaşlarımızı yıxdı, dizi üstə qoydu, bəzilərini hətta uzandırdı. Buna təəssüf edirəm. Ancaq bu yol elə bir yoldur ki, geri çəkilmək mümkünsüzdür. Arxada qoyduğum illərdə itirdiklərimdən əsla təəssüflənmirəm. Bundan sonra da nə itirəcəmsə, o barədə də düşünmürəm. Bu, hamımızın yoludur. Vaxt gələcək ki, haqqı deyən insanlarla fəxr edəcək, onları barmaqla göstərəcəklər…

Ramin DEKO