Deputat-redaktor Abutalıbovu ittiham etdi

Bəxtiyar Sadıqov merin qəzet yayımına mane olduğunu bildirdi

«Azadlıq» Hacıbala Abutalıbova telefon açdı; O,  ittihamlara cavab verməkdən yayındı

“Bakı Şəhər Icra Hakimiyyəti qəzetlərin satışına maneələr yaradır”. Yanvarın 12-də Mətbuat Şurasının 2011-ci ildə gördüyü işlərə dair hesabat konfransında çıxış edən rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov belə deyib.
APA-nın məlumatına görə, Bəxtiyar Sadıqov qeyd edib ki, Bakı Şəhəri Icra Hakimiyyəti həm köşklərdə satışa, həm də səyyar yayıma maneə törədir: “Il ərzində mütəmadi olaraq bu barədə şikayətlər daxil olur. Paytaxt icra hakimiyyətinin son illərdəki fəaliyyəti bunun göstəricisidir. Qəzet köşklərinə münasibətdə də bunu görürük. Qəzet köşklərinin sayı azaldılır, insan axınının gur olduğu yerlərdə qəzet satışına maneələr yaradılır, hətta köşklər bağlanır”.
Bəxtiyar Sadıqovun söylədiklərində müəyyən qədər həqiqət payı var. Lakin baş redaktor hər zaman həqiqəti söyləmir. Bu baxımdan indi onun belə bir həqiqəti dilə gətirməsinin korporativ maraqlara xidmət etdiyini düşünmək olar. Maraq isə əlbəttə ki, Bakı meri Hacıbala Abutalıbovla münasibətlərin gərgin olmasındadır. Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi “Azərbaycan” qəzeti Milli Məclisin orqanı olsa da, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Ramiz Mehdiyevlə Hacıbala Abutalıbovun münasibətləri isə gərgindir. “Azadlıq”ın ötən saylarında bu gərginliyin səbəbi barədə məlumat verilmişdi. Yada salaq ki, gərginliyə səbəb Ramiz Mehdiyevin yaxınlarından birini Fəxri Xiyabanda dəfn etmək istəməsi, Hacıbala Abutalıbovun isə buna mane olmasıdır. Bu olay Hacıbala Abutalıbov Bakıya yeni mer təyin olunanda baş verib. Ramiz Mehdiyevlə mer arasındakı “dəfn konflikti”  Heydər Əliyevə qədər gedib çıxıb. Lakin o zaman Heydər Əliyev Hacıbala Abutalıbovu dəstəkləyib.
Ramiz Mehdiyevlə Hacıbala Abutalıbovun yola getməməsinin səbəbidir ki, vaxtaşırı “Azərbaycan” qəzeti meri hədəfə alır.
Bəxtiyar Sadıqovun ittihamları ilə bağlı Hacıbala Abutalıbovun mövqeyini öyrənməyə çalışdıq. Merin mobil nömrəsinə zəng vurduq. Lakin dəstəyi başqa şəxs götürdü və Hacıbala Abutalıbovun məşğul olduğunu bildirdi. Özünü meriyanın işçisi kimi təqdim edən həmin şəxs Hacıbala Abutalıbovdan nə soruşacağımızla maraqlandı. Biz də sualımızı verdik. Lakin o, “Hacıbala müəllimin yanında adamlar var, mən bilmirəm nə vaxt çıxacaqlar, bir qədər sonra əlaqə saxlayın” deyə cavab verdi. Bundan bir qədər sonra bir neçə dəfə merin nömrəsinə zəng vursaq da, dəstəyi götürən olmadı.

Informasiya şöbəsi