Bəylər Əyyubovun bacısı oğlu işə bərpa edilib?

Paqon yoldaşlarına silah çəkən Azər Şahverdiyevin yenidən işinə qayıtdığı deyilir

Bir müddət əvvəl “Azadlıq” məlumat yaymışdı ki, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu, Göygöl Rayon Polis Idarəsinin sabiq əməkdaşı Azər Şahverdiyevlə həmkarları arasında mübahisə düşüb. Hadisə polis idarəsində baş verib.
Bəylər Əyyubovun bacısı oğlu paqon yoldaşlarının üstünə silah çəkib. Lakin digər polis əməkdaşları aranı birtəhər sakitləşdirib. Onlar Azər Şahverdiyevin güllələmək istədiyi polisləri Post Patrul Xidməti maşınına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıb. Bu zaman Azər Şahverdiyev maşını atəşə tutub.
Insident barədə Göygölün polis rəisi Məhərrəm Quliyev daxili işlər naziri Ramil Usubova məruzə edib. Ramil Usubov isə baş verənləri Ilham Əliyevin diqqətinə çatdırıb. Bundan sonra Azər Şahverdiyev polis orqanlarından qovulub.
Bu məlumat DIN tərəfindən təkzib edilməyib.
Dünən isə məlumat aldıq ki, Azər Şahverdiyev yenidən işinə bərpa olunub. Məlumatda deyilir ki, bu, generalın bacısı oğlu ilə bağlı qalmaqaldan bir neçə gün sonra baş verib. Yəni, Ramil Usubov onu işdən azad edib və bir neçə gün keçdikdən sonra qərarını dəyişib.
Göygöl polisindəki mənbə isə bildirib ki, şöbədə Azər Şahverdiyevin işə bərpa olunduğu barədə söz-söhbət dolaşsa da, hələ ki, onun özü işdə görünmür.