Görüşdə «Azad» romanı da müzakirə olunub
“Bu rejim bizdən çox şey oğurlayıb”
Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi Vətəndaş Həmrəyliyi Partiyasının akt zalında keçmiş vicdan məhbusu Cabbar Savalanlının gənclərlə görüşünü və gənc yazar Araz Bayramovun “Azad” romanının müzakirəsini keçirib.
AXCP Gənclər Komitəsinin üzvü Islam Şıxəli əvvəlcə Cabbarla tanışlığından danışıb: “Onunla bir-birimizi tanımadan eyni gündə partiya sıralarına qoşulmuşuq. Qısa müddətdə partiyanın Gənclər Komitəsində mübarizəyə başladıq və səmimi dostluq münasibətləri yaratdıq. Onun həbs olunması gəncləri qorxutmağa yönəlmişdi, amma əks-təsir yaratdı. Mübarizə sıralarına yeni-yeni gənclər qoşuldu. Bir sıra gənclər təşkilatları və müstəqil gənclər onun müdafiəsi üçün birləşdi. Yeri gəlmişkən, Cabbarın müdafiəsində fəal iştirak edən hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara, gənclər təşkilatlarına və hər kəsə AXCP Gənclər Komitəsindən təşəkkür edirik”.
Cabbar Savalanlı isə çıxışında hakimiyyətin bu kimi planlarının həmişə iflasa uğrayacağını dedi: “Gənclərin həbsi cəmiyyətin bu kəsimində ruh düşkünlüyü yaratmağa hesablanmışdı. Lakin hakimiyyət pis vəziyyətə düşdü. 2 apreldə qorxuya düşmüşdülər ki, fəallıq artacaq. Həqiqətən də çöldə olan aksiyalar bizə müsbət təsir edirdi. Sevinirdik ki, ölkədə gənclər kütləvi aksiyalara başlayır və öz haqqını tələb edir. Bu bizim ümidlərimizi artırırdı”.
Savalanlının çıxışından sonra AXCP Gənclər Komitəsinin üzvləri Məcid Məcidli, Sərraf Əliyev, Hikmət Əliyev, Aqil Əliyev, Nuru Nuruzadə, “Nida” Vətəndaş Hərəkatından Aynur Zərrintac, “Azad Gənclik” təşkilatının üzvləri Təbriz Önər, Asim Əhmədzadə çıxış etdilər.
Cabbar Savalanlıya həsr olunmuş “Azad” romanının müzakirəsi romanın müəllifi Araz Bayramovun çıxışı ilə başladı: “Bu rejim bizdən çox şey oğurlayıb. Cabbar kimi insanların olması bizi sevindirir, ruhlandırır. Əslində kimlərəsə təsir etmək üçün əlimizdə imkan çoxdur. Cabbar kimi gənclərin bu istiqamətdə fəaliyyəti təsiri artırır. Cabbarın həbsindən sonra twitterdə, facebookdakı aksiyalarda fəaliyyət göstərirdik. Düşünürdüm ki, ölkədəki vəziyyətlə bağlı nəsə etməliyəm. Siyasi məhbuslarla bağlı roman yazmağı qərara aldım”.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, Cabbarın prototipinin yaradıldığı bir romanın yazılması sevindiricidir: “Cəmiyyətdə hər kəs narazıdır, ancaq heç kəs əlini daşın altına qoymaq istəmir. Burda daha sevindiricisi həbsdə olan gənclə bağlı başqa bir gəncin kitab yazmasıdır”.
Sonda VHP Təşkilat Şöbəsinin sədri Samir Əsədli və AXCP Gənclər Komitəsinin sədr müavini Ramil Qafarov kitabla bağlı fikirlərini bölüşdülər.
Informasiya şöbəsi