Ekspertlər isə ölkə daxilində kəmərlərlə xam neftin nəqli tarifinin artırılmasının benzinin qiymətinə təsir etməyəcəyini deyir
Ölkə daxilində kəmərlərlə xam neftin nəql tarifi 2,3 dəfə artırılıb. “APA”nın məlumatına görə, Tarif Şurasının son iclasında ARDNŞ-in müraciəti əsasında xam neftin nəqli tarifinə (ixrac istisna olmaqla) baxılıb.
Nəticədə Şimal Ixrac Kəmərinin Neft Kəmərləri Idarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti və neft kəmərləri sisteminə əsaslı investisiya qoyuluşlarının tələb olunduğu nəzərə alınaraq, 1 ton xam neftin nəql tarifi 6 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilib. Yeni tariflər bu ilin yanvarın 1-dən qüvvəyə minib. Qeyd edək ki, bundan öncə ölkədaxili kəmərlərlə xam neftin nəql tarifi 2,6 manat idi. Bir sıra ekspertlərin fikrincə, baş verən dəyişiklik ölkədə benzinin qiymətinin artırılmasına hazırlıq prosesi ola bilər.
Ekspert Ilham Şaban hadisələrin bu cür inkişafını istisna etdi. Novorossiysk kəməri ilə xam neftin nəql tarifinin 2,3 dəfə artırılmasının yalnız ölkə daxilinə aid olduğunu deyən ekspert əlavə etdi ki, xarici daşınmalar bu artımdan kənarda qalıb: “Bu dəyişiklik daha çox Bakı-Novorossiysk kəmərinə şamil ediləcək. Azərbaycanda bu kəmərlə ildə təxminən 2 milyon ton neft daşınır. Onun da böyük hissəsi xarici şirkətlərin payına düşür. Bir sözlə, bu dəyişiklik daha çox onların büdcəsinə toxunacaq”. Tarifin artırılmasının səbəblərinə gəlincə, I.Şaban bildirdi ki, məqsəd daha çox neft kəmərlərinin təmirini, yaxşılaşdırılmasını həyata keçirmək üçündür.
Hikmət