Avropa Məhkəməsi yaxın vaxtlarda seçki hüququnun pozuntusuyla bağlı daha bir neçə qərarı açıqlayacaq
Intiqam Əliyev: «Bu cür qərarlardan sonra Konstitusiya Məhkəməsinin cəmiyyətin üzünə hansı haqla və necə ”baxacağı” maraqlı gəlir mənə…»
Avropa Məhkəməsi Azərbaycanda seçki saxtakarlığıyla bağlı daha bir neçə qərarını yaxın vaxtlarda açıqlayacaq. Bu barədə “Azadlıq”a Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev məlumat verib.
“2005-ci ilin parlament seçkilərilə bağlı daha bir neçə qərarımız qalır. Onların arasında iki dəyərli insanın və siyasətçinin – AXCP-dən Həsən Kərimovun və KXCP-dən Bəybala Əbilin şikayətləri də var. Düşünürəm ki, Strasburq həmin işlər üzrə qərarlarını da bu yaxınlarda elan edəcək və biz növbəti mərhələyə keçəcəyik. Yəni, 2010-cu ilin seçkilərilə bağlı 100-dən çox şikayət üzrə kommunikasiyaların başlanmasını gözləyəcəyik”, – deyə Intiqam Əliyev bildirib.
Xatırladaq ki, Avropa Məhkəməsinin bugünlərdə Azərbaycana qarşı qəbul etdiyi dörd qərar da 2005-ci ilin parlament seçkilərində yol verilmiş saxtakarlıqlarla bağlı olub. Sözügedən qərarlar AXCP sədri Əli Kərimli, Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu və Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəylinin şikayətləri üzrə çıxarılıb.
Qeyd edək ki, Əli Kərimli və Qulamhüseyn Əlibəyli deputat seçilsə də, Konstitusiya Məhkəməsi onların mandatını ləğv eləmişdi. Bu isə o deməkdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsinin qanunsuzluğu Avropa Məhkəməsi səviyyəsində təsdiqlənib.
Azərbaycandakı məhkəmə sisteminin anormallıqları, eybəcərliklərinin Konstitusiya Məhkəməsindən də yan keçmədiyini deyən Intiqam Əliyevin sözlərinə görə, bu qurumun adı Avropa Məhkəməsinin bir neçə qərarında hallandırılıb. Hüquqşünas deyir ki, Konstitusiya Məhkəməsi ilk baxışdan normal fəaliyyət göstərir, yetərli sayda qərarlar verir, Avropa Məhkəməsinin presedentlərinə tez-tez öz qərarlarında istinad edir. Amma çox təəssüf ki, onun gördüyü işlərin, qəbul etdiyi qərarların klassik mənada Konstitusiya Məhkəməsinə çox az aidiyyəti var: “Bizim Konstitusiya Məhkəməmizin dünyanın normal ölkələrində olan və insan haqlarının keşiyində duran təsisata heç bir aidiyyəti yoxdur, yaxşı halda, onların eybəcər parodiyasıdır. Bu qurum uzun illər, vətəndaşların azad seçki, toplaşmaq, işgəncəyə və ayrı-seçkiliyə məruz qalmamaq, mülkiyyət, eləcə də digər hüquq və azadlıqlarına vəzifəli şəxslərin, məhkəmələrin qəsdlərilə bağlı çoxsaylı şikayətlərə ya əsassız olaraq, baxmaqdan imtina edir, ya da onları rədd edir. Konstitusiya Məhkəməsi tez-tez qərarlarına istinad etdiyi Avropa Məhkəməsi kimi, vətəndaşların konstitusion hüquqlarının pozuntusunu tanısaydı, bu, bir tərəfdən mühitə əhəmiyyətli təsir edərdi, digər tərəfdən də həmin şikayətlərin Strasburqa getməsinin və Azərbaycana qarşı qərarların çıxarılmasının qarşısını alardı. Amma təəssüf ki, Konstitusiya Məhkəməsinin qərarları bu qurumun da Milli Məclis, Nazirlər Kabineti, Ombudsman Aparatı kimi demokratiya görüntüsünə xidmət edən dekorasiya olduğunu dünyaya nümayiş etdirmək imkanı verir”.
Avropa Məhkəməsinin Azərbaycana qarşı sonuncu qərarından sonra Intiqam Əliyevi bir məsələ də maraqlandırır: “Bu cür qərarlardan sonra Konstitusiya Məhkəməsinin cəmiyyətin üzünə hansı haqla və necə ”baxacağı” maraqlı gəlir mənə…”.
Aytən Məmmədova