AXCP fəalı izlənilir

Elçin Həsənovu şərləyib həbs etmək istəyirlər

AXCP Ali Məclisinin üzvü, Sumqayıtda yaşayan gənc fəal Elçin Həsənov izlənir. Bu barədə “Azadlıq”a məlumatı fəalın özü verib. Onun sözlərinə görə, bu işi onun qonşusunun əli ilə görmək istəyirlər: “Bununla bağlı dəfələrlə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinə rəsmi ərizə ilə müraciət etmişəm. Çox təəssüf ki, cəbhəçi olduğuma görə polis ərizəmi götürmək istəmir. Axırda məcbur qalıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Ancaq yanvarın 11-də bəlli oldu ki, mənim ərizəmi hələ də qeydiyyata almayıblar”.  
Gənc fəal deyir ki, yaşadığı ərazinin sahə müvəkkili də onun şikayətinə məhəl qoymur: “Məni təxribata çəkib həbs etmək istəyən maraqlı tərəf var. Səbəb siyasi fəaliyyətimdir”.
Mətbuata məlumat verdikdən sonra onu şərləmək istəyən xanım üstünə hücum edib: “Nalayiq söyüşlərlə məni təhqir etdi. İstədi ki, ona əl qaldırım. Məqsədi təxribata çəkməkdir. Məcbur qalıb 102-yə müraciət etdim. Polis ikimizi də Sumqayıt şəhər 4-cü polis bölməsinə apardı”.
E.Həsənov bölmədə başına gələnlərlə bağlı izahat yazıb. Amma özünə qarşı təhlükənin aradan qalxmadığını düşünür.

Ramin