“Siyasi rəqiblərə qarşı bu cür namərd metoddan istifadə…”
Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasi fəaliyyətə görə üzvlərinin hədələnməsi ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda bildirilir ki, partiya sədrinin müavini Asəf Quliyev və Nizami rayon şöbəsində Qadınlar şurasının sədri Kəmalə Xəlilova siyasi fəaliyyətlərinə görə təhdid olunurlar.
“Bir gün öncə Asəf Quliyevə Naxçıvan Muxtar Respublikası rəhbərliyi siyasi fəaliyyətinə son qoymaq barədə sifariş göndərib və bildirilib ki, bu edilməsə onu hərbi xidmətə yollanan oğlu vasitəsi ilə cəzalandıracaqlar. Asəf Quliyevin oğlu Turqut ötən gün hərbi xidmətə yollanıb və onun təhlükəsizliyi bu səbəbdən ciddi təhlükə altındadır.
AXCP siyasi rəqiblərə qarşı bu cür namərd və yaramaz metoddan istifadəni şiddətlə qınayır və Müdafiə Nazirliyini dərhal tədbir görməyə səsləyir”, – deyə bayanatda bildirilir.
Sənəddə daha sonra qeyd olunur ki, partiyanın Nizami şöbəsinin fəalı Kəmalə Xəlilovaya da bir neçə gündür təhdid zəngləri, internetdən hədələyici məktublar gəlir. Konkret şəxslər K.Xəlilovanı izləməklə məşğuldurlar. O, AXCP-nın siyasi kursunu təbliğ etdiyinə görə “dilinin qoparılacağı” ilə hədələnib.
AXCP bəyan edir ki, siyasi düşüncəsinin fərqliliyinə görə insanların təhdid olunması yolverilməzdir. Partiya hakimiyyətə xatırladır ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, onlara normal siyasi fəaliyyət imkanı yaratmaq onun birbaşa vəzifəsi və öhdəliyidir.
AXCP hər iki təhdid hallarının araşdırılmasını tələb edir və onlarla bağlı baş verəcək istənilən xoşagəlməz hadisəyə görə birbaşa ölkə başçısı İlham Əliyevin məsuliyyət daşıdığıni bildirir.