Zakir Qaralov Ilqar Əliyevdən qorxur?

Respublika Prokurorluğu Ilham Əliyevin əmisi oğlunun həbs etdirdiyi şəxsin ittihamlarına cavab verdi

“Azadlıq”ın ötən sayında Ilham Əliyevin əmisi mərhum Aqil Əliyevin oğlu Ilqar Əliyevin həbs etdirdiyi Böyükağa Abdullayevin Gəncə şəhər 2 saylı istintaq təcridxanasından qəzetimizə ünvanladığı məktubu dərc etmişdik.
Böyükağa Abdullayev həmin məktubda bildirirdi ki, onun həbsi xüsusi sifariş əsasında həyata keçirilib və tamamilə qanunsuzdur. Böyükağa Abdullayev həmçinin bildirirdi ki, barəsində başlanmış cinayət işinin istintaqı da obyektiv aparılmayıb. “Ilqar Əliyev prezidentin qohumu olduğu və Baş Prokurorluqda işlədiyi üçün bütün hakimiyyət dairələri ondan çəkinir. Hüquqlarım tapdanıb, pozulub, azadlığım əlimdən alınıb. Əmlakım da əlimdən alınıb, lakin şikayətimə baxan yoxdur”, – deyə Böyükağa Abdullayev bildirmişdi.
Dünən “Azadlıq”ın əməkdaşı Böyükağa Abdullayevin iddiaları ilə bağlı Baş Prokurorluğun mövqeyini öyrənib. Eldar Sultanov yalnız bunları deməklə kifayətlənib: “Böyükağa Abdullayevin Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.3.2 və digər maddələrlə təqsirləndirilməsinə dair cinayət işi üzrə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün 7 sentyabr 2011-ci il tarixdə Gəncə Ağır Cinayətlərə dair Məhkəməyə göndərilmişdir. Hazırda həmin cinayət işi qeyd edilən məhkəmənin icraatındadır”.

Informasiya şöbəsi