Ictimai Palatanın Koordinasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Dünən Müsavatın qərargahında baş tutan iclasda bir sıra məsələlər müzakirə edilib və qərarlar qəbul edilib.
Iclas barədə “Azadlıq”a məlumat verən Müsavat başqanı Isa Qəmbər bildirib ki, ilk olaraq Ictimai Palatanın 8 yanvar sessiyası və həmin gün Koordinasiya Şurasına seçkilər müzakirə mövzusu olub: “Ümumilikdə sessiyanın işi və seçkilər müsbət dəyərləndirildi. Şəffaf bir seçki keçirildi. Nümunə göstərildi ki, hətta bu cür ağır şəraitdə belə cəmiyyətimiz demokratik seçkilərə hazırdır. Sadəcə hakimiyyət bu cür seçki istəmir”.
Müsavat başqanı bildirib ki, daha sonra Ictimai Palatanın 2012-ci illə bağlı fəaliyyət planı müzakirə edilib. Isa Qəmbərin sözlərinə görə, fəaliyyət planı ilə bir sıra təkliflər irəli sürülüb. Qərara alınıb ki, müzakirələr intensiv şəkildə aparılsın. Və irəli sürülən təkliflər müəyyən mərhələdə layihə halına salınaraq Ictimai Palatanın müzakirəsinə çıxarılsın.
Iclasda Ictimai Palatanın 20 yanvar faciəsilə bağlı Şəhidlər Xiyabanını ziyarət etməsi, yanvarın 31-də Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının Novxanıda qeyd edilməsi, həmçinin yanvarın 21-də Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılının 50 illik yubileyinin qeyd edilməsi barədə qərar qəbul edilib.
Müsavat başqanı əlavə edib ki, iclasda vicdan məhbuslarının “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunə olunmasının təmin edilməsi qərara alınıb: “Bu ideya vicdan məhbusu Arif Alışlının atasının yas mərasimində Arif bəylə söhbət zamanı yaranıb. Artıq bu istiqamətdə müəyyən addımlar atmağa başlamışıq”.
Azad