“Xalqın hesab soracağı gün yaxındadır”

Ədalət Yusibov: «Cəmiyyət sıxılan yayı xatırladır, bu yayın açılacağı vaxt hakimiyyətin hara qaçacağı maraq doğurur»

«Ictimai Palata qarşısına qoyduğu məqsədlərə çatana qədər KXCP üzvləri orada olacaqlar»

Kalssik Xalq Cəbhəsi Partiyası sədrinin müavini, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusibov “Azadlıq”a IP-in bir illik fəaliyyəti və digər məsələlərlə bağlı müsahibə verib.

– Bir illik fəaliyyəti zamanı bir çox mühüm siyasi addımlara imza atan IP-in indiyə qədər keçdiyi yolu necə qiymətləndirirsiniz?
– Azərbaycan cəmiyyətində Ictimai Palata yaradılan zaman gözləntilər indiyə qədər görülən işlərin nəticələrindən daha artıq idi. Amma hakimiyyətin zəruri olan islahatları aparmaması, iqtidarın baş verənlərə münasibəti nəticəsində bu cür durum yaranıb. Düşünürəm ki, Ictimai Palata Azərbaycan reallıqlarına uyğun nəticə əldə edib. Əsas odur ki, Ictimai Palata həm yerli ictimaiyyətdə, həm də beynəlxalq aləmdə siyasi mövcudluğu, hakimiyyətə əsas alternativ olduğu haqqında fikir formalaşdıra bilib. Təşkilat olaraq möhkəmlənməkdə davam edən bir mərhələyə gəlib çıxıb.

– Ictimai Palatanın son toplantısında çıxışınız zamanı dediniz ki, KXCP-də sona qədər mübarizəni Ictimai Palatada görürlər. Bu fikirdə olanların partiyada sayı nə qədərdir?
– Ictimai Palatanın Koordinasiya Şurasına namizədliyim irəli sürüləndə həmin gecə KXCP-nin IP-dən çıxmaq haqqında qərarının olduğu, eyni zamanda seçkilərdə iştirak edəcək namizədlərin partiyadan uzaqlaşdırılacağı ilə bağlı müxtəlif məlumatlar yayılmışdı. Bu da çox ciddi müzakirəyə səbəb olmuşdu. Çünki bir gün sonra Ictimai Palatanın sessiyası keçiriləcəkdi. Mənim özümün dəyərləndirmələrimə görə, bu həm KXCP-nin siyasi nüfuzuna, həm də Ictimai Palatanın sessiyasının önəminə xələl gətirmək üçün ortalığa atılmış bir məsələ idi. Mən bunlara aydınlıq gətirməyə çalışmışam. Bəyan etmişəm ki, Ictimai Palatada təmsil olunan şəxslər sona qədər mübarizəni bu təşkilatda aparmağa qərarlıdırlar. Çünki Ictimai Palata bir siyasi-ictimai qurumdur, hər kəsin bu təşkilatda təmsil olunmaq hüququ var. Hər bir partiyanın da ictimai fəaliyyətlə məşğul olan üzvünün hüquqlarının qorunması ilə bağlı öhdəliyi var. KXCP-dən Ictimai Palatada təmsil olunan on nəfər liderlərdə ajiotaj yaratmamalıdır. Hər deyilən ifadəni normal dəyərləndirmək imkanına malik olmalıdırlar. Dəqiqləşdirmə aparılandan sonra hər deyilən ifadəni düzgün dəyərləndirmək imkanına malik olmalıdırlar.

KXCP yeni təşkilatla bağlı rəsmən müzakirə aparmayıb

– KXCP Ictimai Palatada təşkilat olaraq təmsilçiliklə bağlı məsələ gündəmə gələn zaman heç bir bloka üzv olmayacağını bəyan etmişdi. Amma bu günlərdə yeni təssis olunan Vətəndaş Hərəkatı Forumunun işində iştirak etmək qərarını verib.  Bunu partiya üzvləri necə qarşılayır?
– KXCP-də yeni yaranan təşkilatla bağlı məsələ gündəliyə rəsmən qoyularaq indiyə qədər müzakirə olunmayıb. Zaman-zaman funksionerlər səviyyəsində qaldırılan məsələlərlə bağlı ilkin xarakterli məlumat verilib. Inanmıram ki, KXCP təşkilatda fəaliyyətə başlamamışdan əvvəl bu barədə partiya strukturunda müzakirə olmasın. Bu yaxınlarda təsis konfransı nəzərdə tutulub. Inanıram ki, həmin toplantıda başqa məsələlərlə yanaşı bu da müzakirəyə çıxarılacaq.
Və bu zaman partiya nizamnaməsinə əməl olunacaq və bizi fakt qarşısında qoymayacaqlar.

– Mirmahmud bəy bildirib ki, KXCP Ictimai Palatada yoxdur və partiyanın adından danışmaq səlahiyyəti yalnız ona məxsusdur. Eyni zamanda partiya sədri əlavə edib ki, Ictimai Palatanın Koordinasiya Şurasına seçkilər zamanı sizin KXCP-nin adından istifadə etmənizə təəssüflənir?
– Mənim adımdan sitat gətirən mətbuat orqanlarını oxumaqla bir daha şahid olmaq olar ki, KXCP adından təbliğat işi ilə məşğul olmamışam. Yalnız siyahıda mənim adımın qarşısında KXCP-də sədr müavini olmağım göstərilib və bu da mənim haqqımdır. Inanıram ki, Mirmahmud bəyin də açıqlaması yanlış məlumata əsaslandığı üçün belə olub. Bundan başqa, Ictimai Palata təsis olunanda orada KXCP-nin fədakar üzvləri də iştirak edirdi və onlardan bir çoxları bu gün də təşkilatda fəaliyyətlərini davam etdirirlər. Düşünürəm ki, Ictimai Palata qarşısına qoyduğu məqsədlərinə çatana qədər KXCP üzvləri orada olacaqlar.

Islahatlar olmasa, məsuliyyəti hakimiyyət daşıyacaq

– Hazırda ölkədə müxalif fikrin səsləndiyi ən xırda tədbirlərin belə, hakimiyyət tərəfindən keçirilməsinə imkan yaradılmır. “Ziyalılar Forumu”nun tədbirinin keçirilməsinə imkanın yaradılmaması buna misaldır. Iqtidarın müxalif fikirdən bu qədər ehtiyatlanaraq ifrat addımlara əl atmasının səbəbi nədir?
– Bu, hakimiyyətin xalqdan və onun aparıcı zümrəsi olan ziyalılardan, siyasi partiyalardan qorxduğunun görsənişidir. Hakimiyyət hazırkı siyasətini davam etdirmək istəyir. Ona görə xalqın ayağa qalxmasının qarşısını almaq üçün zor tətbiq etməklə məşğuldur. Bu siyasətin hara qədər davam edə biləcəyini hamı gözəl bilir. Biz təbii ki, istərdik hər şey qanunçuluq şəraitində, hakimiyyətin özünün islahatlara razılıq verməsinin nəticəsi olaraq cəmiyyətdə islahatlara başlanılsın. Əgər hakimiyyət buna razı deyilsə, o zaman baş verəcəklərə görə məsuliyyət öz üzərində qalacaq.

– Hakimiyyət tərəfindən nə ziyalı sözü eşidilir, nə siyasi partiya təmsilçilərinin çağırışlarına məhəl qoyulur. Hakimiyyət demək olar ki, dəyişikliyə apara biləcək bütün yolları kəsib. Bu cür yanaşmanın sonu necə görünür?
– Hakimiyyət bütün imkanlarından istifadə edərək xalqı sıxmaqla məşğuldur. Hazırda cəmiyyət sıxılan bir yayı xatırladır. Amma bu yayın sıxılmasının bir son nöqtəsi olacaq və yayın açılacağı vaxt hakimiyyətin hara qaçacağı maraq doğurur. Öz talelərini, milləti düşünsünlər. Çıxış yolunun birgə aranmalı olduğu barədə fikirləşsinlər.

– Hakimiyyət, bir qayda olaraq, müxalifətdən gələn təkliflərinə Azərbaycanın inkişafını istəməyən xarici qüvvələrin “sifarişi” damğasını vurur. Rəsmilər əsaslandırmağa çalışırlar ki, bu təkliflər ölkədə stabilliyi pozmağa hesablanıb. Beynəlxalq təşkilatların iradlarına isə onların ermənipərəst adlandırılması ilə cavab verilir?
– Bu bir daha təsdiq edir ki, hakimiyyət xaricdən idarə olunur. Əks təqdirdə, real situasiyanı düzgün qiymətləndirərək, ona uyğun addım atardı.

Xalqın hesab soracağı gün yaxındadır

– Bir çox ekspertlərin fikrincə, 2011-ci ildə dünyada başlayan qlobal demokratikləşmə prosesi 2012-ci ildə də davam edəcək. Belə fikirlər var ki, Azərbaycan da gözlənilən demokratikləşmə dalğasından kənarda qalmayacaq.
– Inanıram ki, ətrafında baş verən hadisələrdən fərqli olaraq Azərbaycanda uyğun zamanda həm siyasi, həm iqtisadi islahatlara başlanılacaq. Azərbaycanda nəhayət ki, demokratik seçkilər keçiriləcək və Konstitusiyaya uyğun hökumət qurulacaq. Siyasi məhbusların azad olunması, demokratik dəyərlərin bərqərar olunması baş tutacaq.

– Fransa “erməni soyqırımı” ilə bağlı ciddi addımlar atmağı düşündüyü bir zamanda Türkiyədən fərqli olaraq Azərbaycanın hansı addımları atacağı bəlli deyil. Azərbaycan bu məsələdə Türkiyənin yanında olmaq istədiyini nümayiş etdirmir. Hakimiyyətin bu çəkingən siyasəti nədən qaynaqlanır?
– Fransanın Türkiyəyə qarşı son addımlarının mahiyyətini tam başa düşmək olar. Çünki Fransa Türkiyəni özünə rəqib kimi görür. Türkiyənin artıq bir sıra regionlarda, ümumiyyətlə, dünyada söz sahibi olduğu faktdır. Fransa isə buna qarşıdır. Azərbaycan hakimiyyəti qardaş Türkiyəyə qarşı atılan bu addıma bu gündə susqunluqla yanaşır. Bu da Fransa ilə Azərbaycan hakimiyyəti arasındakı əlaqələrin məntiqi nəticəsi olaraq görünməkdədir. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti başda Ilham Əliyev olmaq şərtilə öz maraqlarını xalqın maraqlarından üstün tutur. Nə vaxta qədər bu davam edəcək? Zaman gələcək bu xalq bütün bunların hesabını soracaq. Bu gün yaxındadır.

– Azərbaycan Fransaya qarşı hansı addımları ata bilər?
– Fransanın atdığı addımlar türkə qarşı yönəlib. Azərbaycan bir türk dövləti kimi Fransa qarşısında bir sıra tələblər irəli sürməlidir. Ilk tələb Fransanın Minsk Qrupunun həmsədirliyindən çıxarılması məsələsi ola bilər. Eyni zamanda rəsmi mövqe sərgilənməli, parlamentdəki Fransa-Azərbaycan dostluq qrupu səviyyəsində bəyanat verilməlidir. Amma təəssüf ki, bütün bunların heç biri sərgilənmir.

Xəyal