Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində (CM) saxlanılan hüquq müdafiəçisi Vidadi Isgəndərli yeni “zon”a köçürüləcək. Bu barədə “Azadlıq”a Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına Kömək Ictimai Birliyinin sədri Oktay Isgəndərli məlumat verib.
Onun sözlərinə görə, Şüvəlandakı istintaq təcridxanasından onlara bildiriblər ki, orada saxlanılan Vidadi Isgəndərli dünən günorta saatlarında 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Noyabrın 5-də Vidadi Isgəndərli Gəncə Istintaq Təcridxanasından Şüvəlandakı istintaq təcridxanasına köçürülmüşdü. Vidadi Isgəndərlinin ya 8, ya da 9 saylı cəzaçəkmə müəssisələrinin birinə köçürüləcəyi gözlənilirdi. Oqtay Isgəndərli V.Isgəndərlinin 14 saylı cəzaçəkmə müəssisəsinə qərəzli şəkildə göndərildiyini dedi: “Vaxtilə hüquq-mühafizə orqanlarında çalışmış şəxslər həbs olunarkən cəzalarını 9 saylı cəzaçəkmə müəssisəsində çəkirlər. Vidadi Isgəndərli də uzun müddət hüquq-mühafizə orqanında çalışıb. Buna görə də Vidadi bəy 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilməli idi. Amma ona qarşı qərəz olduğu üçün onu 14-cü kalona göndərdilər”. Oqtay Isgəndərli bu məsələ ilə bağlı ölkəmizdəki səfirliklərə və beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirdi.
Hüquq müdafiəçisini 5 saylı CM göndərə bilərlər. Sözügedən müəssisənin rəisi Etibar Məmmədyarovdur. Etibar Məmmədyarov isə Vüqar Məmmədyarovun qardaşıdır. V.Məmmədyarov Göyçay rayon polis idarəsinin rəisi olanda Vidadi Isgəndərli onun əməllərini ifşa etmişdi. Fakt qarşısında qalan daxili işlər naziri Ramil Usubov sonda geri çəkilərək V.Məmmədyarovu işdən çıxarmışdı. Məhz bu amil 5 saylı CM-də Vidadi Isgəndərlidən qisas alınması narahatlığını yaradır.
Onu da əlavə edək ki, Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsi ölkədə ən pis həbsxana sayılır. Siyasi məhbusların əsasən həmin müəssisəyə göndərilməsi təcrübəsi var.
Penitensiar Xidmətin mətbuat xidmətindən isə bildirdilər ki, Vidadi Isgəndərlinin hansı müəssisəyə göndərilməsi haqda onlarda məlumat yoxdur.
Xatırladaq ki, Göyçay Rayon Məhkəməsi V.Isgəndərlini 3 il müddətinə azadlıqdan məhrum edib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları V.Isgəndərlinin siyasi baxışlarına görə həbs olunduğunu bildirərək onun azadlığa buraxılmasını tələb edirlər.
Ramin DEKO


