Tehranın nüvə proqramı yenidən dünyanı qarışdırdı
ABŞ-la Çin Irana görə toqquşdu
Iranın nüvə proqramı ətrafında yeni gərginlik yaranıb. Rəsmi Tehranın uranın zənginləşdirilməsi fəaliyyətindən imtina etməyəcəyinə dair bəyanatları başda ABŞ olmaqla, Qərb ölkələri və beynəlxalq təşkilatların kəskin etirazına səbəb olub. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) və BMT-nin nümayəndəsi Gil Tüdor təsdiqləyib ki, Iran Fordo dağının içində tikdiyi yeraltı nüvə obyektində uranın zənginləşdirilməsi prosesinə başlayıb. Tüdorun sözlərinə görə, uranın 20 faizə qədər zənginləşdirilməsi prosesi sürətləndirilib.
Iranın nüvə proramına qarşı sərt mövqe sərgiləyən ABŞ, Fransa və BMT Tehrana xəbərdarlıq ünvanlayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland keçirdiyi brifinqdə bəyan edib ki, Iranın 20 faizə qədər uranın zənginləşdirilməsinə başlaması bu ölkənin üzərinə götürdüyü öhdəlikləri pozması deməkdir. Nulandın sözlərinə görə, ABŞ hadisələri diqqətlə izləyir və Vaşinqton Tehranın nüvə fəaliyyətinə yönəlik addımlarını intensivləşdirmək niyyətindədir.
Fransa Xarici Işlər Nazirliyinin sözçüsü Romen Nadal isə bildirib ki, Iranın uranı zənginləşdirməsi Tehrana qarşı yeni sanksiyaların tətbiqini qaçılmaz edəcək: “Tehranın yeni təxribatı bizi vadar edir ki, Avropadakı müttəfiqlərimiz və digər tərəfdaşlarımızla Irana qarşı yeni və son dərəcə sərt sanksiyalara əl ataq”.
Nəzərinizə çatdıraq ki, Avropa Birliyi Irana qarşı neft sanksiyasını yanvarın 30-da Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin sammitində elan edəcək. Lakin Avropa Birliyinin həmin toplantısının nəzərdə tutulan tarixdən bir həftə tez – yanvarın 23-də keçirilməsi planlaşdırılır.
Bu arada, Çin ABŞ-ın Iran neftinə yönəlik sanksiyalarını rədd edib və bunun Tehranın nüvə proqramıyla heç bir əlaqəsi olmadığını bildirib. Xarici işlər nazirinin müavininin sözlərinə görə, rəsmi Pekin mahiyyətləri fərqli olan mövzuların bir-birilə qarışdırılmasına qarşıdır: “Iranın nüvə proqramının ticarətlə heç bir əlaqəsi yoxdur. Çin hökuməti nüvə silahlarının yayılmasının qarşısının alınmasını dəstəkləyir”.
BMT Baş Assambleyasının nümayəndəsi Martin Heriski bildirib ki, Iran nüvə proqramının dinc xarakter daşıdığını sübut etməli və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməlidir.
Tehran isə ittihamlara cavab verib ki, Fordo dağında tikilmiş yeraltı zavodda uranın zənginləşdirilməsi beynəlxalq agentliyin nəzarəti altında həyata keçirilir. Iranın BMT-dəki daimi nümayəndəsi Əli Əsgər Sultaniyə “Press TV” kanalına açıqlamasında bildirib ki, təkcə Fordoda deyil, Iranın bütün nüvə stansiyalarında işlər beynəlxalq agentliyin nəzarəti altında aparılır: “Fordoda uranın 20 faiz zənginləşdirilməsi işləri beynəlxalq qanunlara zidd deyil”.
Avropanın nüfuzlu “The Times” qəzeti Irana qarşı ən sərt hədələri və bu ölkəyə yönəlik hərbi müdaxilə variantını gündəmə gətirən Israilin Tehranla bağlı mümkün planlarını şərh edib. “The Times” Israil rəsmilərinin hazırladığı sənədi ələ keçirib. Qəzetin yazdığına görə, Israil Iranın nüvə silahını bu il ərzində sınaqdan keçirəcəyini düşünür və buna qarşı cavab həmləsinə hazırlaşır.
Sənəddə nəzərdə tutulan planların Iranın nüvə silahını sınaqdan keçirdikdən sonra gündəmə gətiriləcəyi bildirilir. Ssenarilərin hamısı Iranın nüvə silahını sınaqdan keçirməsindən sonra dövrəyə buraxılacaq siyasətə aiddir. Bu da Iranın nüvə silahına sahib olmasını əngəlləmək üçün Israilin hərbi əməliyyat da daxil olmaqla, əlindən gələn hər şeyi etmək siyasətindən geri çəkilmədiyini göstərir.
“The Times” yazır ki, Iranın nüvə silahını sınaqdan keçirməsilə Yaxın Şərqdəki güc balansı tamamilə dəyişəcək. Israilli rəsmilər baş verəcək dəyişiklikləri belə sıralayıb:
ABŞ Israilin Irana hərbi müdaxilə variantına əl atmasına mane olmağa çalışacaq;
Vaşinqton bununla yanaşı, Israilin NATO-ya üzv olması da daxil olmaqla, rəsmi müdafiə paktı təklif edəcək;
Rusiya bölgədə nüvə silahı ilə silahlanmanı dayandırmaq məqsədilə ABŞ-a müdafiə paktı təklif edəcək;
ABŞ-ın nüvə zəmanətlərini kafi hesab etməyən Səudiyyə Ərəbistanı özünün nüvə silahı proqramını inkişaf etdirəcək;
Misir, Irana qarşı hərbi əməliyyatın həyata keçirilməsini istədiyi halda, Türkiyə Tehranla qarşı-qarşıya gəlməkdən yayınacaq;
Əgər Israil NATO-ya üzv olsa, Türkiyə təşkilatdan çıxacaq;
Avropa Birliyi hərbi müdaxilənin əleyhinə çıxacaq və Irana qarşı sanksiyaların sərtləşdirilməsi təklifini irəli sürəcək;
Çin BMT-nin Irana qarşı sanksiyalarına daxil olacaq, ancaq bunları yumşaldacaq.
Informasiya şöbəsi


