(Bir daha quzuların yaratdığı canavarlar haqda)
Kaş ki, hər kəs bir məsələdən həmişə ehtiyatlansın, ayıq olsun. Oradakı siz, biz, bir qrup olaraq, yaxud bir xalq olaraq kimlərinsə artıq hüquqlu olmasına imkan veririk, onun özünün bizdən daha çox hüquqa sahib olduğu qənaətinə gəlməsinə, özünü o cür aparmasına imkan yaradırıq, orada biz böyük səhvə yol verir, ətrafdakılar üçün qorxulu, ən azı əngəl yaradan bir güc formalaşdırırıq. O, canavara çevrilir və bizim quzu olmağımızdan iştaha gəlir. O, getdikcə bizdən daha çox şeyi almaq istəyir.
Bu rola hər kəs girə bilər. Bu, cəmiyyət miqyasında da baş verə bilər (baş verib də!), bir qrup daxilində də. Bu rola ideologiyalar, dinlər, hədəflər də girə bilər, amma bütün hallarda proses canavarların ortaya çıxması ilə davam edir…
Köhnə bir dialoqu yada salmağa ehtiyac duydum. Dəyərli dostlarımızdan biri bizə maraqlı və standart olmayan bir sual vermişdi:
– Insan niyə canavarlaşır? Niyə bir adam, yaxud bir qrup adam başqalarına qarşı amansızlaşır, yırtıcılaşır? Bu, psixoloji pozuntu deyilsə, onun səbəbi nədir? Ümumiyyətlə, niyə insanın insana qənim kəsildiyi rejimlər, hallar ortaya çıxır…
Bunlar faşizmdən sonrakı Avropada səslənən sualları mənə xatırlatdı. Seçilən sözlər də tanış idi – insan və canavar. Qoyulan sual Erix Frommun çox sevdiyim “Insan canavardır, yoxsa quzu?” adlı məşhur essesini də xatırlatdı. Mən mövzunun o səmtə gedəcəyini düşündüm. Lakin dostumuz öz sualına özü cavab verdi və bu cavab olduqca orijinal idi. Hətta mənə Erix Fromm kimi dahinin adını çəkdiyimi essesi qədər maraqlı gəldi.
Dostumuz deyir:
– Insanı canavarlaşdıran başqa insanın və ya insanların hüquqsuzluğudur. Yalnız bu halda insan başqasını “dişinə çəkə” biləcəyini düşünür. Yalnız hüquqsuzluğun olması bir insanın, yaxud insan qrupunun canavara dönməsinə motiv yaradır və yalnız hüquq cəmiyyətləri insanın canavar olmasının qabağını alır.
Dostumuz deyir:
– Insan başqalarının hüququnun olduğunu gördükdə ictimai canavara çevrilə bilmir. Hüquqlu insanların etirazı, dirənişi, özünümüdafiəsi dərhal onun arzusunun qabağını alır.
Dostumuz deyir:
– Quzular yoxdursa, canavar da yoxdur və hətta bu halda canavar olmaq heç kimə sərf etmir. Onun yemi kəsilir, o, ac qalır. Canavarlıq mənasını itirir…
Biz sual verildikdən sonra polemikaya hazırlaşmışdıq, döyüşkən poza almışdıq, lakin hamımız duruşumuzu dəyişdik. Hamımız verilən sualdan və onun cavabından məmnun qaldıq.
Deməli, hüquqsuzluq bizi didməyə hazırlaşan siyasi rejimin qida aldığı əsas mənbədir. Biz yalnız hüquq tələb etməklə, onu əldə etməklə bizi canavar kimi didənlərdən yaxa qurtara bilərik. Etirazın faydası bundadır. Səsini qaldırmağın faydası bundadır. Vaxtında səsini qaldırmağın böyük faydası da bundadır. Etiraz etməkdə!
Erix Fromma gəldikdə, böyük fikir adamı canavarlarla quzular arasında bir yaxınlıq görürdü. Axı Hitler, Stalin cinayəti təkcə törətmədi ki? Təkcə törədə bilməzdi də! Onda sual olunur: əmrləri quzu kimi yerinə yetirənlər kimlərdir? Fromm deyir ki, bu məsələdə canavar və quzu olmağın fərqi yoxdur, hətta canavar asanlıqla quzuya, quzu canavara çevrilir.
Avtoritarlığın ən böyük dayağı
Bu gün Azərbaycandakı canavar dişli hakimiyyətin ən böyük dayağı, hər yerdəki gücü quzulardır. Quzu kimi sakit dayananlar. Səsini çıxarmayanlar.