Ruslan Bəşirli ilə bağlı hökumətə verilən vaxt bitir

Əlayıf Həsənov: «Hökumət yanvarın 17-nə qədər Avropa Məhkəməsinə cavab verməlidir»

Avropa Məhkəməsinin “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin işi ilə bağlı Azərbaycan hökumətinə verdiyi vaxt yanvarın 17-də başa çatır. Həmin vaxta qədər hökumət Strasburq məhkəməsinin R.Bəşirli ilə bağlı müraciətinə rəsmən cavab verməlidir.
Vəkil Əlayıf Həsənovun sözlərinə görə, vaxtın bitməsinə bir həftədən az vaxt qalsa da, hökumətdən hər hansı tərpəniş yoxdur: “Ruslan Bəşirlinin işi Avropa Məhkəməsi tərəfindən icraata götürülüb. Qurum Azərbaycan hökumətinə müraciət göndərib ki, bu şikayətlə bağlı hansı etirazları varsa, bildirsinlər. Hökumətə təklif olunub ki, 2012-ci il yanvarın 12-nə qədər məsələnin dostcasına həlli ilə bağlı addım ata bilirsə, atsın. Amma bugünə qədər biz Azərbaycan hakimiyyətinin Ruslanla bağlı hər hansı addımını görməmişik. Ruslan Bəşirlinin həbsi siyasi sifarişdir və bu işdə həddən artıq çox pozuntuya yol verilib. Inanıram ki, Avropa Məhkəməsinin qərarı bu pozuntulara adekvat olacaq”.
Xatırladaq ki, R.Bəşirli Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun cəza müddəti bu ilin avqustunda başa çatır.

Gültəkin