“Bu mükafat mənə çox əzizdir”

“Bu mükafat təkcə mənə yox, bütövlükdə Ziyalılar Forumuna və Azərbaycan ziyalısına verilən mükafatdır”. Yanvarın 11-də “Media forum” saytına açıqlamasında professor Rafiq Əliyev belə deyib.

Yanvarın 10-da 2011-ci il üçün “Media açarı” mükafatı təqdim olunub. “İlin media adamı” nominasiyasında Azərbaycan Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev qalıb olub.

Rafiq Əliyev bu mükafatın onun üçün gözlənilməz olduğunu deyib: “Başqa ödüllərim olsa da, bu mükafat mənim üçün çox əzizdir. Çünki müxtəlif məmurlar və ya komitələrin təltiflərindən fərqli olaraq “İlin media adamı” mükafatını mənə xalqım verib. Bu, xalqın mənə sevgisini göstərdi. Hər kəsə təşəkkürümü bildirirəm”.

İnformatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu alim olna Rafiq Əliyev 70-ə yaxın kitabın müəllifidir. 1988-90-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin müdiri olub.