Britaniyalı deputat Rusiya baş nazirinə qarşı sərt təklif irəli sürdü
“Britaniya parlamenti Rusiyanın baş naziri Vladimir Putinə “dəqiq mesaj” verməlidir ki, onun 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarının açılış mərasiminə qonaq kimi qatılması arzuolunmazdır”. Bu bəyanatla “The Guardian” qəzetinə müsahibəsində Britaniya parlamentinin leyborist üzvü, ölkənin Avropa ilə əməkdaşlıq üzrə keçmiş müavini Denis Makşeyn çıxış edib.
İngilis deputat bu təklifin səsə qoyulması üçün parlamentə təklif ünvanlayacağını bildirib. Makşeyn bu addımını onunla əlaqələndirib ki, Rusiya hakimiyyəti insan haqlarını kobudcasına pozur və vətəndaşların seçki hüqqunu məhdudlaşdırır. “The Guardian” əlavə edir ki, 2012-ci il Yay Olimpiya Oyunlarının açılış mərasiminə minimum 10 dövlət başçısının qatılması planlaşdırılır.
Denis Makşeyn müsahibəsində bildirib ki, Britaniyada Rusiya və ruslara qarşı heç bir mənfi münasibətdən söhbət gedə bilməz. Vladimir Putinə gəlincə o, hakimiyyətdə olduğu illər ərzində hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin fəallarına qarşı repressiyalar güclənib:“Rəsmi London Müəmmər Qəzzafi və Bəşər Əsədi sərt tənqid edir. Ancaq sıra Çin və Rusiyaya gələndə susqunluq müşahidə olunur. Artıq Vladimir Putinə qarşı münasibət sərtləşdirilməlidir”.