İnsanov Avropadan qərar gözləyir

Eynulla Fətullayev keçmiş nazirlə siyasi məsələləri müzakirə edib

Bir neçə gün əvvəl sabiq səhiyyə naziri Əli Insanovun Ədliyyə Nazirliyini məhkəməyə verməsi ilə bağlı məlumat yayıldı. Sabiq naziri bu addımı atmağa vadar edən isə 13 saylı Cəzaçəkmə Müəssisəsində dözülməz şəraitdə saxlanılması, yaxınları ilə görüşə maneələr törədilməsi, eyni zamanda digər problemlərin olmasıdır. Əli Insanov Işgəncələr Əleyhinə Milli Komitənin rəhbəri Elçin Behbudovla görüşməsinə problem yaradıldığını da bildirirdi.
Məlumat yayılandan sonra “Insan Haqları Uğrunda” Ictimai Birliyin sədri Eynulla Fətullayevdən sabiq nazirlə görüşüb-görüşməyəcəyi ilə maraqlandıq və o, bir neçə gündən sonra həbsxanaya baş çəkəcəyini dedi.
E.Fətullayev 13 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparıb, keçmiş səhiyyə naziri Əli Insanovla görüşüb. Onun sözlərinə görə, sabiq nazirin bir sıra şikayətləri olub. Bu şikayətlər nədən ibarətdir? Görüşlə bağlı Eynulla Fətullayevdən məlumat aldıq.   

– Bir müddət əvvəl Əli Insanovun əfvdən imtina etməsi ilə bağlı məlumatlar yayıldı. Özü bunu təsdiqlədimi və imtinanı nə ilə izah etdi?
– Bunu ondan soruşdum. Mətbuatda belə informasiya yayılmışdı ki, guya Əli Insanov əfv ərizəsini yazmaqdan imtina edib. O, bu informasiyanı təsdiqlədi. Sonra cəzaçəkmə müəssisəsinin rəisindən soruşdum. O dedi ki, əgər cəzaçəkmə müəssisəsində təklif ediblərsə, deməli, mən, ya da başqa əməkdaşlar bunu təklif edib. Ona heç bir təklif olunmayıb. Bəlkə ailəsinə nəsə təklif olunub. Amma bu təklif cəzaçəkmə müəssisəsində olmayıb. Söhbət zamanı Əli Insanova bu haqda sual verdim. Əli Insanov bildirdi ki, o, əfv ərizəsini yazmaq fikrində deyil. Gecikmiş olsa da, Avropa Məhkəməsinin qərarını gözləyir. O mənə bildirdi ki, 2010-cu ilin yayında Azərbaycan hökuməti ilə Avropa Məhkəməsi arasında kommunikasiyalar bitib. Ancaq kommunikasiyalar bitsə də, hələlik qərar verilməyib və qərarın verilməməsi səbəbi ona məlum deyil.

– Bildirmisiz ki, Əli Insanov vəkili ilə telefon vasitəsilə, şüşə divar arxasında danışır. Bu bütün məhbuslara şamil olunur, yoxsa təkcə Əli Insanova?
– Bütün məhkumlar həmin vəkil kabinasından istifadə edirlər. Çünki vəkillərlə görüş üçün nəzərdə tutulan otaq bir dənədir. Orda da şüşə qoyulub. Məndə olan məlumata görə, bu, bir sıra cəzaçəkmə müəssisələrində tətbiq olunub. Məsələn, dəqiq bilirəm ki, 8 saylı cəzaçəkmə müəssisəsində də bu var. Çünki bunu mənə Nadir Səlifovun vəkili Təranə Əliyeva bildirmişdi. Əli Insanov şikayətləndi ki, bütün yazışmalar senzuradan keçirilir. Ümumiyyətlə, bütün məhkumların yazışmaları senzuradan keçməlidir. Mənim də yazım keçirdi. Vaxtilə bununla maraqlanmışdım. Prinsipcə, cəzaçəkmə müəssisəsinin əməliyyat xidmətinin buna ixtiyarı çatır. Düzdür, məktubları yubada bilməzlər, vaxtında keçirməyə borcludurlar. Amma oxuya da bilərlər. Əli Insanov deyir ki, telefonla danışanda səs də pis eşidilir. Indi bütün bunlarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə hesabat təqdim edəcəm.

– Əli Insanov psixoloji təzyiqlərin olduğunu bildirib. Bu təzyiqlər nədən ibarətdir?
– Əli Insanov alimdir, akademikdir, ziyalı bir insandır. O hesab edir ki, cəzaçəkmə müəssisəsində, həbsxanada, xüsusilə cinayətkarların içində onun saxlanılması birbaşa psixoloji təzyiqdir. Eyni zamanda o deyir ki, hər səhər həyətə düşəndə ayaqyoluna növbə yaranır. O da növbədə dayanmağa məcburdur. Yaşlı, eyni zamanda ziyalı insan üçün bu çox mürəkkəbdir. Bizim cəzaçəkmə müəssisələri tam olaraq Avropa standartlarına cavab vermir. Məsələn, bizdə hələlik məhkumların birgə yaşayış üzrə həbsxanalar fəaliyyət göstərməkdədir, barak sistemidir. Əli Insanov 128 nəfərlik barakda yaşayır. Düzdür, orda on yataqxananın 10-nun cəmi 2-də döşəmə taxtadandır. Əli Insanov onların birində qalır. Amma xahiş edirdi ki, onu daha kiçik baraka keçirsinlər.

– Bildirmisiz ki, onunla bir sıra siyasi məsələləri müzakirə etmisiniz. Mövqeyi nədən ibarədir?
– Əli Insanov həbsdədir, ağır durumdadır. Ictimai fəalların, hüquq müdafiəçilərinin vəzifəsi bu insanların hüquqlarını qorumaqdan ibarətdir. Hüquqlarının pozulmasına səbəb olacaq hansısa addımlar atmamalıyıq. Sadəcə onu deyə bilərəm ki, bəli, bir saat ərzində geniş müzakirə aparmışıq. Fikir mübadiləsi olub, həm ölkədəki, həm beynəlxalq siyasi proseslərlə bağlı. Amma bunun təfərrüatı barədə mətbuata məlumat vermək istəmirəm. Çünki düşünürəm ki, mənim vəzifəm məhkumların, xüsusilə siyasi motivlə həbs olunanların hüquqlarını müdafiə etməkdir, bu hüquqları pozmaq deyil.

Fizzə